XƏBƏRLƏR

Birinci kurs tələbələri ilə görüş keçirilib

20 sentyabr, 2019

Sentyabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinə qəbul olmuş birinci kurs tələbələri ilə görüş keçirilib.

Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyli tələbələri və müəllimləri salamlayıb, onlara yeni dərs ilində uğurlar arzu edib. Dekan çıxışında Azərbaycan Dillər Universitetinin nüfuzundan, beynəlxalq əlaqələrindən söz açıb. Qeyd olunub ki, ölkəmizdə təhsilə, elmə diqqət və qayğı hər il artmaqdadır. Azərbaycan Dillər Universiteti də təhsilə, elmə diqqət və qayğısını, tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsini, müasir auditoriyaların, oxu zallarının, kitabxanaların qurulmasını həyata keçirir. Hər bir tələbənin bilik və bacarıqlarının artırılması üçün Azərbaycan Dillər Universitetində bütün imkanlar var.

Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov tələbələrin dərsdənkənar fəaliyyətindən danışıb. Universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar Təşkilatının və digər klub və mərkəzlərin tələbələrin dərsdən kənar fəaliyyətinin daha faydalı, daha səmərəli olması üçün mühum olduğu vurğulanıb. Bu fəaliyyət sahələrinin həm tələbələrin dünyagörüşünün artırılmasında, həm də universitetin ictimai həyatında aktiv olmasında zəruri rol oynadığı qeyd olunub.

Tədbir tələbələrin sualları ilə başa çatıb.