XƏBƏRLƏR

Azərbaycan xalqı və dövləti növbəti erməni məkrinə qarşı

14 iyul, 2020

Ermənistanda hakimiyyəti inqilab yolu ilə mənimsəyən və idarəetmə səriştəsi olmayan Nikol Paşinyan mövcud gərginlik şəraitində öz hakimiyyətini qorumaq üçün ən iyrənc yola əl atmaqdan belə çəkinmədi. Bütün beynəlxalq öhdəliklərə və müqavilələrə xilaf çıxaraq ölkəmizin sərhədlərinə hərbi müdaxilə gerçəkləşdirdi. İyulun 12-dən başlayan bu hərbi müdaxilənin əsas məqsədi Ermənistan əhalisinin diqqətini hakimiyyət böhranından və çökmüş Ermənistan iqtisadiyyatından yayındırmaq məqsədi daşıyır. Bununla N.Paşinyan həm dünyanın diqqətini ölkəsinə çəkmək, həm də öz hakimiyyət zamanını uzatmaq kimi iyrənc amalını gerçəkləşdirmək niyyətindədir. Hazırda erməni cəmiyyətində olan parçalanmanı məhz müharibə ilə pərdələmək və erməniləri hakimiyyət ətrafında birləşdirmək görülən bu işlər Azərbaycanın qətiyyətli addımları nəticəsində elə ilk addımlarda iflasa uğradı. Hazırda Ermənistanı bürüyən əsgər analarının etirazları hərbi itkilərini gizlətməkdə qərarlı olan Paşinyan hakimiyyətini daha ağır duruma saldı. Hətta Ermənistan hakimiyyətinin bu hiyləgər planından xəbər tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistanın müraciətinə baxmayaraq, Ermənistanın təhlükəsizliyi üçün toplanmaqdan vaz keçdi.

  Baş verən bütün bu təbəddülatlar fonunda öz müvazinətini itirməyən Azərbaycan dövləti istər pandemiya ilə mübarizə, istər ölkə sərhədlərinin təhlükəsizliyinin qorunması baxımından öz gücünü ortaya qoymaqdadır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişləri nəticəsində Azərbaycan ordusu Ermənistan ordusuna ağır zərbələr vurmuş və bu proses hazırda da davam etməkdədir. Bu elan olunmamış müharibədə Azərbaycan öz sərhədlərini böyük əzmlə qorumuş və düşmənə sarsıdıcı zərbələr endirmişdir. Ermənistan rəsmiləri itkilərlə bağlı susmağa davam etsə də, Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verən bütün prosesləri davamlı olaraq cəmiyyətin diqqətinə təqdim edir. Nazirliyin verdiyi açıqlamalar ölkə əhalisinin ruh yüksəkliyinə səbəb olmuş və bütün əhalini Qarabağın azadlığı naminə səfərbər etmişdir.

  Ali Baş Komandanın baş verən döyüşlərlə bağlı keçirdiyi Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər əhalimizi daha da ruhlandırmış və insanlarımızda qələbəyə inam yaratmışdır. Ali Baş Komandan qeyd etmişdir ki,  Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.

  Bu saatlarda da davam edən ağır döyüşlərdə Azərbaycan ordusunun generalı da, əsgəri də eyni səngərdə çiyin-çiyinə döyüşməkdədir. Zabitlərimizin, əsgərlərimizin vətən uğrunda gedən bu savaşda öz həyatlarını qurban verməsi Azərbaycan əhalisində düşmənə qarşı nifrət yaratmaqla bərabər, həm də hər bir kəsdə döyüşmək arzusu doğurmuşdur. Buna görə də insanlarımız aktiv döyüşlərin baş verdiyi nöqtələrə qədər gedərək hərbiçilərimizə dəstək nümayiş etdirmişlər.

 Azərbaycanın da üzv olduğu beynəlxalq təşkilatlar, xüsusən münaqişə ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupu baş verən proseslərlə bağlı hələ də susqunluq nümayiş etdirirlər. Bu təəssüf doğurur. Lakin Prezidentimiz cənab İlham Əliyev dəfələrlə vurğuladığı məsələnin həqiqət olduğuna artıq hər kəs əmin olub. Beynəlxalq təşkilatlar Azərbaycana münasibətlərində davamlı ikili standartlar ortaya qoyurlar. Bu gün də dövlət sərhəddimizə müdaxilə olmasına baxmayaraq, onların səssizliyi bunun əyani sübutudur.

 Biz əminik ki, bu günlər baş verən Azərbaycanın ərazi bütövlüyünə müdaxilənin Ali Baş Komandanımız İlham Əliyevin müdrik və düzgün qərarları nəticəsində tezliklə qarşısı qətiyyətlə alınacaq. Düşmən Ermənistan hakimiyyətinin xalqına yaşadacağı növbəti acınacaqlı vəziyyət onların təkcə hərb cəbhəsində deyil, beynəlxalq aləmdə də məğlubiyyətini labüd edəcək.

  Biz Azərbaycan gənci olaraq Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik. Dövlətimizin verəcəyi hər bir qərara sayğı duyaraq vətənimizin sərhədlərinin qorunması, itirilmiş torpaqlarımızın geri qaytarılması uğrunda bir nəfər kimi döyüşə hazırıq. Biz birlikdə güclüyük – bu gücümüz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün, təhlükəsizliyimizi qorumaq üçün kifayət qədərdir. Biz qələbəyə inanırıq!

 

Sərraf Hüseynov,

ADU rektorunun müşaviri,

ADU YAP təşkilatının sədri