XƏBƏRLƏR

Serbiyada “azərbaycanlıyam” deyəndə...

23 may, 2020

  Mən Ələkbərli Taleh 2018-ci ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinə qəbul olmuşam. Oxuduğum ixtisas Mərkəzi və Şərqi Avropa üzrə regionşünaslıq olduğundan, ADU-nun Serb dili və mədəniyyəti mərkəzində, dosent Lalə Məcidovanın tədrisi ilə serb dilinə, tanınmış slavyanşünas alim professor Cəlil Nağıyevin serb ədəbiyyatından apardığı mühazirələrini dinləməklə isə  həmin ölkənin mədəniyyəti haqqında biliklərimi genişləndirmişəm. Təhsil aldığım müddətdə Serbiya dövlətinin beynəlxalq ölçüdə hazırladığı təhsil proqramları ilə tanış olduqdan sonra 2019-cu ilin oktyabr ayında “Serbiyada sülh” proqramı çərçivəsində Azərbaycan Respublikasına ayrılan 2 təqaüd yeri üçün elan olunmuş müsabiqədən uğurla keçərək bu təqaüdlərdən birini qazandım. 2020-ci ilin yanvar ayında semestr imtahanlarını uğurla verdikdən sonra ADU-da olan təhsilimi dəyandıraraq Serbiya Respublikasına gəldim. Beş aydır ki, buradayam və sizə Serbiya ilə bağlı təəssüratlarımdan, bu ölkədə Azərbaycana qarşı olan fikir və yanaşmalardan bəhs etmək istəyirəm.

  Serbiyaya gəlməmişdən öncə bura gələcəyim zaman özümü yad bir yerdə, qürbətdə hiss edəcəyimi düşünürdüm. Bura gəldikdə dil fərqliliyi, insanlarda olan zahiri fərqlilik, eləcə də, ərazi və şəhər arxitekturasının özünəməxsus fərqliliyi qısa müddət olsa da məndə o hissi yaratdı. Bu hissin qısa müddətdə aradan qalxmağına səbəb isə serblərin istiqanlılığı, bir-birlərinə və xaricilərə olan qonaqpərvər, mehriban davranışları oldu. Əhalinin böyüyə və kiçiyə olan münasibəti, hər bir insana gülərüzlə və xüsusi həssaslıqla yanaşması artıq böyük bir səbəb idi ki, mən özümü müəyyən dərəcədə də olsa qürbətdə hiss etməyim.

 Əvvəllər məndə əsassız olaraq sıravi serb əhalisinin Azərbaycan haqqında heç bir məlumatı olmadığı fikri yaranmışdı. Bir müddət yerli əhali ilə olan danışıqlarımdan sonra bu fikrin səhv olduğu qənaətinə gəldim. Bu müddət ərzində kimə “Mən azərbaycanlıyam” dedimsə, qarşı tərəfdə hiss olunacaq dərəcədə əlavə bir mehribanlıq və üzündə bir təbəssüm müşayiət etdim. Bir gün bir kafedə oturduğum zaman kafedə olan işçi ilə qısa bir dialoqdan sonra, azərbaycanlı olduğumu öyrəndikdə “Azərbaycan qardaş ölkəmizdir” deyərək qonaqları olduğumu bildirmiş və israrlı bir şəkildə ödənişi almamışdı. Etiraf edim ki,  burada keçirdiyim 5 ay müddətində “azərbaycanlıyam” sözünə səmimi bir təbəssümlə və ya davranışla qarşılıq verməyən heç bir Serbiya vətəndaşına rast gəlmədim. Bütün bunların əsasında  Azərbaycan dövləti və hökumətinin, ölkə başçımızın eləcə də, bu ölkədəki səfirliyimizin Serbiyanın üzləşdiyi Kosovo probleminə münasibətdə tutduğu dəstəkverici mövqenin, dövlətimizin təşəbbüsü ilə Serbiyada həyata keçirilən müxtəlif humanitar layihələrin, ikitərəfli əlaqələrimizin dostluq və qarşılıqlı etimad əsasında qurulmasının dayandığı qənaətindəyəm.

Təəssüflər olsun ki, dünyada yayılan koronavirus infeksiyası mart ayından etibarən digər dövlətlər kimi Serbiyada da karantin rejiminin tətbiq olunmasına səbəb oldu. Karantin müddəti ərzində Serbiya dövləti mənə və digər xarici tələbələrə xüsusi diqqət və yardım göstərdi. Maska, əlcək və digər zəruri qorunma ləvazimatlarla təmin edildik. Bu müddət ərzində Serbiyadakı səfirliyimiz, “Azərbaycan dili və mədəniyyəti mərkəzi”nin əməkdaşları da mütəmadi şəkildə mənimlə əlaqə saxlayır və lazımi diqqət və qayğı göstərir, hər hansı bir problem yaranarsa, onlara müraciət etməyimi xahiş edir və hər zaman yanımda olduqlarını bildirirdilər.

Serbiya Respublikası haqqında toxunmaq istədiyim mövzulardan biri də bu ölkədə müşahidə etdiyim dini tolerantlıqdır. Ramazan ayının başlanması ilə əlaqədar burada olan müsəlman tələbələrin oruc tutmaları üçün müəyyən şəraitin yaradılması üçün təhsil aldığımız “Serbiyada sülh” təhsil proqramına müraciət etdik. Onların bu xahişimizi çox mehribanlıqla qarşılaması ilə Ramazan ayı boyunca hər gün iftar üçün ayrıca bir süfrə açıldı, oruc tutanlara qulluq etmək üçün axşam işləyəcək restoran heyəti ayrıldı, yeməklər hər birimizin istəyinə uyğun olaraq hazırlandı və sahur vaxtı yemək üçün qida paketləri paylandı. Ramazan ayının müəyyən müddətində karantin şərtlərinə görə restoranın axşam saatlarında bağlanmalı olmasına rəğmən xüsusi qrafik tətbiq edilməklə bu şərait bizə yaradıldı. Bu müddət ərzində müsəlman olduğumuzu bilən hər bir işçi heyəti, eləcə də qarşımıza çıxan vətəndaşlar Ramazan münasibəti ilə təbriklərini əsirgəmədilər.

Dövlətlərarası münasibətlərlə yanaşı, təhsil sahəsində də məhz ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə“güzgü” effekti olaraq Belqrad Universitetində “Azərbaycan dili və mədəniyyəti mərkəzi”nin, Azərbaycan Dillər Universitetində isə “Serb dili və mədəniyyəti Mərkəzi”nin açılması kimi möhtəşəm layihənin həyata keçməsinin, günümüzdə faydasını görənlərdən biri kimi özümü nümunə çəkə bilərəm. Bunun müqabilində Mərkəzi və Şərqi Avropa ixtisası üzrə mənə dərs deyən bütün müəllimlərimə onlardan öyrəndiyim biliklərə görə dərin minnətdarlığımı bildirirəm.