XƏBƏRLƏR

ADU-nun Rektoryanı şurasının növbəti iclası keçirilib

05 oktyabr, 2020

Azərbaycan Dillər Universitetində (ADU) Rektoryanı şuranın növbəti iclası keçirilib. Ali təhsil ocağının rektoru, akademik Kamal Abdulla Azərbaycan ordusunun cəbhədə qazandığı qələbələr münasibəti ilə universitet kollektivini təbrik edib. O, ordumuzun xalqımızı daha böyük qələbə xəbərləri ilə sevindirəcəyinə əminliyini bildirib: “İnanıram ki, qısa müddətdə Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə biz çoxdankı arzumuza, ümidimizə, niyyətimizə çatacağıq. Allah əsgərlərimizə, zabitlərimizə cansağlığı versin, Allah şəhidlərimizə rəhmət eləsin. Onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar”.

Daha sonra universitetin cari tədris prosesi, mövcud vəziyyətdə tələbələrlə ünsiyyətin qurulması, ADU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı və s. məsələlərlə bağlı müzakirə aparılıb. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatının qarşısını almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkə ərazisində internetin verilməsi məhdudlaşdırılıb.

Bunu nəzərə alaraq, Azərbaycan Dillər Universitetinin rəhbərliyi onlayn dərslərə qeyri-müəyyən müddətdə fasilə verilməsi haqqında qərar qəbul edib. Lakin buna baxmayaraq, universitet müəllimləri mümkün alternativ vasitələrdən – e-mail və digər vasitələrdən istifadə etməklə tələbələrlə onlayn ünsiyyətini davam etdirir, dərs materialları onlara göndərilir.

ADU-nun rektoru tərəfindən fakültə dekanlarına tapşırıq verilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciəti və dünya mediasına verdiyi müsahibələr, Dağlıq Qarabağın işğaldan azad olunması ilə bağlı həyata keçirilən əks-hücum əməliyyatları, işğalçı Ermənistan ordusunun mülki sakinlərimizi hədəfə alaraq törətdiyi cinayətlər və s. müxtəlif dillərə tərcümə edilsin, beynəlxalq birliklərə göndərilsin, mövcud sosial resurslarda  yayımlansın.  

Rektoryanı şurada o da vurğulanıb ki, Azərbaycan ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar indiki məqamda orduya hərtərəfli dəstəyi mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

Azərbaycan Dillər Universitetinin kollektivi Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 52 340 manat vəsait köçürüb.

Daha sonra ADU-nun Tədris məsələləri üzrə prorektoru professor Sevinc Zeynalova, Elmi işlər üzrə prorektor professor Novruz Məmmədov, Beynəlxalq Əlaqələr üzrə prorektor professor Jalə Qəribova müzakirə olunan məsələlər ətrafında fikirlərini bildiriblər.