XƏBƏRLƏR

Cocuq Mərcanlıya səfər düşüncələri

23 sentyabr, 2019

Son vaxtlar həmin gün olduğu kimi həyəcanlı olmağım yadıma gəlmir. Azərbaycan Dillər Universitetinin bir qrup əməkdaşı ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gedirdik. İllər sonra azadlığına, sakinlərinə qovuşan bu kəndin ziyarətinə getmək arzumuz gerçəkləşmişdi.

2016-cı ilin aprelində Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyini işğaldan azad etdi və daha sonra Cocuq Mərcanlıya qayıdışın təmin olunması üçün aparılan hərbi, psixoloji və humanitar hazırlıqların yüksək şəkildə olması məcburi köçkünlər, xüsusilə də Cocuq Mərcanlı kəndindən olan insanlar arasında böyük ruh yüksəkliyinə səbəb oldu. Bu gün artıq Cocuq Mərcanlıda sakinlərin rahat yaşaması üçün hər bir şərait var və onların təbəssümlərində sonsuz sevinc hissi açıq-aydın görünür. Digər vacib bir məqam odur ki, Cocuq Mərcanlıda həyatın bərpası ciddi mənəvi-psixoloji üstünlük əldə etməyə imkan verdi. Cocuq Mərcanlı əhalisi həyata keçirilən tədbirləri böyük ruh yüksəkliyi ilə qarşıladı və bu gün daha da artan xoşbəxtlik hissi ilə öz yurd-yuvalarında firavan yaşayırlar.

Lələtəpə yüksəkliyindəki üçrəngli bayrağımız Azərbaycanın heç bir yerində görünməyən qüdrətlə dalğalanır. Hətta o qədər qüdrətlə ki, o yüksəklikdən düşmənə meydan oxuyur, sakinlərə və oraya səfər edənlərə əminlik bəxş edir. Kəndin girişindəki böyük yol nişanına baxanda Dağlıq Qarabağa “Böyük Qayıdış” yolunun məhz buradan keçərək Azərbaycanın digər işğal olunmuş ərazilərinə aparacağına əmin ola bilərik. Cocuq Mərcanlı məscidinə daxil olarkən isə insanın ağlından ancaq tezliklə Şuşa məscidini ziyarət etmək arzusu keçir.

Məmməd İsmayılov, Əlavə təhsil və təcrübə fakültəsinin dekanı