XƏBƏRLƏR

Sosial həssas ailələrdən olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi müraciətlərinin qəbulu aktivləşdirilib

05 oktyabr, 2020

30 sentyabr 2020-ci il tarixindən Təhsil Nazirliyi tərəfindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə sosial baxımdan həssas ailələrin üzvü olan tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri (yarımili) üçün  təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  müraciətlərin qəbulu aktivləşdirilib. 

https://e-telebe.edu.az elektron portalı ilkin olaraq cari tədris (2020-2021-ci) ilində qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatının aparılmasına və oktyabrın 7-dən etibarən isə yuxarı kurs tələbələrinə münasibətdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətləri qəbul edir.

2019-2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən yuxarı kurs tələbələrinin 2020-2021-ci tədris ilinin payız semestri (yarımili) üçün  təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur.

Belə ki, həmin tələbələrin 2019-2020-ci tədris ilinin yaz semestri üçün sistemdəki müraciətləri 2020-2021-ci tədris ilinin payız semestri (yarımili)  üçün əsas götürülərək onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə müəyyən ediləcək.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq ilin birinci yarısında sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına müraciət etməlidirlər.

http://e-telebe.edu.az elektron portalı vasitəsi ilə cari tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatının aparılmasına dair müraciətlərin qəbulu cari ilin oktyabrın 7-dək, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq ilin birinci yarısında sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu isə cari ilin oktyabrın 7-dən 20-dək aktiv olacaq.