XƏBƏRLƏR

ADU-nun professoru İndoneziyada Azərbaycan multikulturalizmi fənnini tədris edib

04 iyun, 2020

Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xaricdə tədrisi layihəsi çərçivəsində cari ilin fevral – aprel aylarında İndoneziyanın Qacah Mada Universitetində bu fənnin tədrisini davam etdirmişdir. 

 

30 akademik saatdan ibarət bu intensiv kurs Kulturologiya fakültəsinin tədris proqramına seçmə fənn kimi daxil edilmişdir. Bu fənn müxtəlif ixtisaslar üzrə təhsil alan I–III kurs tələbələrinin böyük marağına səbəb olmuş, böyük dinləyici toplamışdır. “Azərbaycan multikulturalizmi” fənni Qacah Mada Universitetində 2016-cı ildən tədris olunur.

 

Mühazirələr Azərbaycan multikulturalizminin tarixi, inkişafı, Azərbaycanda dövlətin multikulturalizm siyasəti, Azərbaycanın multikultural ölkə modeli kimi əldə etdiyi nailiyyətlər və s. mövzuları əhatə edir. Fevralın 26-da Xocalı soyqırımına həsr olunmuş dərsdə tələbələrə ermənilərin Azərbaycana qarşı təcavüzkar müharibəsi və Xocalı soyqırımı haqqında ətraflı məlumat verilmiş, soyqırım ilə bağlı çəkilmiş sənədli filmlər (“Khojaly genocide documentary”, İndoneziya dilində subtitrlərlə “Endless corridor”) nümayiş etdirilmişdir.

 

Koronavirus pandemiyası səbəbindən məşğələlərin bir hissəsi və yekun imtahan məsafədən təşkil edilmiş və bütün dinləyicilər kursu müvəffəqiyyətlə bitirmişdir.

 

Prof. H. Zərbəliyev Cokcakarta Dövlət Universitetinin dəvətilə burada Sosial elmlər fakültəsinin tələbələri və magistrantlarına da “Multikultural təhsil” fənni çərçivəsində “Azərbaycan multikulturalizmi” üzrə 10 mühazirə oxumuşdur.