XƏBƏRLƏR

“Ulu öndər və mənəvi dəyərlərimiz” filmi təqdim olunub 

23 oktyabr, 2019

Oktyabrın 23-də Azərbaycan Dillər Universitetində Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri ilə görüş keçirilib.

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun ötən iki il müddətində gördüyü işlərdən, qarşıya qoyulan vəzifələrdən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu ölkəmizdə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.

İcraçı direktor bildirib ki, müxtəlif dövlət qurumları ilə, həmçinin qeyri-hökumət təşkilatları ilə qarışılıqlı əməkdaşlıq əlaqələri qurub. Ötən iki il ərzində Fond tərəfindən həyata keçirilən layihələrdən danışan Mehman İsmayılov deyib: “Fondun “Vəhdət dəyərimizdir”, “Dəyərlərimizi öyrənək”, “Yaxşılıq unudulmur” və digər layihələri çərçivəsində Bakıda və ölkəmizin regionlarında müxtəlif tədbirlər reallaşdırılıb. Bizim Təhsil Nazirliyi ilə əməkdaşlığımız çərçivəsində orta məktəblərdə müxtəlif müsabiqələr, maarifləndirici tədbirlər təşkil olunub”. 

Qeyd olunub ki,  Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin inkişafına, adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi.

Ulu Öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Ailə, insansevərlik, mərhəmət, əxlaq, sülhsevərlik, xeyirxahlıq, vətənpərvərlik, dini dəyərlərə hörmət və s. mənəvi dəyərlər sisteminin əsasını təşkil edir. Bu dəyərlərin qorunması daim dövlətin diqqət mərkəzindədir. Şəhid ailələrinin, valideyn himayəsindən məhrum olmuş uşaqların, aztəminatlı ailələrin, qaçqınların və məcburi köçkünlərin, fiziki imkanları məhdud insanların, müharibə veteranlarının daim dövlətin diqqət və qayğısı ilə əhatə olunması dövlətin sosial, eyni zamanda mənəvi sahədə həyata keçirdiyi siyasətin bariz nümunəsidir.

Tədbir “Ulu öndər və mənəvi dəyərlərimiz” adlı filmin təqdimatı ilə başa çatıb.