XƏBƏRLƏR

“Hər zaman diqqətinizi, qayğınızı hiss etmişik” – tələbələrdən rektora təşəkkür məktubları

05 may, 2020
“Hər zaman diqqətinizi, qayğınızı hiss etmişik” – tələbələrdən rektora təşəkkür məktubları

 

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullanın qərarına əsasən ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan tələbələr pandemiya ilə əlaqədar olaraq mart, aprel və may ayları üçün kirayə ödənişlərindən azad olunublar. Universitetin tələbələri və valideynlər rektor Kamal Abdullaya təşəkkür məktubları ünvanlayıblar. Həmin məktubları təqdim edirik.

 

Abasova Seyidaytəkin Nağı qızı (Magistr): 

“Hörmətli Kamal müəllim! Ümid edirəm, sağlamlığınız qaydasındadır. Bu məktubu sizə yazmaqda əsas məqsədim öz minnətdarlığımı bildirməkdir.  Siz bizim universitetə rektor gəldiyiniz gündən bir çox güzəştlər edərək ehtiyacı olan tələbələrə çox kömək etmisiniz. Bunun mən şəxsən şahidi olmuşam. Siz özünüz unutmuş olarsınız bəlkə, amma mənə etdiklərinizi hər zaman xatırlayacam və həmişə sizə minnətdarlıq hissi duyacam.  Bu gün daha bir xeyirxah əməlinizin şahidi olduq, eşitdik ki, aylıq ödənişlərdən azad olmuşuq. Bunun üçün sizə öz minnətdarlığımızı bildiririk. Mən artıq 5 ildir ki, yataqxanada qalıram və sizin bizim üçün etdikləriniz əvəzolunmazdır.

Hörmətli müəllim, sizə işlərinizdə bol uğur və sağlam can arzu edirəm“.

 

Hökumə Cabbarova:

“Hörmətli rektorumuz, təhsil aldığımız müddətdə daim sizin diqqətinizi, qayğınızı hiss etmişəm. Daima bütün tələbələrə eyni nəvazişlə yanaşmısınız. Hal-hazırda dünyamızın üzləşdiyi “COVİD-19” pandemiyası ilə bağlı verdiyiniz bütün diqqətli qərar və göstərişləriniz biz tələbələrə çox böyük dayaqdır. Universitetin yataqxanasında yaşayan tələbələri üç aylıq ödənişdən azad etməyiniz biz tələbələr üçün böyük köməkdir. Bu diqqət və qayğınıza görə sizə öz dərin minnətdarlığımı bildirirəm. Bir daha çox sağ olun”.

 

Aysel Məmmədova:

“Hörmətli Kamal müəllim, siz universitetin tələbələrinə sözün əsl mənasında ata qayğısı göstərmisiniz. İstər xoş günlərdə, istərsə də çətin günlərdə. Yataqxanada yaşayan tələbələri üç aylıq ödənişdən azad etməyiniz bizə böyük köməkdir. Bu diqqət və qayğıya görə sizə minnətdarıq”.

 

Filologiya fakültəsinin 328-ci qrup tələbəsi Sevinc Məmmədova:

“İlk öncə belə bir vaxtda bizi yaddan çıxarmadığı üçün Kamal müəllimə öz dərin minnətdarlığımı bildirirəm. Kamal müəllim nəinki bu gün, karantin rejimi başlayandan bu yana əvvəlcə ödənişlərin ödənilməsi prosesini yumşaltdı, daha sonra ADU THİK yataqxanaya 1 aylıq ərzaq payı gətirərək, biz tələbələri sevindirdi. Daha sonra karantin dönəmində THİK tərəfindən maddi durumu zəif olan 110 tələbənin hər birinə 50 manat yardım köçürüldü.

Bildiyimiz kimi yollar bağlı olduğundan bir çox tələbələr rayonlara qayıda bilmir, vəziyyətimiz xeyli çətinləşmişdi. 3 aylıq ödənişdən azad olunma isə həqiqətən də çox gözəl, təqdirə layiq addımdı. Kamal müəllim həmişə tələbələrin yanında olub, onlara dəstək olub, belə bir vəziyyətdə bizi unutmadığı üçün minnətdaram! Hər universitetin belə bir rektora ehtiyacı var!”.

 

Valideyn Lalə Kərimova:

“Çox  hörmətli Kamal müəllim, övladımın Sizin universitetdə təhsil aldığı ilk gündən bir rektor olaraq tələbələrinizin qayğısına necə qaldığınızın şahidi olmuşam. Universitetin rəsmi səhifələrindən görürük ki, daima tələbələrinizin yanında olub, onlara bir ata kimi qayğı göstərirsiniz.  Mənim övladım Sizin universitetin 2 saylı yataqxanasında qalır. Onun yataqxanada yerləşdirilməsində universitetin THİK-nin sədri Şahin Sərdarlının böyük əməyi olmuşdu. Bu bir il ərzində yataqxananın komendantı Sevinc xanım tələbələrin üzərindən öz sevgisini, qayğısını əsirgəməmişdir. Onlara bir ana məhəbbəti göstərmişdi. Yataqxanada yaşayan bütün tələbələrin 3 aylıq ödənişdən azad etməyiniz bir valideyn kimi bizə də böyük köməkdir. Bunun üçün valideynlər adından, şəxsən öz adımdan Sizə çox təşəkkür edirəm”.

 

 Yusifli Lalə:

“Hörmətli Kamal müəllim, dünyamızın pandemiyadan əziyyət çəkdiyi bir vaxtda Azərbaycan xalqının həmrəy olduğuna bir daha sizin timsalınızda şahid olduq. Bu çətin vaxtda universitet yataqxanasında qalan tələbələrin 3 aylıq ödənişdən azad olunması sizin hər zaman tələbələrin yanında olduğunuzu bir daha sübut etdi. Mən özüm və yoldaşlarım adımdan sizə və hər zaman qayğımızı çəkən əziz komendantımız Sevinc xanıma dərin minnətdarlığımı bildirirəm. Sizin qayğınız və diqqətiniz bizim üçün çox dəyərlidir. Çox sağ olun”.

 

 Əlizadə Zeynəb:

“Mən birinci kurs tələbəsi kimi demək istəyirəm ki, universitetdə təhsil aldığım bu müddətdə sizin sayənizdə hamıdan doğmalıq görmüşəm. ADU-ya qəbul olmazdan əvvəl sizin öz tələbələrinizə necə qayğı göstərdiyiniz, onlara hər daim kömək etdiyiniz haqqında eşitmişdim. Bu qısa zaman ərzində  mən də bir ADU tələbəsi kimi sizin qayğınızı, dəstəyinizi həmişə hiss etdim. Siz hər zaman tələbələriniz üçün ən yaxşısını edir, gələcəkdə Azərbaycanın, ADU-nun adını ucaltmaları üçün vacib tədbirlər görürsünüz. Mənim universitetdə təhsil ala bilməyimdə sizin böyük rolunuz var. İlk gündən sizin qayğınızı, dəstəyinizi hiss etmişdim və sizin sayənizdə ADU-nu daha çox sevmişdim. Bu günlərdə verdiyiniz qərarlar həqiqətən də alqışa layiqdir. Bunların arasında universitetinin yataqxanasında yaşayan tələbələri üç aylıq ödənişdən azad etməniz də var. Verdiyiniz bu qərar biz tələbələr üçün böyük köməkdir. Hər zaman bizim yanımızda olduğunuza, dəstəyinizi, qayğınızı heç əksik etmədiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm”.