XƏBƏRLƏR

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” konfransına dünya universitetlərindən tezislər daxil olub

10 may, 2020

5-6 may tarixlərində Universitetimizdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “H.Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda III beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulmuşdu. Lakin mövcud pandemiya şəraitində bu konfransın əyani şəkildə keçirilməsi mümkün olmadığından Universitet rəhbərliyi, müəllimlər və tələbələrin iştirakı ilə müxtəlif mövzularda onlayn müzakirələr və seminarlar keçirilib.

Konfransın email ünvanına kifayət qədər tezislər daxil olmuşdur. Tezislər arasında Universitetimizin əməkdaşları, Azərbaycanın digər universitetləri və elm ocaqlarından eləcə də xarici ölkələrdən olan müəlliflərin göndərdiyi tezislər olmuşdur. Ümumilikdə 55 tezis toplanmışdır. Bunlardan 20-si Universitetimizin əməkdaşlarının olmuşdur. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti,  Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının təqdim etdiyi  tezislər yüksək qiymətləndirilmişdir.

Xarici ölkələrdən daxil olan tezislərə  Özbəkistan Beynəlxalq İslam Akademiyası, Özbəkistan dil, ədəbiyyat və folklor İnstitutu, Rusiyanın bir neçə təhsil müəssisəsindən, o cümlədən, Samara Dövlət Sosial-Pedaqoji Universitetindən, Uzaq şərq xalqlarının  tarix, arxeologiya və etnoqrafiya institutundan, Volqa Dövlət Texnologiya Universitetindən tezislər daxil olmuşdur. Tbilisi Dövlət Universiteti, Rumıniyanın Yasski Universitetindən olan müəlliflər də konfransa tezis göndərmişlər.  

Daxil olan tezislər ADU-nun Elm şöbəsinin əməkdaşları tərəfindən toplu halına salınmış və yaxın günlərdə çapa təqdim olunacaqdır.