XƏBƏRLƏR

ADU-da “Açıq qapı” günü keçirilib

29 iyul, 2019

İyulun 29-da Azərbaycan Dillər Universitetində (ADU)  ixtisas seçimi edəcək abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günü keçirilib.

Elm və innovasiya məsələləri üzrə prorektor Sevinc Zeynalova universitetin rəhbərliyi adından qonaqları salamlayıb. ADU-nun nüfuzundan söz açan natiq qeyd edib ki, hər bir abituriyent qarşısına qoyduğu məqsəd və vəzifəyə çatmaq üçün ixtisas seçimində diqqətli olmalıdır. Azərbaycan Dillər Universiteti abituriyentlərə geniş imkanlar açır. Hər kəs əyani şəkildə universitetin maddi-texniki bazası ilə tanış ola bilər. Yaradılan şərait müəllim və tələbələr üçün mühüm imkanlara yol açır.

 Təşkilati məsələlər üzrə rektorun müşaviri Seyfəl Həsənov artıq burada olan abituriyentlərin ixtisas seçimini etdiyindən yəqinliyini vurğulayıb: “Əgər abituriyent burda -  universitetdədirsə, demək, artıq fikrini qətiləşdirib. Sadəcə olaraq, əyani surətdə fikrinin doğruluğuna bir daha əmin olmaq istəyir”.

Müəllim Həmkarlar Komitəsinin sədri Misgər Məmmədov abituriyentlərə uğurlar arzulayıb, ADU-nu seçməkdə böyük uğura sahib olacaqlarını söyləyib. Onların gələcəkdə iş imkanlarının, karyera yüksəlişinin məhz ADU-dan keçməsinin zəruriliyini vurğulayıb.

Tələbələrlə iş və tərbiyə  şöbəsinin müdiri Sərraf Hüseynov hər bir abituriyentin ADU-nun tələbəsi olması arzusunda olduğunu bildirib. Universitetin imkanları, zəngin kitabxanası, tələbə-müəllim münasibətlərinin səmimiliyi bunu söyləməyə imkan verir. ADU-nu seçən hər bir abituriyent həm də öz potensialını, bilik və bacarıqlarını artırmış olacaq.

Sonra Tələbə Gənclər Təşkilatının üzvləri abituriyentləri və onların valideynlərini universitetlə daha yaxından tanış olmaq üçün infotura dəvət edib.