XƏBƏRLƏR

Tyutorlarla görüş keçirilib

28 oktyabr, 2019

Oktyabrın 24-də Azərbaycan Dillər Universitetində fakültə və dekanlıqların tyutorları ilə görüş keçirilib.

Universitetin rektoru, akademik Kamal Abdulla tyutorları salamlayıb, onlara yeni dərs ilində uğurlar arzu edib.

Qeyd olunub ki, tyutor ali təhsil müəssisələrində tələbələrin akademik maraqlarını qoruyan tədris məsləhətçisidir. Azərbaycan 2005-ci ildən Bolonya prosesinə qoşulub və buna uyğun olaraq müvafiq öhdəliklər götürüb. Bu öhdəliklərdən biri də ali təhsil müəssisələrində kredit sisteminin tətbiqidir. Ölkəmizin ali təhsil müəssisələrində kredit sisteminin tətbiqinin vahid qaydada aparılması haqqında 2006-cı ildə əsasnamə təsdiq olunub.

Azərbaycan Dillər Universiteti də təhsilin keyfiyyətinin artırılması, tədrisin yeni və müasir təlim metodları ilə keçirilməsi istiqamətində mühüm işlər görür. Buna görə də tyutorların fəaliyyəti  məhz tələbələrin maraqlarına, həmçinin universitetin mənafeyinə uyğun şəkildə qurulmalıdır.

Kredit sistemi ilə təhsil alan tələbələrə köməklik göstərmək məqsədi ilə ali təhsil müəssisələrində tyutorlar xidməti təşkil olunur. Tyutorların sayı təhsil alan tələbələrin sayı ilə müəyyənləşdirilir. Bu zaman dövlət ali təhsil müəssisələrində hər bir tyutora 100-dən az olmamaq şərti ilə tələbə müəyyənləşdirlir.

Görüşdə tyutorların öz bilik və bacarıqlarını daima artırması, yeni təlim metodları və informasiya avadanlıqları ilə maraqlanması, həmçinin  hər bir tələbənin dərsə və dərsdənkənar fəaliyyəti ilə yaxından tanış olmasının zəruriliyi xüsusi olaraq vurğulanıb.

Görüş müzakirələrlə başa çatıb.