Arye Gut ilə video-görüş
27 aprel 2020-ci ildə İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Gut ilə ADU-nun İsrailşünaslıq ixtisası üzrə müxtəlif fənləri tədris edən müəllimləri arasında video-görüş keçirildi. Görüşdə İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin baş mütəxəssisi Emiliya Xudiyeva, mərkəzin mütəxəssisi Günay Səfərova, Regionşünaslıq kafedrasının müəllimləri Bəyim Abdulla, Hökumə Abbasova, Nigar Əsgərova, Günay Feyziyeva və Harun Sadıqlı iştirak etdilər. Video-görüşdə müzakirə olunan əsas mövzu dünyanı əhatə edən mövcud “Pandemiya ilə mübarizəyə İsraildə yanaşma” idi. Burada əsas məqamın insanların məsuliyyəti olduğunu vurğulayan Arye Gut İsraildə hər kəsin bu məsələyə çox ciddi yanaşdığını və vəziyyətin məsuliyyətini dərk etdiyini dedi. Çölə çıxarkən hər kəsin maska taxdığını və insanların öz aralarında məsafəni qoruduğunu vurğulayan ekspert təxminən avqust ayında vəziyyətin daha normal olacağını qeyd etdi. O, qeyd etdi ki, İsraildə əhali mart ayının 2-dən artıq karantindədir və məsələnin ciddiyyətini qəbul edir. Eyni zamanda, bütün dünyada olduğu kimi, burada da əsas zərbənin yaşlı əhaliyə dəydiyini söyləyən Arye Gut artıq İsrailin optimizmə doğru getdiyini və karantinin İsrailin Müstəqillik günündən sonra, daha dəqiq mayın 4-dən etibarən daha da yüngülləşəcəyini açıqladı. O, qeyd etdi ki, İsrail pandemiyaya qarşı mübarizəni demək olar ki, düşmənə olan mübarizə kimi qarşıladı. Ona görə də İsrail daha hazırlıqlı idi və bu məsələdə daha optimist düşünür. Belə ki, o, əslində bugünün, yəni aprelin 27-nin Müstəqillik uğrunda İsrailin “Həlak olan Əsgərləri və Terror Qurbanlarının Anım Günü” olduğunu, lakin insanların mövcud vəziyyətlə əlaqədar qəbir üstünə belə getmədiklərini açıqladı. Yəni, istənilən halda sağlamlıq hər şeydən üstün tutulur.
Online şəkildə tədrisdən söz açan ekspert bunun gözlənilən dərəcədə effektiv olmadığını və həm müəllimlər, həm də tələbə və şagirdlər üçün müəyyən problemlər yaratdığını da vurğuladı. Virusa yanaşma məsələsini Azərbaycan ilə müqayisə edən Arye Gut burada insanların bu mövzuya necə yanaşmasından söz açdı və qeyd etdi ki, əgər insanlar bu məsələdə çox ciddi və tədbirli olsalar, bunun öhdəsindən daha asanlıqla gələ bilərlər. O, qeyd etdi ki, İsraildə insanlar hökümətin qoyduğu bütün qadağa və göstərişlərə ciddi əməl edirlər. Azərbaycandan fərqli olaraq İsraildə mesajla icazə sisteminin olmadığını, lakin insanların yaşadıqları ərazidən yalnız 500 metrə qədər uzaqlaşa biləcəyini də qeyd etdi. İnsanlar çölə çıxmaqda sərbəst olsalar da, bunun məsuliyyətini də dərk edirlər. Sosial baxımından sistem elədir ki, dövlət bütün işlərə yardım edir və bu istiqamətdə işləməyən əhali də nəzərə alınıb. Belə ki, Bituax Leumi fondu işləməyən insanlara ayda 1500 dollara qədər maddi yardım edir. Əsas məsələnin karantinin yumşadılmasından sonrakı mərhələdə onun ikinci dalğasının gəlməsini önləməkdir. İnsanlar bu məsələdə daha ciddi və məsuliyyətli olmalıdır.
Görüş əsnasında Azərbaycanla İran sərhədinin açılması mövzusuna toxunan ekspert, Azərbaycanın bu mövzuda həssas və diqqətli olmasını istədi. Ölkələrarası ticarət əlaqələri nə qədər vacibdirsə, insan sağlamlığı ondan daha vacibdir deyə bu məsələyə yanaşmada öz fikrini qeyd etdi. Azərbaycanın İsrail üçün ən yaxşı strateji tərəfdaş olduğunu deyən Arye Gut İsrailin ən nüfuzlu qəzeti olan “Jerusalem Post” qəzetində tez-tez Azərbaycanla, Dağlıq Qarabağ məsələsi ilə bağlı yazılar paylaşdığını bildirdi. O qeyd etdi ki, adı çəkilən qəzet İsrailin hökümət orqanları tərəfindən oxunan qəzet olduğundan məhz bu qəzetdə Azərbaycanla bağlı reallıqları diqqətə çatdırmaq vacibdir.
Bundan başqa, o bildirdi ki, bu ilin mart ayında Holon Texnologiya İnstitutu, “İsraildə Azərbaycan Evi” və Heydər Əliyev Fondunun birgə iştirakı ilə İsraildə "Azərbaycanın geosiyasi reallığı və Cənubi Qafqaz: tarix və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib. "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində keçirilən konfrans Heydər Əliyev Fondu tərəfindən təşkil edilib. Konfransda İsrailin siyasi partiyalarının nümayəndələri, o cümlədən Yerusəlimin sabiq meri, hakim "Likud" Partiyasından deputat Nir Barkat və deputat Keti Şitrit, "İsrail – Evimizdir" Partiyasından deputatlar Yevgeni Sova və Mark İfraimov, habelə Holon şəhər merinin müavini, bakılı Mixail Sutovski, Absorbsiya Nazirliyinin baş alimi, Avrasiya Yəhudi Konqresi nəzdində Strateji Araşdırmalar Mərkəzinin başçısı, Ariel Universitetinin professoru Zeyev Hanin, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, hüquq doktoru, ravvin Mixael Finkel, Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə, Holon Texnologiya İnstitutunun tələbə və müəllim heyəti, israilli jurnalistlər, Azərbaycan icmasının üzvləri iştirak ediblər. Konfransda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut, Holon Texnologiya İnstitutunun prezidenti Eduard Yakubov, Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə, israilli deputatlar və digər rəsmi şəxslər, Xocalıda dəhşətli soyqırımı aktının canlı şahidi Əsəd Fərəcov və başqaları çıxış ediblər.
İsraildə yaşayan Azərbaycan diasporası məsələsindən söz açan Arye Gut bu istiqamətdə daim ciddi addımların atıldığını, lakin bunun daha da gücləndirilməsinin lazım olduğunu vurğuladı. Sonda müəllimlərin ona ünvanladığı sualları cavablandıran ekspert görüşdən məmnun olduğunu ifadə etdi.