XƏBƏRLƏR

Tamam Cəfərova: Əməyimin bu şəkildə qiymətləndirilməsi mənə əlavə stimul verir

07 oktyabr, 2019
“Tərəqqi” medalı ilə təltif olunduğuma görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün çox böyük mükafatdır. Müəllim kimi fəaliyyətim dövrümdə həmişə bu ada layiq olmağa çalışmışam. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dillər Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Tamam Cəfərova deyib. T.Cəfərova mükafatın onun əməyinə verilən yüksək qiymət olduğunu bildirib: “Əməyimin bu şəkildə qiymətləndirilməsi mənə əlavə stimul verir. Mükafat almaq gözəl hissdir. Bu mükafatı mənim üçün dəyərli edən məhz Prezident İlham Əliyevin imzasıdır. Həm də özümü ona görə xoşbəxt hiss edirəm ki, pedaqoji fəaliyyətimin əsas səbəbkarı və himayədarı məhz ümummilli lider Heydər Əliyev olub. Hər zaman müəllim adını böyük qürur və vicdanla daşımışam. Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu, danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri var”. ADU-nun prorektoru əlavə edib ki, güclü dövlət, onun bütün demokratik institutlarının güclü olması deməkdir. Vətəndaş cəmiyyəti güclü olan dövlətin sütunları güclü olduğu kimi, təhsilin də inkişafı və yüksəlişi eyni məntiqlə xarakterizə edilə bilər. Bu gün təhsilimizin inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi həmin sütunların daha da möhkəm olması üçün atılan məqsədyönlü addımlardandır. Qeyd edək ki, oktyabrın 3-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil işçisi “Tərəqqi” medalı ilə təltif olunub. Onların arasında Azərbaycan Dillər Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Tamam Cəfərovanın da adı var.