XƏBƏRLƏR

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının uğurlu fəaliyyəti

17 sentyabr, 2019

Xalqımızın milli şüurunun və ictimai-siyasi dünyagörüşünün formalaşmasında ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının mühüm rolu və əhəmiyyəti var. Heydər Əliyevin fəlsəfi baxışlarına görə azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Azərbaycançılıq dedikdə, ilk növbədə müstəqil dövlətimizin qorunub və inkişaf etdirilməsi, yeni nəslin azərbaycançılıq ruhunda tərbiyə olunması nəzərdə tutulur. Buna öncə ailədən, sonra orta məktəbdən başlanılsa da, Azərbaycanşünaslığın azərbaycanlı yeniyetmə və ya gəncin düşüncəsində sistemli təməli məhz ali məktəbdə qoyulur. Azərbaycanlı gənc məhz universitet auditoriyasında öz vətəni, tarixi, mədəniyyəti, psixologiyası, danışdığı dilin özəlliyi ilə yaxından tanış olur. Fəaliyyət göstərdiyimiz Azərbaycan Dillər Universitetinin tələbələri üçün də laboratoriya məhz bu missiyanı həyata keçirir.

Ölkə rəhbərliyinin bu və ya digər məsələlərlə bağlı Azərbaycan təhsilində islahat proqramına ən çevik və operativ münasibəti Azərbaycan Dillər Universitetinin simasında açıq-aydın müşahidə etmək mümkündür. ADU-nun rektoru akademik Kamal Abdullayev tərəfindən irəli sürülən təhsilin keyfiyyətinin yaxşılaşmasına yönəlmiş müxtəlif layihələr, tədris prosesinin dərinləşməsi, tələbələrin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması universitetin kollektivi tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır.

Bu xəttin davamı kimi, rektorun müvafiq qərarları ilə 2017-ci ildən ADU-da bir çox yeni kafedra,  mərkəz və elmi tədqiqat laboratoriyaları ilə yanaşı, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası da yaradılmışdır.

Azərbaycanşünaslıq ETL-in əsas məqsədi azərbaycançılıq məfkurəsinin və ideologiyasının, ulu öndər Heydər Əliyev irsinin, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm, təhsil və mədəniyyətin davamlı inkişafı sahəsində həyata keçirdiyi dövlət siyasətinin öyrənilməsi və təbliği, universitetdə təhsil alan azərbaycanlı gənclərin xalqımızın dili, tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə bağlı müasir elmi biliklərə yiyələnməsi, azərbaycançılıq ruhunda tərbiyə olunması, Azərbaycanşünaslığın inkişafına dəstək göstərməkdir.

Bu məqsədlə, Azərbaycanşünaslıq laboratoriyasının fəaliyyəti elmi-tədqiqat, təbliğat, maarifləndirmə, elmi-təşkilatçılıq və s. yöndə istiqamətləndirilmişdir. Azərbaycanşünaslığın aktual problemlərinə aid  bir çox əhəmiyyətli mövzular və tədbirlər əhatəli şəkildə nəzərdə tutulmuş və həyata keçirilmişdir. Bunlardan birincisi, ulu öndər Heydər Əliyevin xalqımızın qarşısına qoyduğu milli və mənəvi dəyərlərimizi qorumaq və təbliğ etməkdir.

“Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında”  mövzusu laboratoriyanın əsas elmi-tədqiqat fəaliyyətidir. Bu istiqamətdə tədqiqatlar aparılır, müxtəlif kafedra və qurumlar ilə elmi seminarlar, dəyirmi masalar keçirilir: “Ümummilli lider Heydər Əliyevin milli Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində fəaliyyəti”, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyevin dövlətçilik strategiyası”, “Heydər Əliyev və Azərbaycan gəncləri”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Müstəqil Azərbaycanın Beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Heydər Əliyev mərhələsi”, “Folklor və ədəbi abidələr Heydər Əliyevin azərbaycançılıq konsepsiyasının kontekstində” və s.

   Keçirilən tədbirlər sırasında ən önəmlisi də ulu öndər Heydər Əliyevin anadan olmasına həsr olunmuş ənənəvi Beynəlxalq elmi konfransın təşkilində iştirak etməkdir.

Bu illər ərzində laboratoriyanın əməkdaşları Azərbaycan dili, tarixi, fəlsəfəsi, ədəbiyyatı mövzusunda bir sıra kitab, tezis və məqalələr çap etdirmişdir: f.f.d.Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili”, prof. Niyazi Mehdinin “Qəribə adamlar, qəribə olaylar. Azərbaycan tarixindən yığdıqlarım və yozduqlarım”, “Altay və Umay” adlı kitabları, “Multikulturalizm çərçivəsində dini plyuralizm. Problemin  fəlsəfəsi və Azərbaycan üçün nəticələri”, “Post-modernizmin “kodu””, “Post-modernizmin “nəliyi” və “necəliyi” haqqında post-modernist söhbət” adlı məqalələri  və s.

   Universitetin rektoru akademik K.Abdullayev Azərbaycanşünaslığın aktual problemləri ilə bağlı müxtəlif kafedra, laboratoriya və qurumlarla birgə tələbələrin iştirakı ilə tədbirlərin hazırlanması və keçirilməsini tövsiyə etmişdir. Azərbaycanşünaslıq ETL bu istiqamətdə universitetin Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatı, fakültələri, Azərbaycan dilçiliyi, Azərbaycan ədəbiyyatı, Regionşünaslıq, Beynəlxalq münasibətlər,  Fəlsəfə və ictimai elmlər, Qafqazşünaslıq və Azərbaycan tarixi, Ümumi dilçilik kafedraları, Serb dili və mədəniyyəti mərkəzi ilə birgə azərbaycançılıqla bağlı tələbələrin maarifləndirilməsi, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə və incəsənətinə marağın artırılması yönündə dəyirmi masalar, kitab təqdimatı və elmi seminarlar keçirilir. Mütəmadi olaraq, dəyirmi masalar və elmi seminarlar keçirilmişdir: “Dağlıq Qarabağ münaqişəsinin hüquqi-diplomatik aspektləri”, “Ana kitabımız – “Dədə Qorqud””, “Beynəlxalq ictimaiyyətdə 31mart soyqırımı həqiqətləri: problemlər və perspektivlər”, “Ana dilimiz və mətbuat”, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan ədəbi dilinin saflığının qorunması”, “Azərbaycançılıq dövlətimizin milli ideologiyasıdır”, “Cənubi Qafqazda  münaqişələr və böyük dövlətlərin mövqeyi”, “İrəvan XX əsrin əvvəllərində”, “Görkəmli Azərbaycan filosofu, akademik Heydər Hüseynovun anadan olmasının 110 illiyi”, “Almanların Azərbaycana köçürülməsinin 200 illiyi: köçürülmənin səbəbləri və nəticələri” və s.

“Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilmişdir: “Azərbaycan Demokratik Respublikasının dil siyasəti”, “Azərbaycan dili milli özünüdərk vasitəsidir”, “Azərbaycan şifahi xalq ədəbiyyatı və dil”, “Dilin fəlsəfəsi”, “Azərbaycan dili milli sərvətimizdir”  və s.

Eyni zamanda, müvafiq kafedralarla laboratoriyanın əməkdaşları müxtəlif mövzularda birgə mühazirələr keçirtmişdir: “Heydər  Əliyevin  dil siyasəti”, “Azərbaycan dili haqqında sərəncamlar: qarşıda duran vəzifələr”, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”, “Azərbaycan ədəbi dilinin tarixi”, “Ədəbiyyatda postmodernizm”, “Antik fəlsəfənin tarixi”, “Cümhuriyyətimizin dəyərləri: 9 noyabr milli bayraq günü”, “Müasir ədəbi-estetik cərəyanlar: modernizm”, “Qloballaşma şəraitində Azərbaycan dilindən düzgün istifadə”, “Türk yazı sistemi, əlifba”, “Müasir dövr Türkiyə ədəbiyyatı və ədəbi dil məsələləri” və s.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamları ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” və 2019-cu il isə “Nəsimi İli” elan olundu. Bununla bağlı Azərbaycan  Xalq  Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilmişdir: “Məhəmməd Əmin Rəsulzadə AXC-nin qurucularından biri və milli  ideologiyanın banisi  kimi”, “Ə.M.Topçubaşov görkəmli diplomat və dövlət xadimi kimi”, “Azərbaycan Demokratik Respublikasının dil siyasəti”, “AXC dövründə ədəbiyyat və mətbuat”, “Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlərdə”, “AXC və təhsil”, “AXC dövründə ədəbiyyat və mətbuat”, “AXC-nin sosial-siyasi və mədəni həyatı”, “AXC və qadınlar”,  “AXC: 1918-1920-ci illərə baxış” və s.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə laboratoriyanın əməkdaşları prof. Solmaz Rüstəmova-Tohidinin “Əlimərdan bəy Topçubaşov İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)”, “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti”, “Azərbaycan Xalq Cümhuriyyəti-100. Müstəqilliyin çətin yolu”, “31 Mart tariximizin faciəli səhifəsi”, f.f.d. Elçin İbrahimovun “Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri” kitabları çap olunmuşdur.

İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Nəsimi irsi dünya ədəbi-fəlsəfi baxışlar kontekstində”, “İ. Nəsiminin “Sığmazam” qəzəli: məzmun və ideyası” adlı dəyirmi masalar tələbələrin iştirakı ilə keçirilmişdir. Cari ilin oktyabr ayında  “Nəsimi irsi – 650 il” adlı dəyirmi masa tələbələrin iştirakı ilə keçiriləcək.

Eyni zamanda xalqımızın tarix, ictimai-siyasi həyatını əks etdirən kitabların təqdimatları və müzakirələri keçirilmişdir: akademik Ramiz Mehdiyevin  “Григорианская церковь как инструмент шпионажа против сефевидского государства XVII-первая четверть XVIII вв”, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”, Rizvan Hüseynovun “Азербайджан и армянский вопрос на Кавказе”, “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı tədbir və s.

Bunlarla yanaşı, universitetin Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatı ilə birgə 20 Yanvar hadisələri, Xocalı faciəsi, Aprel döyüşləri ilə bağlı döyüş iştirakçıları və II Dünya müharibəsi veteranlarının tələbələrlə görüşü təşkil olunmuşdur.

Universitetimizdə təhsil alan tələbə və magistrların dünyagörüşünün genişləndirilməsi, Azərbaycan haqqında geniş məlumat verilməsi, onlarda vətənpərvərlik və azərbaycançılıq ruhunun formalaşdırılması və bilik səviyyələrinin yoxlanılması məqsədi ilə Təhsil, Tərcümə, Filologiya, Beynəlxalq münasibətlər və İdarəetmə fakültələrində, Sabah qruplarında, Magistratura şöbəsində monitorinq keçirilmişdir.

Universitetimizdən xaricə gedən tələbələrin azərbaycançılıq məfkurəsini dərindən öyrənməsi, ölkəmizin siyasət, iqtisadiyyat, tarix, mədəniyyət və incəsənəti istiqamətində maariflənməsi üçün laboratoriya nəzdində mühazirələr keçirilmişdir.

Hazırda laboratoriyanın əməkdaşları “Azərbaycan Tərcümə Ensiklopediyası”nın  2-ci nəşri üzərində işləri davam etdirir. Bununla yanaşı, “Avropa kütləvi informasiya vasitələrində müstəqil Azərbaycan” haqqında materialların toplanması (ingilis, fransız, alman) və “Azərbaycan maarifçiləri”  kitablarının hazırlanması işləri aparılır.

Azərbaycanşünaslıq ETL Azərbaycanın xaricdə tanıdılması yönündə də bir sıra işlər aparır. Bu istiqamətdə universitetin Beynəlxalq əlaqələr departamenti ilə birgə bir neçə xarici ölkələrdə “Azərbaycan dili və mədəniyyəti” mərkəzlərinin açılmasında fəaliyyət göstərib (İndoneziya, Çin Xalq Respublikası, Serbiya, Rusiya Federasiyası). Görkəmli rus ədəbiyyatşünası, tərcüməçisi, Moskva Dövlət Linqvistik Universitetin ədəbiyyat kafedrasının müdiri professor A.P.Bondarev və Tbilisi Dövlət Universitetinin akademik heyəti ilə  görüş geniş maraq doğurmuşdur.

Azərbaycanşünaslıq ETL-in 2017-2018 və 2018-2019-cu tədris illərində keçirtdiyi  tədbirlər laboratoriyanın nəşr etdirdiyi 1 və 2 saylı bülletenində işıqlandırılmışdır.

Görülən tədbirlər eyni zamanda kütləvi  informasiya  vasitələrində də öz əksini tapmışdır.