XƏBƏRLƏR

ADU-nun I kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

16 oktyabr, 2020

Azərbaycan Dillər Universitetində (ADU) birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib. Fakültə dekanları, kafedra müdirləri və universitetin digər professor-müəllim heyəti ölkənin qabaqcıl universitetlərindən biri olan ADU-nu seçdiklərinə görə tələbələrə, onların valideynlərinə və bu seçimdə dəstək olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

Görüş zamanı gənclərə ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullanın tələbə adını qazanmaqları münasibətilə onlara ünvanlanan təbrikləri çatdırılıb.

Universitetin peşəkar professor-müəllim heyətindən bəhs edən dekanlar tələbələrin etimadını doğrultmaq üçün daim ən yaxşısını edən ADU-da yüksək səviyyədə təhsil vermək üçün mövcud təhsil və tədris sistemi, kredit sistemi ilə tədrisin təşkili, fakültələrin və dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti, tələbələrin biliyinin qiymətləndirilməsi, daxili nizam-intizam qaydaları haqqında məlumat veriblər. Ali təhsil müəssisəsində imtahanların mərkəzləşdirilmiş qaydada təşkil olunduğu və ictimaiyyətə açıq keçirildiyi də vurğulanıb.

Görüşdə bildirilib ki, müvafiq kurslarda tələbələr tədris boyu nəzəri biliklərlə yanaşı, ixtisaslarına uyğun olaraq, istehsalat müəssisələrində praktiki biliklərə də yiyələnəcəklər. Distant və ənənəvi təhsil formalarından asılı olmayaraq hər bir tələbənin dərslərə ciddi yanaşması, onlar üçün yaradılan şəraitdən maksimum faydalanması tövsiyə edilib və təhsillərində uğurlar arzulanıb.

ADU-da həyata keçirilən yeniliklər barədə məlumat əldə etdikdən sonra yeni qəbul olunmuş tələbələr ali təhsil ocağındakı kafedralar, müxtəlif ölkələrin universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri, elmi-tədqiqat laboratiyaları, kitabxana, auditoriyalardakı müasir infrastruktur və tədris prosesində istifadə olunan ən müasir texnoloji imkanlar, asudə vaxtlarını daha səmərəli keçirmələri üçün Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən klubların fəaliyyəti ilə yaxından tanış olublar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. Görüş koronavirus (Covid-19) epidemiyasının yayılma riskinin olduğunu nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş zəruri göstərişlər əsasında sosial məsafə və gigiyena qaydalarının gözlənilməsi şəraitində keçirilib.

Qeyd edək ki, 2020/2021-ci tədris ilində ADU-ya qəbul göstəricisi 95,37 faiz olub, ümumilikdə təhsilin bakalavr səviyyəsi üzrə universitetin I kursuna 1607 nəfər qəbul olunub.