XƏBƏRLƏR

Yüksək bal toplayan, kənd məktəbində xidmət edən məzunumuz - Şəbnəmin uğur hekayəsi

18 sentyabr, 2019

Mən Şəbnəm Uğurlu Tofiq qızı Laçın şəhərində doğulmuşam. Müəllim ailəsində böyümüşəm. Bəlkə elə müəllim çörəyi ilə böyüməyimdəndir ki, uşaqlığımdan bu peşənin vurğunu olmuşam. Atam rus dili müəllimi idi və SSRİ maarif əlaçısı olub. Laçın rayonunda təhsilin inkişafında böyük xidmətləri olub. Dostları Şahmar Əkbərzadə, İsa  İsmayılzadə, Nüsrət Kəsəmənli, Aydın İbrahimovun dəfələrlə Bakıya gəlməsini çox təkid etmələrinə baxmayaraq, atam hər zaman Laçında qalmağı və daha faydalı olduğu yerdə xidməti üstün tutmuşdur. Bəlkə elə buna görədir ki, mən bu gün müəllimlərin işə qəbul imtahanında topladığım yüksək balla şəhər məktəbində deyil, məhz laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları, Ağcabədi rayonu ərazisində yerləşən bir kənd məktəbində xidmət edirəm.

Bakı şəhəri 54 saylı orta məktəbi bitirmişəm. Azərbaycan Dillər Universitetinin məzunuyam. Ali məktəbi bitirdikdən sonra, bir müddət “Azərsun Holding”də tərcüməçi vəzifəsində çalışmışam. Əslən laçınlı olsam da, rayonumuz işğal altında olması səbəbindən, Bakı şəhərində böyümüşəm. Amma hər zaman, laçınlı məcburi köçkünlərin böyük bir qisminin yaşadığı, Ağcabədi rayonu ərazisində yerləşən, “Taxtakörpü"adlı bir qəsəbə olduğunu eşidirdim. Açığını desəm, heç vaxt orada yaşayacağımı  düşünməmişdim. 2012-ci ildə MİQ imtahanına getdim. Yüksək bal topladım, istənilən məktəbə düşə biləcəyim anda, qərara gəldim ki, mənə daha çox ehtiyac olan yerdə olmalıyam, onsuz da şəhərdə yaxşı müəllim çoxdur. Elə yerlərdə isə, yaxşı müəllimə daha çox ehtiyac var. Və beləcə kənd mühitində pedoqoji fəaliyyətə başladım. Şəhərdə böyüyən və yaşayan biri kimi məişət çətinlikləri ilə üzləşdim, lakin şagirdlərin və valideynlərin mənə olan isti münasibəti, məni bir an olsun belə, verdiyim qərardan peşman etmədi. Odur ki, bu gün  artıq  8-ci ildir  ki, pedaqoji fəaliyyətimə davam edirəm. Mən bura gələndə özümə söz verdim ki, hər kəsə sübut edəcəyəm ki, peşəndə  inkişaf etmək, yeniliklərə imza atmaq üçün, məkan əsla fərq etməz. Önəmli olan istəkdir.

Gənc müəllim olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin daim diqqət mərkəzindəyəm. 2018-ci ildə cənab nazir Ceyhun Bayramovun ucqarlarda çalışan gənc müəllimlər ilə görüşündə iştirak etdik, səmimi bir ortamda, cənab nazirimizlə söhbətləşdik və həyat hekayəmizi böyük bir həvəslə və səbrlə dinlədi. Elə həmin ildə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin, Azedu.az təhsil portalının və “Gənc müəllim” şəbəkəsinin birgə layihəsi olan “İlin gənc müəllimi” müsabiqəsini qatıldım. Cümhuriyyətin 100 illiyinə həsr olunan bu müsabiqədə, şagirdlərimlə ingilis dilində videoçarx hazırladıq və sosial şəbəkədə böyük bir rezonans yaratdıq. Bu müsabiqənin qalibi oldum. Və bu, mənim olduğu qədər, 8 ildir hər gün ünsiyyətdə olduğum şagirdlərimin uğuru idi. Təltifetmə Milli Məclisdə baş tutdu. Ən unudulmaz günlərdən biri idi.

Mən məsafələri heç vaxt əngəl hesab etməmişəm, fərqli şəhərlərdə olan beynəlxalq təhsil konfranslarında tezis yazaraq iştirak etmişəm. Məsələn, bu ilin yanvar ayında İstanbulda keçirilən beynəlxalq Təhsil Konfransında iştirak etdim və fərqli ölkələrdən olan müəllimlər qarşısında, yanvar ayı olmasından istifadə edərək, “20 Yanvar faicəsi" mövzusunda hazırladığım slayd ilə çıxış etdim. Onlar arasında Azərbaycanda olan da var idi, olmayan da, buna görə də, mən onlara çıxışımın sonunda, Bakını Bolşevik zülmündən azad etməyə gələn Nuru Paşanın Osmanlı əsgərlərinin məzarlarını Bakının ən hündür nöqtəsi olan Dağüstü parkda, Azərbaycan şəhidləri ilə bərabər uyuduqlarını bildirməyi, özümə borc bildim.

Bu gün mən çox xoşbəxtəm ki, yazdığım məqalələr, bədii yazılar, “Azərbaycan müəllimi” qəzetində və bir çox mətbuat orqanlarında çap edilir. Azərbaycan gəncliyi və Azərbaycan təhsili ilə bağlı proqramlarda qonaq qismində iştirak etmişəm. Mən xoşbəxtəm ki,  Təhsil Nazirliyinin “Məktəblilər üçün oxu" layihəsində bütün Azərbaycan məktəbliləri üçün O.Henrinin  “Son yarpaq" hekayəsini oxumuşam. Eyni zamanda yeni  yaradılmış Gənc Müəllimlər Assosiasiyasının fəal üzvüyəm, çox xoşbəxtəm ki, Təhsil Nazirliyinin “Bizim Müəllim" layihəsinin iştirakçısıyam. Ən əsası buna görə xoşbəxtəm ki, 11 sentyabr 2019 cu ildə keçirilən Təhsil İşçilərinin Respublika Konfransında bütün Azərbaycan müəllimləri adından çıxış edən müəllim, məhz mən oldum! Və hər şeydən də çox buna görə xoşbəxtəm ki,  mən bütün bunlara bəlkə də çoxunun adını belə eşitmədiyi kiçik bir köçkün qəsəbəsində nail olmuşam.  Demək ki, çəkilən əziyyətlər heç vaxt itmir və bizlər daim ölkə başçısının və Təhsil Nazirliyi rəsmilərinin diqqətindəyik!