XƏBƏRLƏR

ADU-nun rektoru tələbələri, magistr və doktorantları təbrik edib

15 sentyabr, 2020

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla yeni tədris ilinin başlaması münasibəti ilə rəhbərlik etdiyi universitetin tələbələrini, magistr və doktorantları təbrik edib.

Həmin təbrikin mətnini təqdim edirik.

Əziz tələbələr, magistr və doktorantlarımız! 

Ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri olan  Azərbaycan Dillər Universitetində  yeni tədris ilinin başlaması münasibəti ilə sizi və valideynlərinizi Universitet rəhbərliyi, professor-müəllim heyəti və bütün əməkdaşları adından təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Möhtərəm cənab Prezidentimiz İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllimlərə, tələbələrə və şagirdlərə müraciət edib, onları təbrik edib. Cənab Prezidentimizin müraciətindən bir hissəyə diqqətinizi çəkmək istərdim: “Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür.

Bildirməliyəm ki, Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər”.

Bu müraciət göstərir ki, hörmətli cənab Prezidentimiz mövcud karantin vəziyyətində Azərbaycan təhsilinə, elminə, tələbə və şagirdlərə, eləcə də müəllimlərə nə qədər böyük diqqət, qayğı ilə yanaşır. Cənab Prezidentimiz vətəndaşlarımızın sağlam gələcəyini hər şeydən üstün tutur. Eyni zamanda bu müraciət ölkə başçısının təhsilə, yüksək bilikli Azərbaycan gəncinin xoşbəxt gələcəyinə nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.

Əziz tələbələr, magistr və doktorantlarımız!

Mövcud resursları, beynəlxalq əlaqələri ilə inkişaf və yenilənmə mərhələsinə qədəm qoyan universitetimiz öz tələbələri, magistr və doktorantları ilə həmişə fəxr edib, onlar da doğma universitetlərini özləri üçün qürur mənbəyi sayıblar.

İnanıram ki, hər zaman olduğu kimi yeni tədris ilində də siz təhsil aldığınız universitetin adını hər yerdə uca tutacaq, yeni biliklər qazanmaq yolunda əzmlə çalışacaqsınız. Koronovirusla bağlı problemlərə görə dərslər məsafəli şəkildə olacaq. Əminəm ki, auditoriyada olduğu kimi məsafəli dərslərdə də yüksək fəallıq göstərəcək, məsuliyyətli olacaq, öz müəllimlərinizdən yeni-yeni bilikləri uğurla öyrənəcəksiniz.  

Hazırda ali məktəblərə ixtisas seçimi aparılır. Abituriyentlər doğru və perspektivli ixtisas seçməklə öz gələcək həyatlarının təməlini qoyur, həyatlarının yeni mərhələsini başlamağa hazırlaşırlar. Azərbaycan Dillər  Universitetini seçməklə onlar yüksək təhsil alacaq, özlərinə işıqlı gələcək quracaq, valideynlərinə sevinc və qürur yaşadacaqlar. Yeni tələbələrin gəlişi bizim sıralarımızın daha da genişlənməsi deməkdir. Onların hər biri ADU ailəsinin üzvünə çevriləcək, bu ali təhsil ocağının professor-müəllim heyətindən elmin və təhsilin sirlərini öyrənərək layiqli vətəndaş kimi yetişəcək, əmək bazarına lazım olan səriştələr qazanacaqlar.

Fürsətdən istifadə edib tələbə adı qazanacaq bütün abituriyentləri də təbrik edir, unudulmaz tələbə həyatında hər birinizə uğurlar arzu edirəm.