ADU-da “Hüseyn Cavid və milli ideya” mövzusuna həsr olunmuş dəyirmi masa təşkil olunub
Martın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyəti (TEC) və Azərbaycan ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibəti ilə “Hüseyn Cavid və milli ideya” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə universitetin professor-müəllim heyəti, dekanlar və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Lamiyə Muğalova H.Cavidin yaradıcılığından danışıb. O, Hüseyn Cavidin XX əsr Azərbaycan ədəbiyyatının yetişdirdiyi nadir ustadlardan olduğunu vurğulayaraq, xalqın mənəvi yaddaşında silinməz izlər buraxdığını qeyd edib. Azərbaycan Ədəbiyyatı kafedrasının əməkdaşları və TEC-in üzvləri məruzələrlə çıxış ediblər.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan H.Cavidin milli romantik şeirin və mənzum faciənin banisi olduğunu qeyd edib. H.Cavid sənətinin janr və forma cəhətdən zənginliyindən bəhs edən S.Hüseynov onun əsərlərinin daim yaşayacağını, görkəmli dramaturqun həmişə yaddaşlarda qalacağını bildirib.
Sonda tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıblar.