XƏBƏRLƏR

Cocuq Mərcanlıda ilk dəfə fransız dili və mədəniyyəti həftəsi təşkil olunub

24 sentyabr, 2019

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü və dəstəyi nəticəsində universitetimizin tarixində ilk dəfə olaraq, müəllimlərimiz və tələbələrimiz aprel döyüşlərindən sonra azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən Novruz Aslanov adına tam orta məktəbində pedaqoji təcrübə keçməyi şansını əldə ediblər.

2018-2019-cu tədris ilinin II yarısında 4 tələbəmiz müəllimləri Anar Rəhimovla birlikdə burada iki ay ərzində ingilis dili ixtisası üzrə pedaqoji təcrübələrini keçdilər. Mənim də Cocuq Mərcanlıyla ilk tanışlığım məhz bu ərəfədə oldu: bir qrup professor-müəllim heyəti ilə tələbələrimizə baş çəkməyə getdik. O zaman bu ezamiyyət mənə o qədər təsir etdi ki, qərara aldım ki, bura qonaq qismində yox, dərs deməyə qayıdacağam. Və belə də oldu. Yeni dərs ilinin ilk həftəsini Cocuq Mərcanlıda keçirdim. Səfərimin əsas məqsədinə keçməmişdən öncə Cocuq Mərcanlı haqqında təəssüratlarımı bölüşmək istərdim.

Azərbaycan ordusunun şücaəti nəticəsində azad olunmuş bu torpaq  dövlətimiz tərəfindən tam şəkildə bərpa olunub. Burada sakinlər üçün yeni evlər, park, məscid və yaşayış üçün lazım olan hər bir şərait yaradılıb. Kəndin sakinləri olduqca mehriban və qayğıkeş insanlardır. Burda olduğum müddətdə bir çox maraqlı şəxsiyyətlərlə tanış oldum. Onlardan biri - ermənilər Cocuq Mərcanlını darmadağın edəndən sonra burada yeganə qalmış sakin Oqtay Həziyevdir. Düşmənin həyat üçün təhlükəli məsafədə olduğundan qəti çəkinməyən, və bu təhlükəyə baxmayaraq kənddə ailəsi ilə qalıb normal həyatını sürməyə davam edən bu qəhrəman Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən ilk birinci dərəcəli əmək ordeni ilə təltif olunub. Bu gündə Oqtay müəllim kəndin ən sayılıb seçilən ağsaqqallarındandır, hamı onunla məsləhətləşir, o da hamıya, hər bir məsələdə kömək etməyə çalışır. Bu mərd insanla şəxsən tanış olduğuma görə çox məmnunam. Digər insanlara şəxsi nümunəsi ilə igidlik və qəhrəmanlıq nümayiş  etdirən bu şəxsiyyət çoxları üçün bir örnəkdir. Bu cür insanlar ətrafdakılara böyük ruh yüksəkliyi, özünə inam və gələcəyə ümid bəxş edir və nə qədər ki bu cür Dankolar var – basılmaz Vətən!

Mən məktəbin kollektivi haqqında da danışmaq istərdim. Burada çalışan müəllimlər çox fədakar və vətənlərini öz maraqlarından üstün tutan insanlardır. Onlardan bəziləri, məsələn qocaman fizika müəllimi Sitarə xanım Həsənova və tarix müəllimi İsmət Həziyev erməni işğalından əvvəl də bu kənddə çalışıblar. Digər müəllimlər – İlkin Təbrizli, Esmira Orucova, Leyla Maksudova, Gülarə Seyidəliyeva və digərləri məktəb yenidən qurulandan burada çalışmağa başlayıblar. Sevindirici haldır ki, bu ildən məktəbdə ADU-nun 2018-2019-cu tədris ilinin məzunu Məsmə Zeynalova ingilis dilini tədris etməyə başlayıb. Məktəbin direktoru Zamin Həziyev, yüksək peşəkarlığını nümayiş etdirərək, qısa bir müddətdə, məktəbin 2017-ci ildən yenidən qurulması prosesində əlindən gələni etmiş və ətrafında gözəl kollektivini formalaşdıra bilmişdi.

Burada olduğum müddət ərzində hər dəfə ermənilərin atdıqları top səslərini eşidəndə çox böyük sarsıntı keçirirdim, lakin müəllimlərin bu səslərə olduqca soyuqqanlı münasibəti mənə, - bu səslərə öyrəşməyən bir Bakı sakininə, və eləcədə şagirdlərə çox müsbət təsir edirdi. Sanki bu eşidilən səslər top atəşi deyil, heç bir təhlükəsi olmayan fişəng səsidir. Bu məktəbin müəllimləri sözün əsl mənasında cəbhə zonasında əməkləri ilə hər gün vətənə xidmət edirlər və mən bu fədakar insanların qarşısında baş əyirəm.

Ezamiyyətimin əsas məqsədi şagirdlərdə fransız dilinə maraq oyatmaq idi. Bu məqsədlə bir həftə ərzində məktəbin beşinci-altıncı sinifləri üçün intensiv fransız dili və mədəniyyəti dərsləri təşkil olundu. Məktəbin direktoru Zamin müəllim mənim üçün hər gün iki saatlıq dərs nəzərdə tutsa da, uşaqlar bu zaman çərçivəsini dəyişib, iki saat əvəzinə hər gün 5 saat ərzində dərslərdə iştirak etməyə qərar verdilər.

Qeyd etmək lazımdır ki, məktəbə gələn uşaqların bir hissəsi Cocuq Mərcanlıdan 2-3 km aralıqda yerləşən kəndlərdən piyada gəlirdi və onların dərsi ikinci növbədə olduğuna baxmayaraq, məndən xahiş etdilər ki, səhər saat 8-də dərsimizi başlayaq.  Beləliklə onlar 5 saat fransız dili dərsində iştirak edəndən sonra, cədvəldə nəzərdə tutulmuş dərslərinə gedirdilər. Uşaqların dərslərimdə nümayiş etdikləri həvəs və maraqlarını, bir şeiri və ya bir dialoqu yenidən, bir neçə dəfə təkrarən cavab vermək istəklərini görəndə çox sevinirdim. Düşünürəm ki, müəllim üçün bundan artıq motivasiya ola bilməz.

Bir həftə ərzində uşaqlarla çox şey öyrəndik: fransız dilində danışdıq, oxuduq, yazdıq, saydıq, fransız nağıllarının qəhrəmanları ilə tanış olduq, mahnılar öyrəndik, uşaqlara Fransa və fransızdilli ölkələr haqqında məlumat təqdim olundu.

Tam əminliklə deyə bilərəm ki, bu təcrübə hər iki tərəf üçün uğurlu oldu. Balalarımız fransız dili və mədəniyyəti haqqında müəyyən biliklərə yiyələndi, dünyagörüşləri artdı. Mən isə çox gözəl insanlarla tanış oldum, yeni dostlar qazandım və müəllim peşəsini seçdiyimə görə qürur hissini yenidən yaşadım.

Düşünürəm ki, bu təcrübə davamlı olacaq və universitetimizdə tədris olunan dillər müəllimlərimiz və tələbələrimiz tərəfindən Cocuq Mərcanlıda təbliğ və tədris olunacaq.

Sonda bu gözəl həyat təcrübəsini yaşadığıma görə ilk növbədə universitetimizin rektoru, akademik Kamal Abdullaya,  səfərimin təşkili ilə məşğul olan Məmməd İsmayılova, uşaqlar üçün göndərdikləri dərslik və bədii ədəbiyyat nümunələrinə görə kafedramızın professoru Çəmən xanım Babaxanovaya və baş müəllim Əzizə Məmmədovaya, ezamiyyətdə olduğum vaxt mənim dərslərimi əvəz edən müəllimlərimiz Aygün Məqami və Kəmalə Kərimovaya, məni böyük mehribanlıqla  kəndlərində qəbul edən Cocuq Mərcanlı sakinləri və orada yerləşən Novruz Aslanov adına kənd məktəbinin müəllim-şagird kollektivinə dərin təşəkkürümü və ehtiramımı bildirirəm.

  Gülnarə Sadıxova filologiya elmləri doktoru, professor, Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, Frankofoniya, fransız dili və mədəniyyəti mərkəzinin rəhbəri