XƏBƏRLƏR

Xarici dil dərslərində birgə əməkdaşlıq

18 oktyabr, 2019

2019-2020-ci akademik tədris ilində ABŞ Dövlət Departamentinin “Fulbrayt İngilis dili tədris yardımçısı” proqramı ilə Azərbaycan Dillər Universitetinə təhkim olunmuş Sara Yahyavi  və Təlimdə innovasiyalar kafedrasının  müəllimləri p.f.d.,b/m. Könül Hacıyeva, b/m.Gülnarə Hacıyeva və Günay Mehrəliyevanın dərslərində həftədə bir dəfə olmaqla birlikdə dərs aparırlar.

Beynəlxalq səviyyədə aparılmış tədqiqatlar göstərir ki, dil daşıyıcıları ilə qeyri-dil daşıyıcılarının birgə əməkdaşlığı öyrənənlərdə müsbət təsir yaradaraq dil öyrənmə prosesini daha da optimallaşdırır. Yaranmış fürsətdən yararlanmaq üçün və beynəlxalq təcrübəni yerli mühitdə tətbiq etmək üçün həftədə bir dəfə də olsa, tələbələr hər iki müəllimin müştərək təqdimatından yaxşı mənada istifadə edərək həm autentik mühitdən yaralanır, həm də onları maraqlandıran sualların cavablandırılmasına nail olurlar.

Birgə əməkdaşlıq eyni zamanda keçiriləcək dərslərin bir yerdə planlaşdırılması və uyğun fəaliyyət növlərinin qrupun səviyyəsinə və ehtiyaclarına uyğun seçilməsi deməkdir ki, bu da dərslərə hazırlıq prosesinin daha da uğurlu olmasını təmin edir. Dərs zamanı qeyri-dil daşıyıcısı olan kafedra müəllimlərinin təqdimatı zamanı ortaya çıxan hər hansı bir linqvistik məsələlərə elə yerindəcə dil-daşıyıcısı olan müəllim tərəfindən aydınlıq gətirilir. Ümid edirik ki, bu kimi dərslərin sayı gələcəkdə daha da çox olacaq və bütün tələbələrimiz bu fürsətdən yararlanacaqlar.