XƏBƏRLƏR

Ülvi Bünyadzadənin anadan olmasından 51 il ötür

22 sentyabr, 2020

Bu gün 20 Yanvar şəhidi, Azərbaycan Dillər Universitetinin tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 51-ci ildönümüdür. Ülvi Bünyadzadənin 50 illik yubileyi 2019-cu ildə ADU-da böyük hörmət və ehtiramla yad edilmişdi. Həmin tədbirdə çıxış edən universitetin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla demişdi ki, Ülvi Bünyadzadə hər zaman qəlblərdə, xatirələrdə yaşayacaq:

“Bizim əziz tələbəmiz, ömrünü vətən yolunda fəda etmiş Ülvi Bünyadzadə xatirələrə, insanların yaddaşına köçdü, onu tanıyanların və şəxsən tanımayanların yaddaşında yaşamağı başladı. Mən ona auditoriyada dərs demişəm, ünsiyyətimiz olub. Həqiqətən də insanlarda qəribə xüsusiyyət var. Onlar öz adlarını doğruldurlar. Ülvi həqiqətən də ülvi hisslərlə yaşayan, ülviliklə, təmizliklə dolu olan insan idi. Onun həmin qanlı yanvar günlərində şəhid olması, bəlkə də təsadüfi deyildi. Çünki Ülvi o ağır məngənədə sıxılıb yaşaya bilməzdi. O, çılğın, üsyankar, alovlu nitqlər söyləyən insan deyildi, sakit, başıaşağı, son dərəcə tərbiyəli, qəlbləri ovsunlayan oğlan idi. Gözəl şeirlər yazırdı. Biz sevinirik ki, Ülvi Bünyadzadə bu gün yalnız bizim yaddaşımızda yaşamır, bötüvlükdə xalqımızın yaddaşında yaşayır. Mən inanıram ki, onun ruhu bu gün şaddır. Çünki Ülvinin arzuladığı Azərbaycan bu gün var. Ülvinin yolunda canını fəda etdiyi vətən bu gün var. Ülvinin getdiyi yolla addımlayan, gedə bilən yüzlərlə, minlərlə, on minlərlə gənclərimiz bu gün var”.

Bu ilin yanvarın 17-də isə Azərbaycan Dillər Universitetində “525-ci qəzet”in təşkil etdiyi, Ülvi Bünyadzadənin 50 illiyinə həsr olunan vətənpərvərlik mövzulu şeir və esse müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirilib.

Hazırda ADU-da Ülvi Bünyadzadə auditoriyası fəaliyyət göstərir.

Universitetimizin kollektivi Ülvi Bünyadzadənin xatirəsini bir daha ehtiramla yad edir, ona Allahdan rəhmət diləyir.