XƏBƏRLƏR

“Şər-böhtan yazıları hətta biz məzunlarda belə ikrah hissi oyadır” – MÖVQE

22 iyul, 2019

ADU-nun sabiq dekanı Vüsalə Ağabəylinin universitet rəhbərliyi və kollektivinə qarşı səsləndirdiyi böhtanlara təkcə ali məktəbin daxilindən yox, kənardan da rəylər bildirilir. Məsələ ilə bağı Bərdədən əməkdar müəllim Şəhla Əsgərova öz münasibətini göndərib. Onun fikirlərini təqdim edirik:

“Mən Əsgərova Şəhla ADU-nun məzunu olmuşam və çox fəxr edirəm ki, bu universiteti bitirmişəm. Universitet haqqında çox yüksək fikirdəyəm. Bu gün ADU-nun məzunları ən yüksək pillələrdə çalışırlar. Çox əfsuslar olsun ki, son zamanlarda çox sevərək izlədiyim ADU-nun rəsmi səhifəsində bu universitetin imicinə zərər vuracaq yazı ilə qarşılaşdım. Vüsalə Ağabəylinin şər-böhtan xarakterli yazıları hətta biz məzunlarda belə ikrah hissi oyadır. Xüsusilə onun qərəzli mövqeyinin akademik, xalq yazıçısı, tələbələrin sevimlisi Kamal Abdullaya və hələ universitet illərindən insanlığına, savadına heyran olduğum professor Məsmə xanım Qazıyevaya yönəlik şər böhtan dolu yazılarına bir əməkdar müəllim olaraq sakit qala bilmədim. Bir müəllimə kimi deyə bilərəm ki, Kamal Abdulla bütün tələbələrin sevimlisidir,  xalqına xidmət edən bir vətəndaşdır, xalq yazıçısıdır.

Yadımdadır, II kursda bizə Məsmə xanım Qazıyeva dərs deyirdi. Çox savadlı, çox gözəl xarakterə malik olan bir insandır. Belə bir müəllimə haqqında pis fikir söyləməyə dəyərmi?! Bu müəllimə bizim qrupumuzun ən sevimli bir müəllimi idi, yaxın məsləhətçimiz idi. Niyə yazmırsınız ki, bu insanlar bizi xaricdə təmsil edən ən yaxşı nümunələrdir. Bu gün mən həyatda nə qazanmışamsa, bunun üçün  ADU-nun müəllimlərinə çox borcluyam. Xüsusilə tələbələrin, məzunların sevimlisi Məsmə Qazıyevaya. Mən ingilis dilini bu müəllimin simasında sevdim, ona bənzəmək istədim, öyrəndim. Çox hörmətli Məsmə xanım, məhz sizdən öyrəndikərimin sayəsində mən diaqnostik imtahanın qalibi, əməkdar müəllim oldum. Mən qoynunda təhsil aldığım ADU ilə, mənə dərs deyən müəllimlərimlə fəxr edirəm”.