XƏBƏRLƏR

Amerikan antroponimikası və allüziv adlar

16 avqust, 2019
    Hacıyeva Aytən Kamal qızı,                              ADU-nun dosenti            

Amerikan antroponimikası və allüziv adlar

Açar sözlər:

 allüziya, onomastika, antroponimika, ləqəblər, etimologiya, mifologiya   

Key words:

allusion, onomastics, anthroponomy, nicknames, ethymology, mythology

Ключевые слова:

Аллюзия, ономастика, антропонимика, прозвища, этимология, мифология  

Onomastik vahidlər, eləcə də şəxs adları bədii obrazları təqdim edir, yazıçı və ya şairin fərdi üslubunu müəyyənləşdirir, əsərin ümumi ideya və məzmunu ilə əlaqədar işlədilir, fikrin obrazlı verilməsində, emosional şəkildə oxucuya çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Onlar milli koloritin gücləndirilməsində, obrazların daha canlı yaradılmasında, satirik gülüşün şiddətləndirilməsində və s. məqamlarda ən dəyərli dil vahidi rolunu oynayır.

Onomastik vahidlərin bir qolu olan antroponimlərin, yəni şəxs adlarının üslubi funksiyası tarixi şəraitlə, insanların sosial münasibəti, onların nitq mədəniyyətinin vəziyyəti ilə müəyyən edilir. Etimoloji baxımdan bir dilin leksikası ilə əlaqələndirilməyən hər hansı bir ad həmin dilin daşıyıcısı olan xalqın nitqində və ədəbiyyatında kifayət qədər işlənmə tezliyi qazandıqda həmin xalqa aid ad hesab olunur. Hətta tarixən və etimoloji baxımdan bir xalqın dili ilə əlaqələndirilən adların işlənmə tezliyi müəyyən səviyyədən aşağı düşdükdə isə, belə adlar passiv adlar sırasına daxil olur, tədricən real sözlərdən potensial sözlərə çevrilir və nəhayət, unudulur.

İngilis dilinin antroponimlər sistemi zəngin və rəngarəngdir. Odur ki, onları müxtəlif aspektdə tədqiq etmək mümkündür. Hal-hazırda bədii ədəbiyyatda və folklorda işlənən xüsusi adlar geniş şəkildə tədqiq olunmaqdadır. Antroponimlərin xalqın dünyagörüşü və əqidəsilə bağlılığı qədim dövrlərdən xalqın diqqətini cəlb etmişdir. Bu problemlər tarix, coğrafiya, etnoqrafiya kimi elm nümayəndələri ilə yanaşı, filoloq-dilçiləri, ədəbiyyatçıları da yaxından maraqlandırmışdır. Çünki hər bir xüsusi ad, hər şeydən əvvəl sözdür, söz kimi də dil sisteminə daxil olur və ədəbi dilin bütün üslublarında işlədilir.

Amerika antroponimika sistemi ümumi ingilis antroponimlərinə əsaslanır, lakin onların da özünəməxsus xüsusiyyətləri var. Məsələn,

1) Demək olar ki, bütün dünya xalqlarında qadın ərə gedərkən həyat yoldaşının soyadını qəbul edir, lakin ingilisdilli ölkələrdə qadın ərinin soyadından əlavə onun ilkin adını da qəbul edir, məsələn, Mrs. George Jones  - xanım Corc Cons (eləcə də xanım Şarlotta Cons). Bunun nəticəsində evli cütlükləri bu cür adlandırmaq olar: the Frank Browns, the James Mortons – “Frenk Brounlar” cütlüyü və ya “Ceyms Mortonlar” cütlüyü və s.

2) İkincisi, ABŞ-da oğlanlara ikinci “orta” adın verilməsi qəbul olunmuşdur. XVIII əsrin ortalarına qədər Amerikada orta adlar nadir hallarda işlədilərdi və xaç suyuna salınma zamanı iki adın verilməsi ingilis ənənələrinə zidd hesab edilirdi. Orta adın əvəzinə daha çox heç bir məna kəsb etməyən baş hərf istifadə edilirdi ki, eyni ad-familiyası olan insanları bir-birindən fərqləndirmək mümkün olsun.

3) Amerikan antropologiyasının daha bir ənənəvi xüsusiyyəti atanın ad və familiyasını daşıyan oğulun adına Jr. (=Junior “kiçik”) sözünün əlavə edilməsidir. ABŞ-da John J. Smith adlı şəxsin oğlu John J. Smith, Jr., onun oğlu isə John J. Smith, III adlanır.

Qızlarda bir qədər başqa cürdür. Əgər qız anasının adı ilə adlandırılırsa, onda ananın adı – Mrs. John Smith, qızın adı isə Miss Mary Smith olur. Amma onlar hər ikisi işləyirsə və ilkin adlarından istifadə edilirsə (Mary), onda qız Mary Smith, the Younger (Junior yox) adlandırılır.

4) Daha sonra Amerikada dini adlara (məsələn, Joseph, Samuel, Ezra, Adam və s.), tarixi və mifoloji qəhrəman adlarına (Hannibal, Jason, Homer, Columbus, Roland və s.) da tez-tez rast gəlinir.

5) Reprezentativ, ümumiləşdirici adlar sırasına millətin simvolu olan adlar da daxildir: Uncle Sam – “Sem dayı”, ABŞ; to work for Uncle Sam - dövlət xidmətində olmaq (ABŞ-da); Uncle Samism – amerikalılar haqqında yanlış fikirdə olmaq və s.

6) Müxtəlif peşələri səciyyələndirən adlar da mövcuddur: G.A.Joe – sıravi əsgər; Sammy – amerikan əsgəri (I Dünya müharibəsi dövründə); Jack Tar – dənizçi; Cheap Jack – alverçi; Joe College –tələbə.

  7) Ləqəblər: Hick – “kənd adamı”, köntöy; Tom Fool – axmaq; Simple Simon – sadəlövh; Jack Blunt – kütbeyin; Slappy Joe – pinti.

 Amerikan antroponimiyasında allüziv adlara da rast gelinir. Lakin müasir amerikan cəmiyyətində allüziv adlar, yəni ədəbi, mifoloji, dini və s. mənbələrdən götürülmüş adlar elə də aktual deyil.

Allüziya hər hansı bir tarixi, ədəbi, mifoloji, siyasi, dini fakta birbaşa deyil, dolayı yolla olan bir eyhamdır, istinaddır. Dolayı yolla istinad dedikdə mənbənin göstərilməməsi nəzərdə tutulur. Yəni allüziyanı işlədən şəxs həmin faktın orda olan insanlara aydın olmasına əmin olmalıdır. Məsələn, Azərbaycan auditoriyasında “Hacı Qara” ifadəsini işlətsək bu onlara aydın olacaq, belə ki, hər bir azərbaycanlının M.F.Axundovun “Sərgüzəşti-mərdi-xəsis” (Hacı Qara) əsərindən xəbəri  vardır. Birini Hacı Qara adlandırmaqla həmin əsərin qəhrəmanına xas olan xəsislik xüsusiyyəti adlandırılan insana köçürülür. Lakin bu ifadəni (allüziyanı) ingilis auditoriyasında işlətsək, bu onlar üçün anlaşıqlı olmayacaqdır. Bu halda bu, yerində işlədilməmiş bir allüziya hesab edilir. Belə ki, artıq qeyd etdiyimiz kimi, allüziyada istinadın mənbəyini göstərmək olmaz. Bu halda bu allüziya deyil, adi istinaddır.

Allüziyanı işlətmək və anlamaq insandan ədəbiyyat, mifologiya, tarix və cografiya haqqında müəyyən biliklərə malik olmasını tələb edir. Belə biliyə malik olmayan insan allüziyanı anlaya bilməz. Allüziya üslubi ifadə vasitəsi kimi həm mətnə bəzək verir, həm də ədəbi qəhrəmanların daxili aləmini daha dərindən açır.

İngilis ədəbiyyatında qəhrəmanların, personajların xarici görünüşünə əsaslanan allüziyalar az deyil, belə ki, insanda bizi cəlb edən ilk cəhət – xarici görünüşdür. İnsanın xasiyyəti isə sonradan, ünsiyyət qurarkən, müxtəlif situasiyalarda üzə çıxır.

Amerikanın adlar sistemində müəyyən yer tutan allüziv adlara nəzər salaq:

1) Antik mifologiya qəhrəmanlarının adları: Jupiter, Hercules, Hobo, Hecate, Ganymede, Cupid.

2) Geniş konnotasiyaya malik olan dini qəhrəman adları. Amerikalılar özləri bu adların mənasını və mənbəyini bilsələr də, digər mədəniyyət nümayəndələrinin onların izahına ehtiyacı var. Bu adlar əsasən İncil (Bibliya) qəhrəmanlarının adlarıdır. Məsələn:

 Ananias – Ananiy, yalan üstündə öldürülmüş ilk xaçpərəstlərdən biri; (məc.) yalançı.

Moses –1. Musa, yəhudilərin peyğəmbəri; 2. sələmçi yəhudi.

 The Good Samaritan – mərhəmətli samariyalı (Samariya sakini); quldurlar tərəfindən soyulmuş yolçuya yardım edir və onun yaralarını sarıyır; (məc. mərhəmət rəmzi).

  1. Dünya ədəbiyyatı qəhrəmanlarının adları: Penelope, Beatrice, Don Juan, Don Quixote, Tartuf(f)e.

Dr. Jekyll and Mr. Hyde – doktor Cekil və Mister Hayd. R.Stivensonun “Doktor Cekil və Mister Haydin qəribə əhvalatı” (“The Strange Case of Dr.Jekyll and Mr. Hyde” by R.L.Stevenson, 1886) əsərindəki qəhrəmanının ikiləşmə xüsusiyyətini səciyyələndirir. Bu qəhrəman həm pis, həm də yaxşı xüsusiyyətləri özündə cəmləşdirir. Hamının hörmət etdiyi, xoş bir insan gözlənilmədən ikrahdoğuran bir hərəkət etdikdə məcazi mənada bu adla adlandırıla bilər.

Bədii ədəbiyyat qəhrəmanları sırasında kral Artur əfsanəsində olan qəhrəmanların  adlarına da rast gəlinir: King Arthur, Lancelot, Guinevere, Tristram və s.

Şekspirin əsərlərindən götürülmüş allüzional adlar: Cordellia, Falstaff, Benedick, Caliban və s.

Scrooge – Skruc (Ebenezer Scrooge), Çarlz Dikkensin “A Christmas Carol” əsərinin qəhrəmanı; (məc.) xəsis, simic. Məsələn: “With 12 million or more Americans likely to be still uneployed at Christmas, a legislator who fails to vote for something or other that can be labeled a “job`s bill” is casting himself as Ebenezer Scrooge” (Time) – “Ən azı 12 milliondan çox amerikalı Miladı işsiz vəziyyətdə qarşıladıqda, “iş yerləri yarada bilən” hər hansı bir qanuna səs verməyən qanunverici özünü Ebenezer Skruc vəziyyətinə qoyur”.

Babbit – Bebbit, Cinkler Lyuisin eyniadlı əsərinin qəhrəmanıdır. Cəmiyyətin orta təbəqəsinə məxsus olan bu insan mənəvi dəyərlərə qiymət verməyərək daim var-dövlətə can atır. Buradan da Babbitry -  meşanlıq allüziv anlayışı yaranır.

İngilis dilinin amerikan variantında, amerikan onomatoloqlarının araşdırmalarına əsasən, bəzi tarixi şəxsiyyətlərin ad və soyadları məcazi mənada işlənərək müəyyən assosiasiyalar yaradır. Məsələn:

Rockefeller – Rokfeller, var-dövləti səciyyələndirir.

Longfellow – Lonqfellou, dahi şair simvolunu səciyyələndirir.

Barrymore – Berrimor, aktyorluq keyfiyyətlərini səciyyələndirir. Berrimor Con (1882-1942) – aktyorlar ailəsinin nümayəndəsi olan amerikan aktyoru, XX əsrin birinci yarısında ABŞ-da məşhur faciəvi rolların ən dahi ifaçısı.

Webster – Uebster, leksikoqrafiya sahəsində bir peşəkar. Webster Noah – (1758-1843) – amerikan leksikoqrafı, ABŞ-da ilk böyük ingilis dili lüğətinin müəllifi, ABŞ-da ingilis dili lüğətləri onun adı ilə adlandırılır.

Lincoln – vicdan rəmzi.

Benedict Arnold – Benedikt Arnold (1741-1801) – satqınliq rəmzi. Bu şəxs müstəqillik uğrunda mübarizə zamanı Vaşinqtonun ordusunda general olduğuna baxmayaraq ingilislərin tərəfinə keçmişdir.

Socrates – Sokrat, müdriklik rəmzi.

Newton – Nyuton, ağıl və zəka rəmzi. Məsələn: “Hey! Guess who the new Newton of our school is?”, ağıllı bir insanın Nyuton adlandırılması.

Blackstone – Bləkstoun –hüquq və qanun rəmzi. Ser Uilyam Bləkstoun (1723-1780) ingilis hüquqşünası olub. Onun 4 cildlik “Commentaries on Laws of England” (1765-1769) əsəri ingilisdilli ölkələrin qanunvericiliyi üçün əsas, baza hesab edilir.

İngilis dilinin allüzional antroponimlərlə zəngin olmasına baxmayaraq, daha çox bədii əsdəbiyyatdan götürülmüş allüzional adlara rast gəlinir və məhz bu cür adlar daha çox işlənmə tezliyinə malikdirlər. Bu cür allüziyalar tək bədii ədəbiyatda deyil, gündəlik həyatda, adi danışıq dilində də işləklik qazanmışdır. Məsələn:

“Don’t act like a Romeo in front of her.” (Şekspirin “Romeo və Culyetta” əsərinə əsaslanmış allüziya).

“Learned Faustus, to find the secrets of astronomy.

Graven in the book of Jove’s high firmament,

Did mount him up to scale Olympus’ top,

Where, sitting in a chariot burning bright,

Drawn by the strength of yoked dragons’ necks,

He views the clouds, the planets, and the stars.”   (Marlowe’s “Doctor Faustus” is replete with instances of allusion, Act III).

Yazıçı və şairlər əsərlərində allüziya işlətməklə mürəkkəb fikirləri və ifadə edilməsi çətin olan emosiyaları asanlıqla üzə çıxarırlar və oxucular da bunu asanlıqla qavrayırlar.

İngilis dilinin frazeoloji sistemində müəyyən yer tutan allüzional fonun formalaşmasında ingilisdilli ədəbiyyat və mədəniyyət, habelə antik tarix və mədəniyyət, eləcə də digər xalqların mədəni və ədəbi irsi mühüm rol oynamışdır. Həmin faktorları ümumiləşdirilmiş şəkildə tarixi-filoloji əsaslı və tarixi-sosial xarakterli kontekst çərçivəsində izləmək olar.

Ədəbiyyat:

  1. Axundov A. Onomastik vahid, onun mənşəyi və dil sistemində yeri, Bakı, 1988.
  2. Həsənov H.Ə. Nitq mədəniyyəti və üslubiyyatın əsasları, Bakı, 2003.
  3. Gardiner A. The Theory of Speech and Language, Oxford, 1972.
  4. Information Please Almanac 1981: Atlas and Yearbook.- 35th New York; Simon and Schuster, 1980, 1008 p.
  5. Urdang L. (ed.) Twentieth Century American Nicknames.-New York; H.W.Wilson Company, 1979, 398 p.
  6. Введенская Л., Колосников Н. От собственных имен к нарицательным, М., 1981
  7. Суперанская А.В. Общая теория имени собственного, М., 1973

 

 American Anthroponomy and Allusive Names

Summary

This article deals with American anthroponomy and names originated from different allusions. The features of American anthroponomical system are analyzed in the article. Also allusive names taken from literary, religious, mythological and other sources are pointed out and analyzed here.

Американская антропонимика и аллюзивные имена

Резюме

В настоящей статье рассматриваются американские антропонимы и имена образованные на основе различных аллюзий. В результате исследования выявлены особенности системы американской антропонимики. А также рассматриваются и анализируются некоторые аллюзивные имена взятые из литературных, религиозных, мифологических и других источников.