XƏBƏRLƏR

ADU-da “Azərbaycan dili milli özünüdərk vasitəsidir” mövzusunda dəyirmi masa keçirilib

06 mart, 2018

Martın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində “Azərbaycan dili milli özünüdərk vasitəsidir” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev dilin mənəviyyatın özü olduğunu söyləyib: “ Dil hər bir millətin maddi, mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm vasitədir. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa və onlarla ünsiyyət qurmağa imkan yaradır”.

ADU-nun rektoru akademik Kamal Abdulla bu tipli dəyirmi masaların keçirilməsinin böyük əhəmiyyətinin olduğunu bildirib və belə tədbirlərdə müxtəlif fikirləri bölüşərək yenidən dəyərləndirmək fürsəti əldə etməyin mümkünlüyünü vurğulayıb. Rektor Azərbaycan dilinin digər dünya xalqlarının dillərində olduğu kimi milli özünüdərkin formalaşmasında vacib rolunun olduğunu qeyd edib. K.Abdulla tələbələrə “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində keçirilən tədbirlərdən maksimum faydalanmağı tövsiyə edib.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi professor Niyazi Mehdi istənilən millətin tarixini, mədəniyyətini öyrənmək üçün ilk növbədə həmin millətin dilinə bələd olmağın vacibliyindən danışıb: “Hər bir insan öz ana dilini bilməli və qorumalıdır.  Dil çoxcəhətli, mürəkkəb ictimai hadisədir, dili qorumaq isə dil daşıyıcılarının vəzifəsidir”.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

https://www.youtube.com/watch?v=z2ap2q1BcpA