XƏBƏRLƏR

“Nəsimi-650” mövzusunda dəyirmi masa keçirilib

23 oktyabr, 2019

Oktyabrın 22-də Azərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatı kafedrasının, Fəlsəfə kafedrasının, Elm şöbəsinin və Azərbaycanşünaslıq ETL-nin təşkilatçılığı ilə “Nəsimi-650” mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov tədbir iştirakçılarını salamlayıb, Nəsimi yaradıcılığının ədəbi-bədii, fəlsəfi aspektlərindən söz açıb.  Bildirilib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

Sonra BDU-nun professoru Mətanət Abdullayeva “Nəsiminin bədii-fəlsəfi dünyagörüşünün elmi əsasları” mövzusunda çıxış edib. Qeyd olunub ki, Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin özülünü qoymuş, söz sənətimizi forma və məzmunca zənginləşdirmiş, özündən sonrakı nəsillər üçün ədəbi irs qoyub getmişdir. Yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin əsasını qoymuşdur. Zərrədə günəş axtararaq varlığın bir vücuddan yarandığını deyən Nəsimi insanları gözəl və çirkin deyə ikiyə bölmür, milli ayrıseçkilik axtarmırdı. Könül tərbiyəsi və gözəlliyini insan ömrünün qayəsi sayan şair şеirlərində insana, insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamını tərənnüm еtməklə insanı həyatın yaradıcısı, həyati gözəlliklərin əsl mənbəyi kimi vəsf еtmişdir.

Digər məruzəçilər BDU-nun dosenti Sevinc Qocayeva “Ənənəvi mifoloji görüşlər, Nəsimi yaradıcılığında fəlsəfi məzmun daşıyıcısı”, Nəzakət Məmmədli “İmaddədin Nəsimi və Dante şeirində axirət motivləri”, Nazilə Səfərli “İmaddədin Nəsiminin fəlsəfi görüşləri”, Sevda Sadıqova “Nəsimi yaradıcılığında insan konsepti”, Aytən Hacıyeva “Nəsimi lirikasında Avropa intibahı ilə səsləşən cəhətlər” mövzusunda çıxış ediblər.

Tədbir tələbələrin sualları ilə başa çatıb.