XƏBƏRLƏR

“Yaxşı jurnalist olsam, Dillər Universitetinin adını ucaldaram” – SORĞU

07 oktyabr, 2019

Bu il Azərbaycan Dillər Universitetinin jurnalistika ixtisasına biri magistr olmaqla 46 tələbə qəbul olub. İlk dəfə gözlənildiyindən də çox qəbul olduğunu nəzərə alaraq, tələbələrdən jurnalistika seçiminin səbəbləri, bu ixtisasdan gözləntiləri, hansı sahə üzrə ixtisaslaşmaq istədiklərinə dair keçirilən sorğunu təqdim edirik:

Əvvəlcə Virtual Jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlıdan qəbul nəticələri ilə bağlı münasibətini öyrəndik.

Nərgiz Qurbanlı hesab edir ki, jurnalistika ixtisasına 46 tələbənin qəbul olunması rekord göstərici, Azərbaycan Dillər Universitetinin uğurudur: “Əvvəlki illərdə elə olub 4 tələbənin olduğu audiyoriyada dərs demişəm, 7 nəfərlik qrupumuz da olub. Bildiyiniz kimi, bu il jurnalistika ixtisasına 46 nəfər qəbul olub. Bunun 45-i  bakalavrdır, biri isə magistratura pilləsində təhsil alacaq. 46 tələbə qəbulu ixtisasımız üçün böyük rəqəmdir, ümid edirəm ki, gələn il tələbələrimizin sayı bundan da artıq olacaq. Bir daha qeyd etmək istərdim ki, bu nəticə universitetimizin, jurnalistika ixtisasını tədris edən müəllimlərimizin nailiyyətidir. Ən böyük uğur həm də o oldu ki,  bu il magistratura pilləsinə qəbul oldu. İndiyədək ADU-da jurnalistika ixtisası üzrə heç vaxt magistr pilləsi olmayıb, bu il açılıb və artıq göstəricimiz də var. Arzu edirəm ki, get-gedə magistrantlarımızın sayı artsın və siz tələbələr magistraturaya doğma universitetimizə gələsiniz. Fikrimcə, qəbul sayına, abituriyentlərin ADU-nun jurnalistika ixtisasını seçməsinə təsir edən amillərdən ən başlıcası məzunlarımızın peşəkar jurnalist kimi yetişməsidir. Dərslərimiz praktik olaraq radio və saytların redaksiyasında keçirilir, bu da tələbələrimizə media mühitinə alışmaqda kömək edir. Bizim 4-cü kursa gəlib çatmış tələbələrimiz artıq yetişmiş, peşəkar jurnalist hesab olunurlar. Biz onları elə yetişdiririk ki, artıq hansı kütləvi informasiya vasitələrinə üz tutsalar, onları peşəkar jurnalist kimi qəbul edirlər. Bu faktdır ki, IV kurs tələbələrimizi təcrübə keçdikləri media orqanlarında işlə təmin ediblər. Ötənilki məzunlarımızdan üçü hazırda ölkəmizin aparıcı televiziya kanallarında çalışırlar. Belə qiymətləndirirəm ki, bizim məzunlarımız ixtisaslarını yaxşı mənimsədikləri üçün universitetimizi KİV-lərdə yaxşı təmsil edirlər, ona görə də bizim ADU-ya və ixtisasımıza maraq getdikcə artır. Bu isə həm də təbliğat deməkdir”.

Tələbə Vəliyeva Fidan bildirib ki, uşaqlıqdan jurnalistika sahəsi ona maraqlı gəlib: “Abituriyent olduğum dövrdə də bu ixtisasa qəbul olmaq üçün çalışırdım. Qabiliyyət imtahanını müvəffəqiyyətlə vermək üçün məqalə, inşalar yazmağa çalışırdım. Düzü, ailəm seçimimlə razılaşmırdı, amma istəyimdən dönmədim və hazırda məqsədimə çatmaq üçün ən böyük addımı atmışam, yəni istədiyim ixtisasa qəbul olmuşam. Bu ixtisasdan gözləntilərim çoxdur, çünki fikrimcə, jurnalistika inkişafa meylli ixtisasdır, peşəkar jurnalist olmağı hədəfləyirəm. Televiziya sahəsi mənim üçün daha cəlbedici və maraqlıdır. Təbii ki, o mərhələyə çatmaq üçün əvvəl radio, qəzet və ya digər mətbuat orqanlarında da işləməyə “yox” demərəm. Həm daha çox təcrübə qazanmış olaram”.

Şəfiyeva Rozanın diqqətini ADU-da jurnalistika ixtisasının ingilis dilində tədris olunması çəkib: “İxtisaslaşmış jurnalist olmaq istəyirəm, tanınmış telejurnalist olmaq niyyətindəyəm. Düşünürəm ki, bu ixtisas auditoriya qarşısında utanmadan çıxış edə bilməyimə də kömək edəcək”.

İsmayılova Gülay 9-cu sinifdən bəri jurnalist olmaq barədə düşünsə də tam qərar verə bilmirmiş: “Anam da məni jurnalistikaya həvəsləndirirdi. Qəbul imtahanı ərəfəsində təsadüfən bir jurnalist xanımın filminə baxdım. Bu filmə baxdıqdan sonra ağlımda “məndə bacararammı”? sualı yarandı. Filmin qarşıma çıxmasını və anamın dediklərini özüm üçün bir işarə saydım. Yeni nəslin jurnalistika sahəsini inkişaf etdirməsi ən böyük gözləntimdir. Radio və televiziya jurnalistika sahəsi məni daha çox cəzb edir”.

İsgəndərov Mənsuru jurnalistika ixtisasına məşhur olmaq istəyi gətirib: “Uşaqlıqdan populyar olmaq istəmişəm, fikirləşirdim ki, TV ulduzu olmaq üçün ən sadə yol jurnalistlikdən keçir. 6 yaşımdan Qarabağ, Xocalı faciəsi zamanı çəkilmiş kadrlara baxırdım, Milli Qəhrəman Çingiz Mustafayev jurnalistika yolunda ideallarımdan biridir. Onun cəsarətindən sonra bu sahəyə marağım çoxaldı. Zaman-zaman məşhurluq istəyim itsə də, jurnalistikaya sevgim azalmadı. Jurnalistikaya mübarizə yolu kimi baxıram və öz ideyalarımı insanlara çatdırmaq istəyirəm. Daha çox idman, siyasət sahəsi və fotojurnalistika diqqətimi çəkir. Somali, İraq, Əfqanıstan kimi  yaşayış səviyyəsi aşağı olan ölkələrdə insanların həyat tərzlərini çəkib dünyaya çatdırmaq istəyirəm. Düşünürəm ki, bunun üçün foto jurnalistikası əla seçimdir”.

Jurnalistika Əhmədli Ziyalənin uşaqlıq arzusudur. O, bu ixtisasa yiyələnərək uğurlu jurnalist olacağına inanır: “Araşdırma aparmağı çox sevirəm, bu sahə diqqətimi daha çox çəkir”.

Dadaşova Aylanın fikrincə, jurnalistika sahəsində insan daim axtarışdadır, dünyada baş verən hadisələrdən, siyasi proseslərdən xəbərdar olduğu üçün dünyagörüşü də zənginləşir: “Eyni zamanda lazımi məlumatları ötürərək cəmiyyəti də xəbərdar edirsən. Məni daha çox TV jurnalistikası maraqlandırır, ADU-da təhsil alaraq peşəkar jurnalistə çevrilmək istəyirəm”.

Əliyev Alim qeyd edib ki, jurnalistika ixtisasını seçiminə təsir edən başlıca amil bu ixtisasın ingilis dilində tədrisi, müxbir kimi xarici ölkələrdə akkreditasiya olunmaq ehtimalıdır: “Gözləntilərim uğurlu fəaliyyətimi dəstəkləyəcək baza yaradılmasıdır. Məni siyasət daha çox maraqlandırır, amma idman sahəsində işləyəcəyim istisna deyil”.

Allahverdi Əkbər bildirib ki, Jurnalistika fakültəsinin əsas yaradıcılarından biri, görkəmli yazıçı-jurnalist Nurəddin Babayev onun bu sahəyə olan həvəsini artırıb: “Bu ixtisasda böyük uğurlar qazanacağıma inanıram. Dövrün tələblərinə əsasən internet jurnalistikada çalışmaq istərdim”.

Səfərova Sevdanın seçiminə ixtisasca jurnalist olan atasının təsiri olub: “Bu sahə dünyagörüşü zənginləşdirir, insanın əhatə dairəsi daha geniş olur. Atamın bu sahə ilə məşğul olması jurnalistikanı seçməyimə təsir etdi. Jurnalist ixtisası insanın fikrinin daha dolğun ifadəsi, natiqlik qabiliyyətinin artmasına təkan verdiyini düşünürəm. Arzum araşdırmaçı jurnalist olmaqdır”.

Verdiyeva Şəbnəm deyib ki, jurnalist, millət vəkili Qənirə Paşayeva idealıdır: “Onun keçdiyi həyat yolu ilə tanış olduqca jurnalistikaya sevgim və həvəsim daha da təzələnib. Beynəlxalq jurnalist olub gələcəkdə auditoriyaya təqdim edəcəyim layihələri peşəkar şəkildə hazırlamaq istəyirəm”.

Səfəroğlu Rabia Halənin seçiminə anası təsir edib: “Düşünürəm ki, insanlara doğru informasiyanın çatdırılması və bəzi ictimai hadisələrin aydınlandırılması xalqımız üçün böyük xidmətdir. Bu ixtisasdan gözləntim dünya standartları ilə ayaqlaşaraq yeni texnologiya vasitələrinin ölkəmizin xəbər mərkəzinə cəlb etməkdən ibarətdir”.

Hüseynova Zeynəb hesab edir ki, həyat insanın öz seçimi ilə yanaşı bir az da bizim əvəzimizə edilən seçimlərdən asılıdır: “Mənim müəllimlərimdən biri jurnalist olmağı hər şeydən çox istəyib. Lakin ailəsi onun jurnalist olmasına etiraz edib. Bu barədə eşidəndə özümə söz verdim ki, mən jurnalist olacağam, heç kəsin məni istəklərim, xəyallarım qarşısında seçim qoymasına razı olmayacağam. Artıq istəyimə çatmışam, indi daha yaxşı anlayıram ki, həyatda istədiklərimi əldə etmək üçün ən güclü vasitə uğur qazanmaqdır. Mən bu uğuru qazandım və çox xoşbəxtəm. Düşünürəm ki, uğur qazandıqca seçim variantlarımız çoxalır, azadlığımız genişlənir. Bir sözlə, seçən biz oluruq. Hər şeyə görə müəllimimə minnətdarlığımı bildirirəm. İndi isə qarşımda peşəkar jurnalist olmaq hədəfi dayanır”.

Əlizadə Zeynəbi jurnalist olmaq üçün nənəsi həvəsləndirib: “Çünki nənəm özü də jurnalist kimi fəaliyyət göstərib. Mən də ona baxıb həvəsləndim. Dünyaya səyahət edib, tanınmış şəxslərdən müsahibə götürmək istəyirəm. Ən çox aparıcılıq sahəsi məni cəlb edir. Həm də düşünürəm ki, yaxşı jurnalist olsam, Azərbaycan Dillər Universitetinin, Azərbaycanın adını ucaldaram”.

Sorğunu keçirdi: Jalə Hüseynova (Jurnalistika 334 r)