XƏBƏRLƏR

ADU-nun rektoru Kamal Abdulla məzunları təbrik edib - MƏTN

09 iyul, 2020

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla rəhbərlik etdiyi universitetin məzunlarını təbrik edib. Həmin təbrikin mətnini təqdim edirik.

Əziz məzunlarımız!

Ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri olan  Azərbaycan Dillər Universitetinin məzunu  olmağınız münasibəti ilə sizi  Universitet rəhbərliyi, professor-müəllim heyəti və bütün əməkdaşları adından təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Sürətli inkişaf və yenilənmə mərhələsinə qədəm qoyan universitetimiz öz məzunları ilə  həmişə fəxr edib, məzunlarımız da doğma universitetlərini özləri üçün qürur mənbəyi sayıblar.

Universitetin qapıları məzunlar üçün həmişə açıqdır. İnanıram ki, harda olmağınızdan asılı olmayaraq, özünüzü hər zaman bu universitetin övladı kimi hiss edəcəksiniz. Müxtəlif universitetlərə ən yüksək balla qəbul olunmuş gənclərlə görüş zamanı  Ulu Öndər Heydər Əliyev, üzünü ali məktəb rəhbərlərinə tutaraq, demişdi: Bu gənclər mənim sizlərə əmanətimdir. Biz də, universitet kollektivi olaraq bu gün Ulu Öndərin əmanətinə sahib çıxırıq.

Universitet həyatı, ötən 4 il yuxu kimi gəlib keçdi. Siz müəllimləriniz üçün, müəllimləriniz də sizin üçün darıxacaq. Obrazlı desək, bu darıxmaq hissini məğlub etməyin bir yolu var: müəllimlərinizlə daima əlaqə saxlamaq, onların  xatirələrini əziz tutmaq. Unutmamaq ki,   hər bir tələbə də universitet üçün əzizdir.

Koronovirusla bağlı problemlərə görə məzun günü təşkil edib sizinlə üz-üzə, göz-gözə vidalaşa bilmədik. Bütün dünya, o cümlədən, ölkəmiz böyük bir xəstəliklə mübarizə aparır. Hər birimiz özümüzü və ətrafımızı qorumaqla bu mübarizədə Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının yanında olduğumuzu bir daha nümayiş etdirməliyik. Tədrisin dayandırılması, tədbirlərin təxirə salınması, əlbəttə ki, sizin hər birinizin sağlamlığı, xoşbəxt gələcəyi üçündür.

Və sonda nə demək istəyirəm? Siz təkcə auditoriyada mühazirələr dinləmədiniz, siz həm də ictimai fəallıq göstərdiniz, universitetin mənəvi iqliminin daha da saflaşması və zənginləşməsi işində nümunə oldunuz. Şübhəm yoxdur ki, tələbəlik illəri  həyatınızda gözəl xatirə kimi həmişə yaşayacaq. Ən əsası odur ki, Universitetə olan məhəbbəti Vətənə olan məhəbbətə,  Vətənə olan məhəbbəti isə  bəşəriyyətə olan məhəbbətə çevirməyi bacarasınız. Əgər sizin ürəyinizdə təkcə Azərbaycana yox, bütün dünyaya, insanlığa məhəbbət yarada bildiksə, işimizi uğurlu hesab edə bilərik. Mən sizə gələcək həyatınızda uğurlar, səadət arzulayıram. Əminəm ki, yeni iş yerlərinizdə böyük uğurlara imza atacaqsınız. Tələbə həyatı bitdi, yaşasın gənclik, yaşasın yaradıcılıq eşqi ilə dolu yeni bir həyat...