XƏBƏRLƏR

ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib  

18 oktyabr, 2019

Oktyabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Magistratura və Doktorantura şöbələrinin təşkilatçılığı ilə “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib.

ADU-nun Magistratura şöbəsinin müdir müavini dosent Namiq Əsədov Prezident İlham Əliyevin oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışından söz açıb. O, Azərbaycan torpaqlarını qorumağın hər bir azərbaycanlının borcu olduğunu deyib. Azərbaycan tərəfinin Dağlıq Qarabağ konfliktini sülh yolu ilə yoluna qoymağın tərəfdarı olduğunu bildirən N.Əsədov haqq səsimizi dünyaya tanıtmalı olduğumuzu diqqətə çatdırıb. O, Azərbaycan torpaqlarının bütövlüyünün bərpa olunmasında Prezident İlham Əliyevin uğurlu siyasətinin öz nəticəsini göstərəcəyini bildirib.

Dəyirmi masada Beynəlxalq münasibətlər kafedrasının dosenti Emil Qasımov “Azərbaycan diplomatiyasının ermənilər üzərində növbəti qələbəsi”, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Prezident İlham Əliyevin çıxışı və tarixi gerçəklik” mövzularında məruzə ilə çıxış ediblər.

Daha sonra ADU-nun İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri, universitetin doktorantı Cavid Zeynallı Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışındakı xüsusi məqamlara toxunub, bu çıxışın Azərbaycan torpaqlarının bütövlüyü uğrunda aparılan danışıqlarda böyük əhəmiyyətindən danışıb.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.