XƏBƏRLƏR

ADU-nun rektoru birinci kurs tələbələri ilə görüşüb 

25 sentyabr, 2019

Sentyabrın 24-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla 2019-2020-ci tədris ilində universitetin Təhsil 2 fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə görüşüb. 

Görüşdə, prorektorlar, dekanlar, kafedra müdirləri, o cümlədən professor-müəllim heyəti iştirak edib.

Rektor tələbələrlə görüşün onun üçün əlamətdar hadisə olduğunu deyib. Kamal Abdulla bu növ görüşlərin davamlı olacağını və bu görüşlərin tələbələrin qarşısına çıxacaq çətinliklərin öncədən həll olunması ilə bağlı olduğunu bildirib. Rektor Kamal Abdulla universitetə yeni qəbul olunmuş tələbələri təbrik edib, onların seçimlərinin gələcək həyatlarının qurulması üçün doğru istiqamət verəcəyinə, universitetdə oxuduqları illər ərzində yiyələndikləri biliklər, topladıqları təcrübələrin ölkəmizin ləyaqətli vətəndaşları olmaları üçün imkan yaradacağına ümidvar olduğunu söyləyib: 

“Sizin həyatınızın müstəqillik dövrünün ilk addımlarıdır. Mən bu addımların uğurlu olmasını arzulayıram. Müəllimlərinizdən xahişim odur ki, artıq sizinlə məktəb şagirdləri kimi deyil, həmkar kimi davransınlar. Sizi həm də daxil olduğunuz fakültənin yeni yaranması münasibətilə təbrik edirəm. Siz bu fakültənin ilk məzunları olacaqsınız. Arzu edirəm ki, universitet həyatına tezliklə adaptasiya olasınız, bizim kitabxanadan, auditoriyalardan səmərəli şəkildə istifadə edəsiniz, müəllimlərinizlə münasibətiniz aydın, şəffaf olsun, universitetimizin adını şərəf və ləyaqətlə daşıyasınız, Azərbaycan dövləti, bayrağı, himni və xüsusilə Prezidentin sözləri həyatınızı işıqlandıran və yolunuza işıq saçan sözlər olsun. Arzu edirəm ki, cənab Prezidentin Azərbaycan gəncliyinə göstərdiyi qayğı və diqqətə layiq olasınız. Arzu edirəm ki, ulu öndərin əmanətlərini biz hamımız ləyaqətlə qoruyaq”.

Kamal Abdulla universitetdə tələbələr üçün yaradılan şəraitdən, keçirilən tədbirlər, seminarlar, layihələr, təşkil olunan dərnək və klublardan, fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri, kitabxanalardan bəhs edib. 

Rektorun Sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev ADU-nun tələbəsi olmağın böyük şərəf olduğunu bildirib. O söyləyib ki, bu universitetin tələbələrinin respublika tələbə cəmiyyətinin inkişafında mühüm rolu var. Ə.Əliyev tələbələri təbrik edib, onlara dərslərinə həvəslə hazırlaşmağı və universitetin sosial həyatında fəal olmağı tövsiyə edib.

Görüşün davamında rektor akademik Kamal Abdulla tələbələri maraqlandıran sualları cavablandırıb.