XƏBƏRLƏR

İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının yeni uğuru

16 oktyabr, 2019

ADU-nun Təhsil fakültəsi-2 nəzdində İngilis dilinin Leksikologiyası və Üslubiyyatı-2 kafedrasının dosenti f.f.d.Məlahət Vəliyeva ABŞ Dövlət Departamentinin alimlər üçün nəzərdə tutulmuş tədqiqat təqaüdünü qazanıb. Bununla əlaqədar  2019-cu il iyul-avqust aylarında  ABŞ-ın Filadelfiya şəhərində Temple universitetində təcrübə keçib. O, ABŞ-ın digər ştatlarında yerləşən Nyu-York universiteti, Finiks Kolleci, Şimali Arizona universiteti və Vaşinqtondakı Corc Taun universitetlərinin professorlarının mühazirələrində, panel müzakirələrində iştirak edib. 

Təcrübə zamanı Məlahət Vəliyeva ABŞ təhsil sistemi, ABŞ-da ali təhsil səviyyəsində tədrisin aparılması, ABŞ-da multikulturalizm, dini pluralizm və dünyada  sülhün qorunması haqqında məlumat alıb. Eyni zamanda, Azərbaycan Respublikasının multikulturalizm siyasətinin əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğunu və müasir dövrdə bu siyasət Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini ABŞ universitetlərinin əməkdaşlarını məlumatlandırıb.ADU-da hörmətli rektorumuz akademik Kamal Abdullanın həyata keçirdiyi möhtəşəm layihələr barədə  geniş  məlumat  verib.

Tədbirdə 16 ölkədən (Azərbaycan, Avstriya, Finlandiya, İordaniya, Argentina, Myanmar, Türkiyə, Filipin, Efiopiya, Kenya, Hindistan, Qazaxıstan, İndoneziya, Malayzia, Livan, Çin) alimlər iştirak edib və hər bir iştirakçı öz ölkəsi haqqında maraqlı təqdimatlar göstərib.

Səfərdən qayıtdıqdan sonra Məlahət Vəliyeva kafedra əməkdaşlarına ABŞ səfəri və ABŞ-da ali təhsil sistemi haqqında  təqdimat hazırlayıb və ADU-nun  İngilis dilinin leksikologiyası və üslubiyyatı – 2 kafedrasında  seminar təşkil edib.  Seminarda ADU-nun  İngilis dilinin leksikologiyası və üslubiyyatı – 2 kafedrasının müdiri f.f.d.,dosent Mehriban Hüseynova və kafedranın əməkdaşları iştirak edib. İştirakçılar təqdimatı dinləyib Məlahət Vəliyevaya ABŞ-da təhsil sistemi ilə bağlı müxtəlif suallar  verib.

Məlahət Vəliyeva dosent Mehriban Hüseynovanın ABŞ universitetlərində tətbiq olunan tədris metodlarından, dosent Zərinə Aslanovanın ABŞ universitetlərində qiymətləndirmə sistemindən, baş müəllim Mehriban Abdullayevanın tələbə-müəllim münasibətləri barədə suallarını cavablandırıb və ABŞ ali təhsil təcrübəsinin müsbət cəhətlərini vurğulayıb.