XƏBƏRLƏR

ADU-nun professoru Fikrət Aslanov vəfat edib

08 avqust, 2020

Azərbaycan Dillər Universitetinin Xarici dillər kafedrasının professoru Fikrət Aslanov 77 yaşında vəfat edib. O, doğulduğu Xaçmaz rayonunda torpağa tapşırılıb. Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivi Fikrət Aslanovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.

Alman dilçiliyinə böyük töhfələr verən, dərslik və monoqrafiyaların müəllifi olan Aslanov Fikrət Əlövsət oğlu 1943-cü il yanvarın 1-də Xaçmaz rayonunun Dədəli kəndində anadan olub. 1960-1965-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsinin Alman dilləri və Azərbaycan dilləri ixtisası üzrə təhsil alıb. 1965-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Xaçmazın Qusarçay və Dədəli kənd orta məktəbində alman dili müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1974-cü ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunda laborant, müəllim, baş müəllim, kafedra müdiri, dekan vəzifələrində çalışıb.

Elmi həyatı boyunca F.Aslanov Sankt Peterburq, Kiyev Dövlət Universitetinin, Almaniyanın Berlin şəhərindəki Humboldt Universitetinin, Münxen şəhərindəki Ludviq Maksimilians Universitetinin Fonetika və Dil Ünsiyyəti İnstitutunda elmi ezamiyyətdə olub və laboratoriyalarında elmi tədqiqat işlərini yerinə yetirib.

Fikrət Aslanovun 2 monoqrafiyası, 2 ali məktəb tələbələri üçün dərsliyi, alman dilinin ikinci dil kimi tədrisi ilə bağlı proqramları, o cümlədən 60-dan çox məqaləsi yerli və beynəlxalq jurnallarda çap olunub.