XƏBƏRLƏR

"Bu, öz xalqını düşünən əsl lider yanaşmasıdır" - ADU kollektivinin şərhi

24 sentyabr, 2020

Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti Azərbaycan Dillər Universitetinin əməkdaşları tərəfindən şərh olunub. Həmin fikirləri təqdim  edirik.

Fikrət Cahangirov - Təhsil 1 fakültəsinin dekanı, Filologiya elmləri doktoru, professor: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti bütün təhsil ictimaiyyətinin böyük rəğbətinə səbəb olub. Prezident professor-müəllim heyətini, tələbələri və şagirdləri ürəkdən təbrik edərək 2020/2021-ci tədris ilinin pandemiya şəraitində başlanmasını xüsusi qeyd edib. Dövlət başçısı bəyan edib ki, bu il pandemiyanın törətdiyi fəsadlara baxmayaraq, 147 məktəbin tikintisi nəzərdə tutulub. Belə ki, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunub.

Cənab Prezident öz müraciətində ali məktəblər üçün yeni korpusların tikintisini də nəzərə çatdırıb. Belə ki, cəmi bir il ərzində 70 min kvadrat metr sahəsi olan yeni korpuslar tikilib.

Bildiyimiz kimi müəllim peşəsinə maraq bərpa olunub. Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmaqdadır. Bu müsbət tendensiya hər şeydən öncə Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi davamlı siyasətin məntiqi nəticəsidir. Qloballaşma şəraitində gənclərimizin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərimizin əməyini də dövlət başçısı xüsusi qiymətləndirib. Cənab İ. Əliyev qeyd edib ki, bizim uşaqlarımız, gənclərimiz ölkəmizi müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Bu mənada bilik, vətənpərvərlik, milli ruh, ləyaqət hissi xüsusi rol oynayır. Azərbaycanda yetişən gənclərin məhz bu yüksək meyarlara cavab verməsini də cənab Prezident İlham Əliyev təhsilimizin qarşısında duran ən mühüm vəzifə kimi xüsusi vurğulayıb”.

Rafiq Abbasov – ADU-nun Konfutsi İnstitutunun direktoru, professor: “Cənab Prezident İlham Əliyevin Bilik Günü münasibəti ilə xalqa təbrikini əsas tutan Konfutsi İnstitutu pandemiya dövründə yeni formatda tədrisin təşkil olunmasının tələbələrə verəcəyi uğurlardan bəhs edib. Görülmüş qabaqcıl tədbirlər nəticəsində təhsildə hiss olunan geriləmələr artıq vaxtında dəf edilmişdir. Təhsilə qoyulan vəsaitin həmçinin həmin ölkənin gələcəyinə, müstəqilliyinə və təhlükəsizliyinə qoyulan vəsaitə bərabər olduğunu vurğulayaraq, yaxın gələcəkdə Azərbaycanın büdcə xərcləri arasında təhsilə ayrılan xərclərin ön plana çəkilməsinə ümidvardır. Gələcəyimizin məhz bu günkü gənclərin təhsilindən şərtləndiyini əsas tutaraq bunun üçün gənclərin vətənpərvərlik ruhla, milli adət-ənənələrə sadiq qalmaqla savadlanmasına dəstək olunur. Tələbələr arasında bilik, ləyaqət, vətənpərvərlik ruhunun yüksək olması Azərbaycan xalqının heç kimdən asılı olmaması deməkdir. İqtisadi cəhətdən inkişaf edən Azərbaycan tam müstəqil siyasət aparmağı bacarır, buna dəstək olan xalqımız gələcək nəsilləri də bu ruhda tərbiyə etməlidir. Pandemiya müddətində xalqı bu bəladan qurtarmağa dəstək verərək, tələbələri yeni formatda tədrisə çağırır, müəllimlərin öz vəzifə borclarını şərəflə yerinə yetirəcəyinə, yaxın gələcəkdə ənənəvi tədris prosesinin bərpa olunacağına əmindir”.

Bənövşə Məmmədova - Filologiya üzrə fəlsəfə doktoru, Tərcümə fakültəsinin dekanı: “Məlum olduğu kimi, bu il yeni dərs ili fərqli başladı - pandemiya dövründə. Bunu nəzərə alaraq dərslər də yeni formatda təşkil olundu. Bu, ənənəvi tədris metodundan fərqlənsə də, təhsil infrastrukturunun müasirləşdirilməsi baxımından yüksək dəyərləndirilir. Bu isə o deməkdir ki, çətinliklərə baxmayaraq, ölkəmizdə təhsilin inkişafı prioritet olaraq qalmaqdadır.

Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində məhz bu məqama toxunaraq, pandemiya dövründə də məktəb tikintisinin davam etdirildiyini, təhsillə bağlı heç bir layihənin ixtisar edilmədiyini vurğulayıb. Bu da onu deməyə əsas verir ki, həyata keçirilən siyasətin əsasında insan kapitalının inkişaf etdirilməsi dayanır. Təkcə bu il ölkə ərazisində 147 məktəbin tikintisi nəzərdə tutulur. Həmin 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Xüsusi vurğulamaq lazımdır ki, artıq 17 ildir Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yeni məktəblər tikilir. Nəticədə yüksəkkeyfiyyətli məktəb fondu formalaşıb.

Təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Göründüyü kimi, Azərbaycan çətin pandemiya dönəmində də təhsil sahəsini diqqətdən, qayğıdan kənarda qoymadı”.

Sərraf Hüseynov - ADU rektorunun müşaviri: “Prezident İlham Əliyev bu il pandemiya ilə əlaqədar olaraq başladığımız qeyri-ənənəvi tədris ilində şagird və tələbələrin, həmçinin müəllimlərin üzərinə düşən böyük məsuliyyət və vəzifələrlə bağlı bütün təhsil ictimaiyyətinə müraciət ünvanladı. Öncə bu müraciətdə olan qayğıkeş yanaşma, xalqın sağlamlığının nəyin bahasına olursa-olsun qorunması diqqəti daha çox cəlb edir. Bu öz xalqını düşünən əsl lider yanaşmasıdır. Prezident öz nitqində sağlamlığın birinci şərt olduğunu vurğulamaqla yanaşı, təhsilə də böyük önəm verdiyini ifadə etdi və Azərbaycan təhsilinin məramını açıq şəkildə ortaya qoydu. Qeyd edilən nüanslar şagird və tələbələr, həm də müəllimlər üçün çox aydın faəliyyət planı ortaya qoymuş oldu. Prezident öz nitqində qeyd etdi ki, gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək.

Yüksək təhsillə yanaşı Prezident İlham Əliyev bir məsələni tədris prosesində heç zaman unutmamağı da bizlərə tövsiyyə etdi. Bu bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Müraciətdə bu işin ailələrimizlə bərabər, təhsil müəssisələrimizin də məsuliyyəti olduğunu bəyan etdi. Əgər belə olmazsa, bizi gözləyək təhlükələrin nədən ibarət olacağına diqqət çəkən Prezident uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumağın vacibliyini dilə gətirdi. O, mən bu şəkildə qurulan təhsil siyasətinin ölkəmizin gələcək müstəqillik yolunu şərtləndirəcəyini açıq şəkildə bildirdi.

Prezident İlham Əliyev Azərbaycan şagird və tələbələrində zamanın müasir tələblərinə cavab vermək üçün iki vacib komponentin olmasını tezis şəklində irəli sürdü, bunlardan biri təhsil, digər isə milli vətənpərvərlik ruhudur. Birinci Azərbaycan gəncini dünya gənci ilə rəqabətdə güclü edəcək, ikincisi isə onu bir azərbaycanlı kimi qlobal proseslərdə assimilyasiyadan qoruyacaq. Bu gün çalışdığım Azərbaycan Dillər Universitetində də bu iki məsələyə böyük önəm verilir. Tələbə, magistrant və doktorantlarımıza yüksək təhsil vermək, onları bacarıqlı, peşəkar mütəxəssis kimi yetişdirməklə yanaşı, Universitetimizdə iki ilə yaxındır ki fəaliyyət göstərən “Azərbaycanşünaslıq”, “Multikulturalizm” elmi tədqiqat laboratoriyaları tərəfindən keçirilən tədbirlər, dəyirmi masalar və görüşlərdə onlara vətənpərvər ruh aşılanır, azərbaycançılıq ideologiyası, dövlətimizin həyata keçirdiyi hərtərəfli siyasət də öyrədilir. Bunun müsbət nəticələri özünü onda göstərir ki, hazırda ADU-nun tələbələri Cocuq Mərcanlıda, Ağdamda, Füzulidə, Kəlbəcər, Laçın, Şuşa məktəblərində pedaqoji və istehsalat təcrübəsi keçmək, öz biliklərini vətənlərindən məcburi köçkün düşən şagirdlərimizə öyrətmək yolunda bir-biri ilə rəqabət aparırlar. Tələbələrimiz təşkil etdikləri vətənpərvərlik mövzusunda tədbirləri, aksiyaları, sosial şəbəkələrdəki fəaliyyətləri ilə daima ictimaiyyətin diqqətini öz üzərlərinə çəkməyi bacarır və bu məsələlərdə öz yoldaşlarına nümunə olurlar. Azərbaycan Dillər Universiteti milli vətənpərvər ruhlu peşəkar müəllimlərin, tərcüməçilərin, diplomatların yetişməsində hər zaman olduğu kimi bu gün də öz fəaliyyətini daha da genişləndirir və günün tələblərinə, dövlətin təhsil və gənclər siyasətinə uyğun şəkildə qurur”.

Zəhra Hüseynova- ADU Tələbə Həmkarlar İttifaqının sədri: “Günümüzün ən aktual problemi olan koronavirus pandemiyası dünyada mövcud olan bütün sahələrə ciddi təsir etdiyi kimi təhsil prosesinə də öz  təsirini göstərmişdir. Pandemiya yalnız dünya iqtisadiyyatının tənəzzülə uğraması ilə deyil, həm də təhsilin mənfi təsirlərə məruz qalması ilə nəticələnir. Ancaq hesab edirəm ki, dövlət başçımız tərəfindən görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsi aradan qaldırılıb. Heç şübhəsiz, koronavirus infeksiyası səbəbindən ölkəmizdə təlim və tədris prosesinin dayandırılması bütün ali təhsil müəssisələri üçün ənənəvi olmayan fəaliyyət mexanizminin tətbiqini zəruri etmişdir. Dövlət başçımızın pandemiyanın ilk günündən başlayaraq qəbul etdiyi təxirəsalınmaz qərarlar, habelə ciddi karantin rejiminin tətbiqi nəticəsində ölkədəki epidemioloji vəziyyət nəzarət altinda saxlanılması, bu da öz növbəsində karantin rejimindən mərhələli çıxmaq prosesinə münbit şərait yaratmışdır. Prezidentimizin çıxışı zamanı bildirdiyi kimi, ali təhsil müəssisələrinin pandemiya müddətində yaranmış vəziyyətlə bağlı təhsil müəssisələrində təhsilin onlayn tədris edilməsi tələbələrin distant təhsildən yararlanaraq tədris ilini başa vurması başlıca məqsədlərdən biri olmalıdır. Bu baxımdan qəbul olunmuş qanunlar və ölkədə İKT sahəsində aparılan uğurlu dövlət siyasəti prezidentimizin qayğı və diqqətinin biz gənclərin üzərində olmasının göstəricisidir. Sevindirici haldır ki, təhsilin davamlığının təmin olunmasını prioritet vəzifə kimi qəbul edən Azərbaycan ali təhsil müəssisələri bu prosesə çevik formada adaptasiya oldular. Qlobal pandemiyanın nəticələri onu göstərir ki, ali təhsil müəssisləri öz fəaliyyətlərində informasiya-kommunikasiya vasitələrindən istifadəyə önəmli yer verməli, daimi olaraq bu sahədə olan yeniliklərin tədrisdə təşkilini dəyərləndirməli, tədris və təhsillə bağlı olaraq elektron sistemlərdən istifadə vərdişlərini mütəmadi olaraq təkmilləşdirməlidirlər. Dünyanı cənginə alan COVİD-19 distant təhsili çox aktuallaşdırıb. Baş verən proseslər nəticəsində distant təhsil özünü yeganə və alternativsiz təhsil kimi göstərdi. Distant təhsilin olub-olmaması artıq müzakirə məsələsi deyil, distant təhsil artıq həyata vəsiqə qazanıb. Müzakirə olunmalı tək məsələ bu təhsil formasının, yəni distant təhsilin necə tətbiq olunmasıdır. Bu gün distant təhsilə deyil, distant təhsili tətbiq edə bilməyən ali təhsil müəssilərinə münasibət müsbət deyil. Pandemiya dövründə yaradılmış şərait və dövlət qayğısı təhsil işçilərini ruhlandırır, onları öz fəaliyyətlərinə daha yaradıcı olmağa çağırır. Prezidentimiz çıxışında da qeyd edib ki, Azərbaycan pandemiyanın ilk günündən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Dövlət başçımız onu da diqqətə çatdırıb ki, biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirimizin azalmasına baxmayaraq, məktəb tikintisini davam etdirdik, eyni zamanda, bir sosial layihə ixtisar edilməmişdir. Prezidentin müraciətindəki bu fikirlər bir daha göstərir ki, bəşəri təhlükə olan pandemiya dövründə də, sosial-iqtisadi çətinliklərlə üzləşdiyimiz bir şəraitdə də təhsil dövlət siyasətinin prioritet sahəsidir, ölkə rəhbərinin diqqət mərkəzindədir, dövlətin və əlaqədar qurumların tam nəzarətindədir. Təhsilin fasiləsizliyinin və davamlılığının təmini üçün mümkün imkanlardan istifadə olunur və bütün maddi və mənəvi resurslar səfərbər edilib”.