XƏBƏRLƏR

ADU-nun professorunun kitabı Almaniyada nəşr olunub

24 sentyabr, 2019

Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın “Mədəniyyətlərarası Dialoq ya Qlobal Kommunikasiya Şəraitində Təhsilin Dili və Dilin Təhsili” kitabı Almaniyanın Saarbrükken şəhərində “Lambert Academic Publishing” tərəfindən nəşr olunub.

Monoqrafiya qloballaşan dünyada mədəniyyətlərarası kommunikasiyanın intensiv inkişafını nəzərə alaraq keyfiyyətli təhsil dilinin təkmilləşməsinin spesifik xüsusiyyətlərinin öyrənilməsi, təsnifi, təhlili, tətbiqi üsullarının aşılanmasına və həmçinin müxtəlif sistemli dillərin səviyyəli və effektiv tədrisinin özəlliklərinin izahına həsr olunur.

Kitab ön söz, on fəsil, xülasə və biblioqrafiyanı ehtiva edir. Monoqrafiyada “Ünsiyyət nədir?”, “Ünsiyyət - qarşılıqlı əməkdaşlıq kimi”, “Kommunikasiyanın yaranmasının və inkişafının zəminləri”, “Kommunikasiya nəzəriyyəsinin əsasları (modelləri, funksiyaları, növləri)”, “Kütləvi kommunikasiyaların genezisi”, “Sosial kommunikasiyanın mənbələri və əsas paradiqmaları”, “Kommunikasiya sistemində Şəxsiyyətin faktoru”, “İnsan – İnformasiya – Kommunikasiya”,  “Etnik şüurun variativliyi: elitar, professional və kütləvi subkulturlarının qarşılıqlı əlaqələri”,  “Mədəniyyətlərarası dialoq vasitəsilə dilin inkişafı” kimi mövzular yer alıb.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların surətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan hökuməti tərəfindən bu sahədə bir sıra kompleks tədbirlər həyata keçirilmiş və keçirilməkdədir. Bu istiqamətdə qarşımızda duran əsas vəzifələrindən biri də yeni informasiya texnologiyalarının təhsilə vaxtında və səmərəli tətbiqidir.

Monoqrafiya müasir təhsil işçiləri, dil mütəxəssisləri, ali məktəb tələbələri, doktorant-dissertantlar, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Kitabın elmi redaktoru Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur.