ADU Avropanın 20-dən artıq universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq edir
Azərbaycan Dillər Universitetində Beynəlxalq layihələr həm müxtəlif universitetlərlə ikitərəfli əməkdaşlıq, həm də Avropa İttifaqının Erasmus+ mübadilə proqramı çərçivəsində həyata keçirilir. Mübadilə proqramı təkcə tələbələrə deyil, eyni zamanda müəllim və inzibati işçilərə də aiddir. Hazırda ADU Avropanın 20-dən artıq universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq edir.
Erasmus+ proqramı Avropa Birliyinin təhsil, gənclik və idman sahələrini əhatə edir. Sözügedən proqram Şərq Tərəfdaşlığı ölkəsi olan Azərbaycanın ali təhsil sahəsində digər istiqamətlərlə yanaşı, kredit mobilliyi imkanı da yaradır. Proqram Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.
Azərbaycan Dillər UniversitetininErasmus+ proqramı çərçivəsində əməkdaşlıq etdiyi universitetlərdən biri də İtaliyanın Venetsiya şəhərində yerləşən Ka' Foskari (Ca' Foscari) Universitetidir. 2018-ci ildə Erasmus+ proqramı çərçivəsində ADU ilə adı qeyd olunan universitet arasınds universitetlərarası əməkdaşlıq və tələbə mübadiləsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Qarşılıqlı memorandumun nəticəsi olaraq 2019-2020-ci tədris ilinin ikinci yarısında ADU-nun iki müəllim və bir inzibati işçisi həmin universitetdə təcrübə keçəcək, iki tələbəsi isə Ka"Foskari Universitetində bir semestr ərzində təhsil alacaqlar.
Ka"Foskari İnstitutu 1968-ci ildə universitet statusu almışdır. Hal hazırda 8 fakültədən ibarətdir. Universitetdə 19 minə yaxın tələbə təhsil alır.
Onu da qeyd edək ki, mübadilə proqramının şərtlərinə uyğun olaraq 2020-ci ilin fevral ayında Ka"Foskari Universitetinin iki əməkdaşı Dillər Universitetində təlim keçəcəklər.