XƏBƏRLƏR

Ülfət İbrahim beynəlxalq qurultayda ölkəmizi təmsil edib

13 sentyabr, 2019

Azərbaycan Dillər Universitetinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, f.f.d., professor əvəzi Ülfət Zakir oğlu İbrahim 4-8 sentyabr tarixlərində Yunanıstanın Afina şəhərində baş tutmuş Avropa ölkələri fransız dili müəllimlərinin 3-cü qurultayına qatılaraq ölkəmizi təmsil edib. 

Tədbirin açılışında Yunanıstanın Təhsil Nazirliyinin baş katibi, Afina Universitetinin professor heyəti, Fransa, İsveçrə, Kanada, Belçika eləcə də digər ölkələrin Afinada akkreditə olmuş səfirləri nitq söyləyiblər.

Vyana və Praqadan sonra Afina universitetində keçirilən qurultayda Avropa ölkələri ilə yanaşı Braziliya, Vyetnam, Mərakeş, Misir, Liviya, Kanada, ABŞ, Dominikan Respublikası, İran, Hindistan, Tunis, İordaniya, İsraildən olan 55 ölkənin ali təhsil, 188 universitet və 300-ə  yaxın müəllimi iştirak edib. 

Dörd ildən bir keçirilən qurultayın əsas şüarı « Le français passion de demain » adlanır. Qurultayda müzakirə olunan əsas mövzular arasında fransız dilinin yayılması, fransız dilinin rəqəmsal texnologiyalarla tədrisi, didaktikası, tərcüməçilik və fransız dilli müəllimlərinin assosiyasiyalarına gənc üzvlərin cəlb edilməsi məsələləri ön plana çəkilib.

Qurultayda 100-ə yaxın universitet müəllimi öz elmi məruzələri ilə çıxış edib. Qurultay çərçivəsində fransız dilinin tədrisinin təkmilləşdirilməsi məqsədi ilə müəllimlər üçün müxtəlif tədris dərnəkləri təşkil olunub. Bu dərnəklər fransız dilinin rəqəmsal tədrisini həyata keçirən TV 5 Monde, RFİ, CİEP,Alliance Francaise, Campus France, Francophonia, Universite de Normandie və Université de Montpellier »-in dəstəyilə baş tutub. 

Fransız dilli nəşəriyyat evlərindən olan CLE İnternational, Hachette, Maison des Langues, FLE PUG, Editions Didier, le Francais dans le monde kimi mötəbər nəşriyyatlar öz kitab, dərslik və lüğətlərini qurultay boyu mütəxəssislərə təqdim ediblər. Qurultay zamanı Ülfət Zakir oğlu İbrahim «La problematique de traitement des textes socio politiques en classe de traduction» mövzusunda iştirakçılar qarşısında geniş məruzə ilə çıxış edib. Elmi məruzə qurultay iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda fərqlənən məruzəçilərə sertifikatlar təqdim olunub.