XƏBƏRLƏR

Xalq yazıçısı Kamal Abdullanın “Seçilmiş əsərləri”nin üçün­­cü cildi çap olunub

02 oktyabr, 2020

Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin üçün­­cü cildi çap olunub. Üçüncü cildə müəllifin müxtəlif illərdə yazdığı şeirlər, rus klassik şair­lə­ri­nin yaradıcılığından etdiyi tərcümələr, ədəbiyyatın və mədəniyyətin prob­le­matik aspektlərindən bəhs edən esselər və ölkəmizin teatr səhnələri ilə ya­naşı, xarici ölkələrdə də səhnələşdirilən pyeslər daxil edilib. 

Kamal Abdullanın şeirləri daha öncə “Qəribədi, deyilmi?!” (Bakı, BDU-nun mətbəəsi, 1998), “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002), “Nar çiçəkləri” (Bakı, Mütərcim, 2014), Alla Axundova tərəfindən rus dilinə tər­cü­mə edilərək “Господин дороги” (Москва, Риф Рой, 2004) kitab­ların­da çap edilib. Kamal Abdullanın  çoxcildliyini izləyən diqqətli oxucu bu şeir­lə­rin hansı məqamda hekayəyə, hansı məqamda romana, yaxud da pye­sə çev­rildiyini asanlıqla görüb duya biləcəkdir. Müəllifin şeirləri haqqında ədəbi tənqidçilər və məşhur şairlərimiz yüksək fikirlər söyləmişdir. Şeir­lə­rin və esselərin toplandığı “Господин дороги” kitabı Moskvada Yazıçılar İtti­faqında geniş müzakirə olunmuş, bu müzakirələrdə Rusiyanın tanınmış ədə­biyyatşünasları və yazarları iştirak etmişdir. Bu cildə daxil edilən şeir­lə­rin bəziləri bəstəkarlarımız tərəfindən unudulmaz nəğmələrə çevrilmiş, bəzi­ləri isə zaman-zaman Kamal Abdullanın pyeslərinin səhnələşdiril­mə­sin­də musiqi mətni kimi istifadə edilmişdir. Kitabda şeirlərin davamı kimi “Dədə Qor­qud” dastanının motivləri əsasında yazılmış kiçik poemalar veril­mişdir. Hər poema “Kitabi-Dədə Qorqud” dastanından bizə tanış olan hansısa qəh­rə­manın gizli və aşkar hisslərinin tərənnümünə həsr edilib.

Müəllifin kitaba daxil edilən rus poeziyasının “Gümüş dövrü” şair­lə­rin­dən etdiyi tərcümələr öncə “Gümüş dövrün sirləri” (Bakı, Mütərcim, 2001) adlı tərcümə kitabçasında çap olunub. Müxtəlif müəlliflərdən seçilən bu şeirləri birləşdirən ümumi cəhət antik motivlər, xüsusən mifik qəh­rə­man­ların əzablı taleyidir. Rusca orijinal mətnlərin də tər­cü­mələrlə bir yerdə kitaba daxil edil­mə­si­nin məqsədi oxucunun diqqətini tərcü­mə zamanı məzmunla birlikdə for­ma­nın da saxlanmasına yönəltmək­dən ibarətdir.

Kamal Abdullanın “Müəllif-əsər-oxucu” (Bakı, Yazıçı, 1985), “Əvvəl-axır yazılanlar” (Bakı, Yazıçı, 1990), “Yolun əvvəli və axırı” (Bakı, Azər­bay­can Dövlət nəşriyyatı, 1993), “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002), “300 azərbaycanlı” (Bakı, Mütərcim, 2007), “Düma ilə Coys arasında” (Bakı, Mütər­cim, 2016), “Mənim Füzulim” (Bakı, Mütərcim, 2019) kitablarında zaman-zaman çap edilmiş dünya və Azərbaycan ədəbiyyatının, ədəbiy­yat­şünas­lığının, həmçinin mədəniyyətin müxtəlif problemlərindən, ədəbi və mədəni proseslərdən bəhs edən esseləri sistemləşdirilərək bu cildə daxil edil­­mişdir. “Əvvəl-axır yazılanlar”, “Düma ilə Coys arasında”, “Mənim Füzulim” bölmələrində toplanan esselər oxucunu ədəbiyyatın və ümu­miy­yət­lə, sənətin müxtəlif məqamlarına səyahətə çağırır. Oxucu bu səyahətdə müxtəlif ədəbi sirlərə vaqif olur, ədəbiyyatın bizlərə ötürdüyü energiyanı açıq-aydın hiss edir, sənətin görükməz, amma var olan sərhədlərini görür, ayrı-ayrı sənət sahələri arasında mövcud olan multidissiplinar lağımları kəşf edir, uzaq-yaxın ədəbi simaları bizə bir qədər də doğma edir.

“Seçilmiş əsərləri”n üçüncü cildinə daxil edilmiş pyeslər müəllifin daha öncə çap edilmiş “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002), “Bir, iki – bizimki!” (Bakı, Mütərcim, 2003), “Casus” (Bakı, Mütərcim, 2004) kitab­ların­da işıq üzü görüb. Kamal Abdullanın bu pyesləri Əflatun Ney­mət­zadə tərə­findən türk dilinə tərcümə edilərək “Ruh” (Ankara, 2006) kita­bın­da, həm­çinin Azər Mustafazadə, Vaqif İbrahimoğlu, Gülnar Şıxəliqızı tərəfindən rus dilinə tərcümə olunaraq “Господин дороги” (Москва, Риф Рой, 2004) və “Все мои печали...” (Баку, Мутаржим, 2009) kitablarında da çap olunub. Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev, Əsgər Əsgərov,  Mikayıl Mika­yı­lov, Əlif Cahangirli, Gümrah Ömər və başqa məşhur rejis­sorlar Kamal Abdul­lanın müxtəlif pyeslərini ayrı-ayrı teatrlarda səhnə­ləş­dirmişlər.

Müəl­lifin “Kim dedi ki, Simurğ quşu var imiş?!” pyesi Azərbaycan sənət tari­xində ilk dəfə olaraq Gürcüstanda Rustaveli adına Gürcüstan Döv­­lət Akademik Dram Teatrında gürcü dilində, eyni zamanda Estoniyada eston dilində tamaşaya qoyulmuşdur.

Oxu­cu Kamal Abdullanın pyeslərində “Kitabi-Dədə Qorqud” qəh­rəman­larının, Şah İsmayıl Xətainin taleyinin ədəbi yozumu, mifoloji sim­vol­ların və xalq ədəbiyyatından gələn deyimlərin şifrəli kombinasiyaları ilə üz-üzə qalacaq. Teatrşünaslar və teatr xadimləri tərəfindən Azərbaycan teatr tarixində unikal hadisə kimi xarakterizə edilən bu pyeslər oxucu üçün paralel zaman və məkanlara səya­hət imkanıdır. Məhz bu xüsusiyyətlərinə görə böyük Azərbaycan akt­yo­ru və teatr xadimi Həsənağa Turabov Kamal Abdullanın pyeslərini belə dəyərlən­dir­miş­dir: “...Yaradıcılıq təcrübəmə söykənərək tam məsuliyyətimlə Kamalın dra­ma­turji düşüncə və üslubunu yeni əsr və minilliyin aparıcı meyli, tenden­siyası kimi qiymətləndirirəm”.

Kamal Abdullanın bu cilddə toplanan seçilmiş pyesləri müxtəlif illərdə Azərbaycanın ayrı-ayrı teatrlarında, həmçinin Gürcüstan və Esto­niya­da səhnəyə qoyulmuş, böyük tamaşaçı rəğbəti qazanmışdır.