XƏBƏRLƏR

ADU-nun rektoru Prezident təqaüdünə layiq görülən tələbə ilə görüşüb

13 sentyabr, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, Xalq yazıçısı Kamal Abdulla 672.1 balla ADU-nun Tərcümə (Koreya dili - Azərbaycan dili) fakültəsinə qəbul olmuş və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüş Ağazadə Ləman Elnur qızı ilə görüşüb.

Təhsil ocağının builki qəbul göstəricilərini yüksək qiymətləndirən rektor bildirib ki, universitet onu seçən insanların, gənclərin ümidini, arzularını doğrultmalıdır: “Biz də çalışacağıq ki, sizi Azərbaycana, onun dövlətinə, xalqına, prezidentinə layiqli vətəndaşlar kimi formalaşdırmaq üçün əlimizdən gələni edək. Cənab prezidentin Azərbaycan təhsilinə, xüsusilə tələbələrə verdiyi dəyər, bəslədiyi isti münasibəti hər dəqiqə, hər an hiss edirik. Sizi də universitetimizin kollektivi adından Prezident təqaüdünə layiq görülməyiniz münasibətilə bir daha təbrik edirik!”.

Universitet həyatının son dərəcə maraqlı və qiymətli zamanı əhatə edəcəyini deyən Kamal Abdulla bu dövrün tələbələrin insan, vətəndaş kimi formalaşma məqamı olduğunu vurğulayıb. Rektor Ümummilli lider Heydər Əliyevin universitet tələbələri ilə görüşlərindən biri zamanı rektorlara “Bu tələbələr mənim sizə əmanətimdir” sözlərini xatırladıb və gənclərə ulu öndərin əmanəti olduqlarını diqqətə çatdırıb:

“Siz gələcəyinizi dillərin, mədəniyyətlərin, müxtəlif beynəlxalq münasibətlərin öyrənilməsinə sərf etməklə, həyatınızı bu istiqamətə bağlamaqla, elmi işlərinizi, gələcək fəaliyyətinizi bu yöndə inkişaf etdirməklə səhv etməmisiniz”.

Rektor universitetin akademik heyəti ilə tələbə və məzunlar arasında davamlı xoş münasibətlərin qurulduğunu deyərək, tələbələri maraqlı universitet həyatının gözlədiyini söyləyib: “İnanıram ki, zaman gələcək, məktəb illərini nostalji hissləri ilə xatırlayanlar tələbəlik illərini də həmin səmimi, insani, incə və dərin hisslərlə xatırlayacaqlar”.

Prezident təqaüdünə layiq görülməsinin sevincini yaşadığını deyən Ləman Ağazadə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycanın təhsil siyasəti hər yeni gün uğurla inkişaf edir, tələbələrə verilən dəyər hər yeni gün bir neçə pillə yüksəlir.

Azərbaycan Dillər Universitetinə və Koreya dilinə olan marağından danışan Ləman Ağazadə öz növbəsində universitet rəhbərliyinə minnətdarlığını bildirib. O qeyd edib ki, cəmi bir illik hazırlıq prosesi nəticəsində yüksək nəticəni əldə edib: “Azərbaycan Dillər Universiteti həmişə bizim diqqətimizi çəkirdi. Xüsusən də koreya dilinə olan marağım, sinxron tərcümə sahəsinə olan sevgim mənim bu universiteti, xüsusilə də bu ixtisası seçməyimə zəmin yaratdı. Azərbaycan Dillər Universitetinin beynəlxalq nüfuzundan və beynəlxalq əlaqələrindən yararlanaraq təhsilimi xaricdə davam etdirmək istəyərəm”.

Rəsm qabiliyyətindən və piano ifaçılığından danışan L.Ağazadə əminliyini bildirib ki, universitet həyatı onun üçün də maraqlı və yaddaqalan keçəcək.