XƏBƏRLƏR

“İngilis monoloji nitqinin kommunikativ tədrisinin əsasları” kitabının təqdimatı keçirilib

16 oktyabr, 2019

Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası və üslubiyyatı, Ümumi dilçilik kafedralarının təşkilatçılığı ilə  filologiya elmləri doktoru Əli Səfiyevin “İngilis monoloji nitqinin kommunikativ tədrisinin əsasları” adlı kitabının təqdimatı keçirilib.

Kitab haqqında danışan professor Azad Məmmədov qeyd edib ki, yeni nəşr monoloji nitqin kommunikativ tədrisi tarixindən, ingilis dili monoloji nitqinin tədrisinin linqvistik, psixoloji, kommunikativ əsaslarından, həmçinin eksperimental tədris və onun nəticələrinin təhlilindən bəhs edir.

Qeyd olunub ki, elmi tədqiqat işi və tədris vasitəsi kimi böyük əhəmiyyətə malik nəşrdə mövcud dərslik və dərs vəsaitləri təhlil edilir, monoloji nitqin kommunikativ tədrisi üçün lazım olan dil materiallarının seçilməsinin əsas kriteriyaları, metodiki iş sistemləri, çalışmalar sisteminin rolu müəyyən edilir.

ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova yeni nəşrin əhəmiyyətindən danışıb, qeyd edib ki, kitab müvafiq sahədə faydalı əhəmiyyətə malikdir.

Daha sonra məruzəçilər çıxış edərək müəllif və kitab haqqında rəy bildiriblər. Prof. D. Ə.İsmayılova, prof. F. Y.Veysəlli, prof. H.M. Zərbəliyev, Fil.f.d., dos. Aytən Hacıyeva, dos. V.S.Ərəbov, fil.f.d., dos.  A.M.Allahverdiyeva, dos. M.Y.Məmmədov,  fil.f.d., b/m. N.A.Mədətova, b/m. N.M.Əbdülrəhimova müəllifin elmi-pedaqoji fəaliyyəti və monoqrafiya barədə fikir bildiriblər.