XƏBƏRLƏR

ADU-nun müəllimləri beynəlxalq sertifikata layiq görülüb

11 iyun, 2020

Dünyada baş verən hadisələr bir çox sahələrdə, xüsusilə, təhsil sahəsində onlayn tədbirlərin təşkil olunmasının nə qədər əhəmiyyətli olduğunu göstərdi. Artıq yaşadığın məkanı tərk etmədən, dünyanın aparıcı universitetlərinin təşkil etdiyi təlimlərdə iştirak edərək beynəlxalq sertifikatlara nail olmaq mümkündür.

Təlimdə innovasiyalar kafedrasının müəllimləri Türkan Abbasova və Aysel Səfərzadə onlayn şəkildə Amerikanın qabaqcıl universitetlərdən biri olan Arizona Universitetinin ingilis dili müəllimləri üçün təşkil etdiyi TESOL (Teaching English to Speakers of Other Languages) - (Digər dillərdə danışanlara ingilis dilinin tədrisi) adlı təlimi uğurla bitirərək beynəlxalq sertifikata layiq görülmüşlər.

Bir il (150 saat) davam edən təlim zamanı müəllimlər Arizona universitetinin professorlarının dərslərini dinləmiş və müxtəlif imtahanlarda iştirak etmişlər. Bununla yanaşı, il ərzində müəllimlər onlayn şəkildə silsilə dərslər hazırlamış və Arizona universitetinin ekspert-metodistləri tərəfindən bu dərslər izlənilmiş və yüksək rəy verilmişdir.

Dünyanın müxtəlif ölkələrindən təlimə qoşulan müəllimlər həmkarlarının dərslərinə qiymət verərək təcrübə qazanmaq şansı da əldə etmişlər.