Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası onlayn «dəyirmi masa» təşkil edib
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi dekanlığının və Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə "Soyqırım: tarixin acı reallıqları, səbəblər və nəticələr" mövzusunda onlayn “dəyirmi masa” təşkil edilib. Tədbirdə fakültə dekanı dosent İbrahim Kazımbəyli, rektorun müşaviri Sərraf Hüseynov, kafedra müdirləri, əməkdaşlar və tələbələr iştirak edib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri vəzifəsini icra edən dosent Qorxmaz Mustafayevin moderatorluğu ilə keçən tədbirdə Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə hər il qeyd edilən 31 mart “Azərbaycanlıların Soyqırımı Günü”nün siyasi əhəmiyyəti diqqətə çatdırılıb, tariximizin qaranlıq və faciəli dönəmləri müzakirə edilib, xalqımıza qarşı törədilən qırğınların səbəb və nəticələrinə münasibət bildirilib.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli soyqırım tarixinə, həmin dövrün siyasi hadisələrinə, beynəlxalq vəziyyətə aid geniş çıxış edib. Çıxışda Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin xalqımızın tarixində baş vermiş hadisələrə verdikləri siyasi qiymət, xüsusi önəm diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən rektorun ictimai məsələlər üzrə müşaviri Sərraf Hüseynov keçirilən onlayn tədbirin belə bir zamanda əhəmiyyətli olduğunu qeyd edib, xalqımıza qarşı törədilən soyqırımda xalqımızla çiyin-çiyinə olan digər etnosların da erməni-daşnak vəhşiliklərinin qurbanı olduqlarını və onu həmişə diqqətdə saxlamağı tövsiyə etdi.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “Mart hadisələri ərəfəsində ictimai siyasi vəziyyət”ə həsr olunmuş çıxışında dövrün ictimai-siyasi vəziyyətini, ermənilərin planlı şəkildə xalqımıza qarşı törətdikləri vəhşilikləri arxiv sənədləri əsasında diqqətə çatdırdı. Dosent Namiq Kərimov “Mart soyqırımı, tarixi və hüquqi aspekti” mövzusunda çıxışında bolşevik və daşnak qüvvələrinin xalqımıza qarşı törətdikləri cinayət haqqında məlumat verdi, Cümhuriyyət dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının materialları əsasında toplanmış 36 cildlik 3500 səhifəlik faktiki sənədlərin Paris Sülh konfransına göndərilməsindən, xalqımıza qarşı törədilən soyqırım cinayətinə verilən hüquqi qiymətdən danışdı. Baş müəllim Hüseyn Əsgərov 1918-ci ildə baş vermiş hadisələri babasının xatirələri əsasında bir ailənin faciəsini təsvir etdi. Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova xalqımıza qarşı törədilən soyqırımın Azərbaycan dövləti tərəfindən dünyada tanıtdırılması istiqamətində görülən işləri faktlar əsasında qeyd etdi, Xocalı soyqırımının bir çox dövlətlər və ABŞ-ın ştatları tərəfindən tanınması məsələsinə aydınlıq gətirdi. Müzakirələrdə dosent Sevdagül Əliyeva, dosent Asif Abbasov, dosent Bəhmən Əliyev, baş müəllim Qəribə Əlizadə və digər fakültə əməkdaşları fəal iştirak edib.
Tədbir iştirakçıları indiki pandemiya dövründə Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirləri alqışladılar, dövlətçiliyə sadiq olmağı, baş vermiş hadisələrdən ibrət dərsi götürməyi, müstəqil dövləti bütün varlıqları ilə qorumağı gənc nəslə-tələbələrə tövsiyə etdilər.