XƏBƏRLƏR

ADU-da “Açıq qapı” günü keçirilib

30 iyul, 2019

İyulun 30-da Azərbaycan Dillər Universitetində (ADU) ixtisas seçimi edəcək abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günü keçirilib.

Öncə universitetin tanıtım çarxı nümayiş olunub.

ADU-nun Tələbələrlə iş və tərbiyə  şöbəsinin müdiri Sərraf Hüseynov qonaqları salamlayıb. O, universitetdə fəaliyyət göstərən fakültələr və mərkəzlər haqqında ətraflı məlumat verib. ADU-nun beynəlxalq əlaqələrindən söz açan S.Hüseynov həyata keçirilən mübadilə proqramlarından danışıb. Dillər Universitetinin tələbələrə verəcəyi üstünlüklərdən danışan şöbə müdiri ölkəmizdə keçirilən bir çox beynəlxalq yarışlara, müsabiqələrə və tədbirlərə ilk növbədə dil biliyi olan gənclərin cəlb olunduğunu bildirib: “Bu məsələdə Dillər Universiteti bir nömrəli müraciət olunan yerdir. Son 5 ildə keçirilən beynəlxalq tədbirlərdə və humanitar forumlarda 10 minə yaxın tələbəmiz könüllü olaraq iştirak ediblər. Onlar tərcüməçi kimi fəaliyyət göstərməklə yanaşı bələdçi funksiyasını da yerinə yetiriblər”.  

Sərraf Hüseynov universitetdə həyata keçirilən “Bir günlük xəlifə”, “Səfir saatı” layihələri haqqında məlumat verib,  ADU tələbələrinin məcburi köçkün məktəblərində də təcrübə keçdiklərini diqqətə çatdırıb. O, bu yay Azərbaycanın bir çox bölgələrinə 50-yə yaxın tələbənin yay məktəbinə göndərildiyini də bildirib.

Sonda universitetlə daha yaxından tanış olmaq üçün infotur təşkil olunub.