XƏBƏRLƏR

“Bir günlük xəlifə”, bir ömürlük təəssürat

15 dekabr, 2017
ADU-nun möhtəşəm layihəsi tələbələrin yaddaşında silinməz izlər qoyub İnsanın həyatında elə anlar olur ki, xoş təəssüratları, unudulmaz hadisələri, sevinc və həyəcanı ilə yaddaşında silinməz izlər buraxır. Bəli, obrazlı desək, bəzi insanlara əsrə bərabər günlər yaşamaq nəsib olur. Kənardan nəzər yetirsən, məhz həmin günlərdə fəxarət hissi ilə həyəcanın sintezindən yaranan üz ifadəsini müşahidə edə bilərsən həmin insanın simasında. 13 dekabr tarixində Azərbaycan Dillər Universitetində haqqında danışdığım üz ifadəsinin bir sıra tələbənin simasında əks olunduğunun şahidi oldum. Bunun da təbii bir səbəbi var idi əlbəttə ki. Çünki universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tərəfindən irəli sürülən “Bir günlük xəlifə” layihəsi ADU-da ilk dəfə həyata keçirilirdi. Layihədə tələbələr tərəfindən səsvermə yolu ilə seçilən namizədlərin bir gün ərzində universitetin rəhbər vəzifələrinin icraçısına çevrilməsi, tutduqları vəzifənin onlara verdiyi səlahiyyətlərə tamhüquqlu sahib olması nəzərdə tutulur. Bu layihə ilə tələbələr bəlkə də illər sonrakı arzularını həmin tarixdə bir günlük də olsa gerçəkləşdirmə şansı qazanmışdılar. Demək olar ki, hər gün dərsə idman üslubunda geyimlə gələn tələbələr bu gün vəzifənin tələblərinə görə rəsmi geyimdə gəlmişdilər. Hər birinin də sinəsindən bir günlük vəzifəsinin icraçısı olduğuna dair vəsiqə asılmışdı. Həmin vəsiqənin səliqəli şəkildə qalmasına, onun üzərindəki məlumatın görünməsinə bir ayrı diqqət yetirir, sanki onu xüsusi qayğı ilə qoruyurdular. Deyirlər hər şeyin ilki daha maraqlı və yaddaqalan olur. Biz də bu layihənin ADU üçün bir ilk olduğunu nəzərə alaraq gənc rəhbərliyin təəssüratlarını onların öz dilindən eşitmək qərarına gəldik və fikirlərini öyrənmək üçün iş otaqlarına yollandıq. Yolumuzu ilk olaraq rektorun qəbul otağından saldıq. “Biz özümüz də tələbə olduğumuz üçün tələbələrin problemlərini rəhbərlikdən daha yaxşı bilirik” Ölkəmizin təhsil sistemində özünəməxsus yer tutan Azərbaycan Dillər Universitetinə rəhbərlik etməklə bağlı təəssüratlarını xəlifə rektor Nicat Aşurov belə ifadə edir: “Demək olar ki, bütün gecə “sabah necə olacaq, nələr edəcəm”-deyə düşünmüşəm. Seçim mərhələsindən başlayan həyəcan hələ də davam edir, çünki qanun çərçivəsindən kənara çıxmayaraq qərarlar vermək lazımdır. Eyni zamanda səsvermələr zamanı platformamız haqqında danışarkən tələbələrə müəyyən sözlər vermişik. Çalışmalıyıq ki, verilən vədləri elə yerinə yetirək ki, həm tələbələr,  həm də rəhbərlik bizdən razı qalsın”. Gənc rektor, həmçinin səsvermə prosesindən və layihənin mahiyyətindən danışır: “Bu günün önəmi vəzifəyə gəlmək yox, tələbələrə yönəlmiş normal qərarlar verməklə bağlıdır. Biz özümüz də tələbə olduğumuz üçün onların problemlərini rəhbərlikdən daha yaxşı bilirik. Bu mənada elə qərarlar verməliyik ki, onlar qanuna zidd olmasın və biz növbəti gün universitetə tələbə kimi qayıdarkən həmin qərarlardan dolayı çətinliklər yaşamayaq”. “Rəhbərliyin günlərlə gördüyü işi biz bir gün ərzində görməliyik, bu baxımdan bu gün ağır və məsuliyyətli olacaq”-deyən xəlifə rektor tələbələrə xüsusi tövsiyələr də ünvanlayır. O bildirir ki, tələbələr yüksək vəzifələrə can atmasınlar, çünki bu işin məsuliyyəti çox ağırdır. Hiss olunur ki, bir neçə saatdır işə başlamasına baxmayaraq, üzərindəki məsuliyyət ağırlığı hələ də keçməyib. Rektor sonda tələbələrə təhsillərində uğurlar arzulayır. Növbəti ünvana gəlmişik. Universitetin ikinci mərtəbəsində yerləşən Tədris işləri üzrə prorektorluq otağının qarşısında dayanmışıq və müsahibə almaq üçün razılıq gözləyirik. “Biz bu işin məsuliyyətini artıq səsverməyə hazırlaşan vaxtlardan dərk edirdik” “Bir günlük xəlifə” layihəsinin seçimlərində ADU-nun Tədris işləri üzrə prorektoru vəzifəsinə seçilən Oruc Nəsirov prorektorluğun gündəlik iş planları ilə bağlı fikirlərini bölüşür: “Biz səsvermə prosesində artıq bu işin məsuliyyətini dərk edərək hazırlaşmağa çalışırdıq. İşin ağırlığını elə günün ilk saatlarından hiss etməyə başladıq. Artıq bir neçə tələbə müəyyən təklif və şikayətlərlə müraciət edib. Təbii ki, müraciətlərin hamısına baxılacaq və günün sonunda rektorluqda müəyyən qərarlar verməyə çalışacağıq. Biz bu gün kafedra müdirləri ilə də görüşlər planlaşdırmışıq ki, tələbələrin şikayətləri və mövcud olan çatışmazlıqları onlara bildirək. Düşünürəm ki, bu, həm tədrisin keyfiyyətini artıracaq, həm də universitetin digər ali təhsil müəssisələri ilə müqayisədə nüfuzunu yüksəldəcək”. Universitetin xəlifə mətbuat katibi Şahin Sərdarlıya Elmi işlər üzrə prorektor vəzifəsini bir günlük icra edən Səma Məmmədzadənin də fikirlərini öyrənmək istədiyimizi bildiririk. Bir neçə dəqiqədən sonra  biz prorektorun qarşısında oturmuşuq və ona suallarımızı ünvanlayırıq. “Doğrusu, bu,  mənim üçün əvəzolunmaz hissdir” Səma Məmmədzadəyə “Bu günə qədər tələbə kimi gəldiyiniz universitetə bu gün rəhbər vəzifənin icraçısı kimi gəlmək necə hissdir?” -deyə  sual ünvanladıq. Gənc xanım prorektor təəssüratlarını böyük şövqlə ifadə edir. O, deyir ki, bu, əvəzolunmaz hissdir:  “Bu günə qədər tələbə kimi gəldiyim universitetə bu gün rəhbər vəzifənin icraçısı kimi gəlmək, doğrusu, mənim üçün əvəzolunmaz hissdir. Çünki biz bu pilləyə gələnə qədər müəyyən bir yoldan keçməli idik, amma bizə pillələri birbaşa qalxmaq şansı verildi. Tələbə kimi bizə bu vəzifəni icra etmək asan görünür, amma baxış bucağımız fərqli olduğundan işin rəsmi tərəfini unuduruq. Ancaq bir günlük də olsa bu vəzifəni tutanda həm tələbənin, həm də rəhbər vəzifə sahibinin baxış bucağına mütənasib hərəkət edə bilirsən. Artıq götür-qoy edirsən ki, tələbə bunu istəyir və ortaq yol tapmağa çalışırsan. Bu mənada, qeyd etdiyim kimi, bu, çox xoş işdir mənim üçün, çünki mən həm də elm sahəsində ixtisaslaşmaq istəyirəm. Buna görə də, düşünürəm ki, bu layihə mənim gələcək karyerama da çox böyük töhfə verəcək və eyni zamanda əvəzedilməz bir gün olaraq daim mənim yaddaşımda qalacaq”. Məlumat Resurs Bazasının yaradılması tələbələrimizə çox böyük kömək edəcək Tələbəsi olduğu universitetdə dekan səlahiyyətlərini icra etməyi izaholunmaz hiss kimi xarakterizə edən xəlifə dekan Sevinc Quliyeva günlük iş planı barədə məlumat verir: “Mən gün ərzində dekanlıq nümayəndəsi ilə fakültənin nəzdində fəaliyyət göstərən kafedralara daxil olaraq onların günlük iş prosesi ilə tanış olmuşam və demək olar ki, bütün otaqlara daxil olaraq tələbələrin təklif və iradlarını dinləmişəm. Günün sonunda bütün bunları hesabat olaraq müvafiq instansiyalara bildirəcəyəm və çalışacağam ki, bu problemlərin mümkün səviyyədə həllinə nail olum. Plaformamda da qeyd etdiyim kimi, Məlumat Resurs Bazasının yaradılmasını təklif etmişəm. Kitabxananın nəzdində yaradılması nəzərdə tutulan bu bazanın formalaşması ilə tələbələr istifadə etmədiyi kitabları həmin bazaya təhvil verəcək və ehtiyacı olan tələbələrin onlardan istifadə etməsinə şərait yaradılacaq. Mən qısa zaman ərzində bunun gerçəkləşdirilməsini planlaşdırıram. Düşünürəm ki, ehtiyacı olanlara digər tələbələr kömək əlini uzadacaq və bu, tələbələrimizə çox böyük kömək edəcək”.   Artıq qeyd etdiyimiz kimi, “Bir günlük xəlifə” layihəsi çərçivəsində universitetin bir çox strukturuna rəhbərlik etmək xəlifələrin  ixtiyarına verilib. Bu gün ərzində müxtəlif mərkəzlərin xəlifə rəhbərlərinin təşkilatçılığı ilə rəngarəng tədbirlər, mühüm görüşlər keçirilib. Məsələn, İndoneziya Araşdırma Mərkəzinin xəlifə müdiri tərəfindən İndoneziya dili fənni tədris olunub, İsrail və Yaxın Şərq Mərkəzində İsrailin milli bayramı olan Xanuka bayramına aid, Hind dili və Mədəniyyəti mərkəzində Hindistanın incəsənət nümunələrinə həsr olunan, Yaponiya Araşdırma Mərkəzində Yaponiya mədəniyyətinin simvolu hesab olunan çay mərasimi və oriqami sənəti haqqında tədbirlər keçirilib, eyni zamanda Alman oxu zalında tələbələrə almanca alt yazılı “Rapunzel”, İtalyan dili Mərkəzində isə Qabriel Salvatoresin “Aralıq dənizi” filmləri nümayiş olunub. Məlumat üçün xatırladım ki, layihə çərçivəsində tələbələr gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir və onlar icra etdikləri vəzifənin bir günlük əmək haqqını alacaqlar. Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifəni icra edirlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırır ki, bu  kabinet  növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir. Son olaraq xəlifə tələbələrimiz başda olmaqla bütün tələbələrimizə təhsillərində uğurlar, gələcək fəaliyyətlərində nailiyyətlər arzu edirik.