İmtahanla bağlı verilən ən çox suallar və onların cavabı

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələrinin yaz imtahan sessiyası ilə bağlı ən çox verdiyi suallar və onların cavabları
Sual: Bütün fənlərdən imtahana giriş balımız olmalıdır?
Cavab: Bəli. Onlayn dərslərdə iştirak etməyib imtahana buraxılmaq istəyən tələbələrin giriş balları 34-50 bal aralığında təmin olunacaq.
Sual: İmtahanda iştirak etmək vacibdir?
Cavab: ADU-da yaz imtahan sessiyası 08.06.2020-ci il tarixindən 07.07.2020-ci il tarixinədək keçiriləcəkdir. İmtahanlar onlayn formada keçirilir. Müəyyən səbəblərə görə imtahan sessiyasında iştirak edə bilməyən tələbələrə onların fərdi müraciətləri əsasında cari ilin avqust – sentyabr aylarında imtahan təşkil edilir. İmtahandan öncə istəklərinə uyğun olaraq tələbələrə 3-4 həftə ərzində ödənişsiz icmal mühazirələr təşkil edilir.
Sual: İmtahanda hansı güzəştlər olacaq?
Cavab: Suallar azaldılıb, sadələşdirilib. Mövcud vəziyyəti nəzərə alaraq, tələbənin xeyrinə mümkün qədər güzəştlər olunacaq.
Sual: İmtahan komissiya tərəfindən götürüləcək?
Cavab: İmtahan fənni tədris edən müəllim tərəfindən götürüləcək.
Sual: Buraxlış işini təhvil verməsək olar? Bu bizim üçün problem olmayacaq?
Cavab: Bəli, olar. Heç bir problem olmayacaq. Tələbənin buraxılış işini (hər bir şəkildə -tamamlanmış və ya tamamlanmamış) təhvil verməsi könüllü xarakter daşıyır.
Sual: Yekun Buraxlış Dövlət imtahanı qiymətimiz necə hesablanır?
Cavab: Tələbənin 4 il ərzində aldığı qiymətlərin orta balı çıxarılır. Bakalavriat səviyyəsində tədris planını uğurla başa vurmuş tələbələr təhsil müddətində əldə etdikləri ÜOMG-nə uyğun olaraq attestasiyadan keçmiş hesab olunur.
Sual: Apellyasiya komissiyası olacaq?
Cavab. Bəli. Komissiyanın sədri ADU-nun rektoru akademik Kamal Abdullayevdir. Müraciətlərə operativ şəkildə reaksiya veriləcək.