XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin 97-ci ildönümü münasibətilə onlayn tədbirlər keçirilib

11 may, 2020

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci  ildönümü ilə əlaqədar Təhsil 1 fakültəsi Polis Akademiyasının Elmi-tədqiqat şöbəsi ilə birgə onlayn elmi seminar təşkil edib. Elmi seminarı giriş sözü ilə ADU-nun Təhsil 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov  açaraq  Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında məlumat verib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.

ADU-nun Tədris işləri üzrə prorektoru, professor  Sevinc Zeynalova, ADU rektorunun köməkçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı, ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov, Polis Akademiyasının Elmi-tədqiqat şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Eyvazov və Polis Akademiyasının İctimai elmlər kafedrasının rəisi, polis polkovniki Rəhim Məcnunov elmi seminarda məruzələr ediblər.

Təhsil 1 fakültəsinin nəzdində olan kafedralar onlayn iclaslarını və bütün tədris qruplarında onlayn dərslərini Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci  ildönümünə həsr ediblər. Belə ki, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası may ayının 9-da onlayn iclas keçirib. Kafedranın müdiri, professor Sərxan Abdullayev çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin həyat və yaradıcılığından, onun Azərbaycan Respublikasının müstəqilliyi və inkişafı üçün gördüyü işlərdən danışıb. Kafedranın dosenti Sənubər Zeynalova “Azərbaycan və Almaniya arasında mədəni əlaqələrdə Heydər Əliyevin rolu”, baş müəllim Sevinc Məmmədova “Heydər Əliyev və Azərbaycançılıq”,  dosent Ulduz Aslanova “Ulu Öndərin Azərbaycan təhsilinə verdiyi töhfələr” və  baş müəllim Arzu Cabarova “Müstəqillik və Heydər Əliyev şəxsiyyəti” adlı mövzular üzrə  dərslər təşkil ediblər.

 Təhsil 1 fakültəsi nəzdindəki Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimləri ulu öndər Heydər Əliyevə həsr olunmuş çeşidli mövzularda dərslər keçmişlər.   Baş müəllim Şükürova Fəridə  317a/b qrupunda  “Heydar Aliyev and education “ mövzusunu tələbələrlə ingilis dilində müzakirə edib. Hüseynova  Könül müəllimə   “Heydar Aliyev and modern youth policy“ mövzusunda  dərs keçirib və gənclərimizin  əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli liderimiz Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətlərlindən danışıb. Baş müəllim Mürsəliyeva Elnarə 319a/b qrupu ilə “Heydar Aliyev and Azerbaijan sport “  mövzusunu müzakirə edib.

İngilis dilinin fonetikası kafedrasının əməkdaşları ulu öndər Heydər Əliyevin anadan  olmasının 97-ci ildönümü ilə əlaqədar  online dərslər keçirmiş və qruplarda söhbətlər aparmışlar. Kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Kifayət Alirzayeva Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdən danışıb, onun fədakar əməyinin və işgüzarlığının sayəsində Azərbaycan Respublikasının sürətlə inkişafından söhbət açıb.  Baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Cəvahir Yaqubova  ulu öndərin  20 Yanvar hadisələri ilə bağlı Azərbaycan SSR-nin Moskvadakı nümayəndəliyindəki çıxışı haqqında danışıb və onun faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi  yolunda həyata keçirdiyi tədbirlərdən geniş məlumat verib.

Pedaqogika kafedrasının əməkdaşları hər il olduğu kimi, bu il də Ümummilli liderin doğum  gününü tələbələrlə qeyd edib, bugünlər onun əziz xatirəsi tədris prosesində onlayn  təşkil olunan dərslərdə böyük hörmət və ehtiramla yad edilib.

Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qaziyevanın rəhbərliyi və kafedra üzvlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Zoom” proqramı vasitəsilə onlayn seminar keçirilib. Baş müəllim Səidə Orucova təşkil etdiyi onlayn dərsdə 101a qrup tələbələri ilə birgə Ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşmasını, Azərbaycan müəlliminə verdiyi önəmi onlayn müzakirə ediblər. Kafedranın digər əməkdaşı, baş müəllim Dinara Muxtarovanın 320 a və 320 b qruplarında təşkil etdiyi onlayn dərs Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunub.

İngilis dilinin leksikologiyası və üslubiyyatı 1kafedrasının əməkdaşları da ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərəfəsində onlayn dərslərdə dahi şəxsiyyətin  mənalı həyat yolundan , zəngin  və çoxşaxəli irsindən bəhs edən müxtəlif səpkili müzakirələr aparıblar.