XƏBƏRLƏR

“Robert Börns: şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya” adlı yeni dərs vəsaitinin təqdimatı keçirilib

30 oktyabr, 2019

Oktyabrın 29-da Azərbaycan Dillər Universitetində Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlillinin həmmüəllifi olduğu “Robert Börns: Şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya” adlı yeni dəsr vəsaitinin təqdimat mərasimi keçirilib. Kitabın digər həmmüəllifi Azərbaycan Universitetinin rektoru Səadət Əliyevadır.

 ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov tədbir iştirakçılarını salamlayıb, müəllifləri yeni dərs vəsaitinin çap olunması münasibəti ilə təbrik edib. O, qeyd edib ki, professor Şahin Xəlilli və Səadət Əliyevanın birgə hazırladıqları kitab dəyərli və unikal dərs vəsaitidir: “Robert Börns həm məhəbbət, həm də azadlıq mövzusunda kifayət qədər qiymətli şeir nümunələrinin müəllifidir. Bu şeirlər Azərbaycan oxucuları üçün gözəl bir hədiyyədir. Kitab yalnız dərs vəsaiti kimi deyil, həm də ciddi elmi tədqiqat əsəri kimi təqdim olunub”. 

 Filologiya elmləri doktoru Həmidə Əliyeva dərs vəsaitinin geniş oxucu kütləsi üçün, xüsusilə ali təhsil müəssisələrində  tədrisi üçün mühüm əhəmiyyətə malik olduğunu söyləyib. Qeyd olunub ki, dərs vəsaitində Britaniya poeziyasının klassik şairi, şotland əsilli Robert Börnsün həyat və yaradıcılığına dair ədəbi esselər, onun şeir və nəğmələrinin bir qisminin orijinaldan tərcümələri, eləcə də dövlət xadimi, şair və yazıçıların şotland bardı haqqında mühakimə və şərhləri təqdim edilir. Börns yaradıcılığı çevrəsində Azərbaycan–Şotlandiya qarışılıqlı əlaqələrinə dair rəsmi sənəd, tarixi əsərlər və yaradıcılıq nümunələri diqqətə çatdırılır. 

 Ədəbiyyatşünas, dosent, fəlsəfə doktoru Dilbər Zeynalova dərs vəsaitinin özəllikləri haqqında danışıb. Bildirib ki, kitab özünəməxsus tərtibatla və dəqiq müşahidələrlə diqqəti cəlb edir. Dərs vəsaitində romantizm estetikasının və milli poeziyanın ən gözəl nümunələrini toplanıb.

 Kitabın həmmüəllifi Şahin Xəlilli tədbir təşkilatçılarına, qonaqlara öz təşəkkürünü bildirib. Kitabda əməyi keçən, bu dərs vəsaitinin ərsəyə gəlməsində yaxından iştirak edən hər kəsə təşəkkürünü bildirən Şahin Xəlilli yeni tədqiqat işlərinin davam etdirilməsinin zəruriliyindən danışıb.

 Tədbir tələbələrin sualları ilə başa çatıb.