Sabiq dekanın qarayaxmaları və bizim uğurlarımız - Şəfəq Şahməmmədova yazır...

Azərbaycan Dillər Universitetində tədris prosesi hal-hazırda qüvvədə olan tədrisə dair mövcud hüquqi-normativ sənədlərin tələblərinə tam uyğun həyata keçirilir. Tələbələrimizin hazırkı uğurları tədrisin keyfiyyətinin və son illərdə aparılan islahatların nə qədər yerində olduğunu göstərir. Ümumiyyətlə, Azərbaycan Dillər Universiteti daim yeniliklərin tətbiq olunduğu, islahatların həyata keçirildiyi, heç nədən çəkinmədən riskə gedən, ənənələri, demokratik ab-havası olan universitet olub. Kredit sistemi,çoxballı qiymətləndirmə sistemi ilk dəfə burada tətbiq olunub. Tələbələrin fənni seçmək hüququ ilk dəfə Azərbaycan Dillər Universitetində təmin olunub. Tələbə-müəllim mobilliyinin təmin olunması, geniş xarici əlaqələr, ikili diplom layihələri və s. Bu siyahını uzatdıqca uzatmaq olar.
Cənab prezidentin sərəncamı ilə tanınmış alim, akademik Kamal Abdullayevin rektor təyin olunması Azərbaycan Dillər Universitetinə sanki yeni nəfəs gətirdi. Universitetin elmi-metodik potensialının gücləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Müasir dövrün tələbləri nəzərə alınaraq Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələrinin genişlənməsi, bu əlaqələrin yaratdığı imkanların tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəldilməsi prioritet məsələ kimi ortaya qoyuldu.
Universitetdə multikultural mühit, elmi-tədqiqat laboratoriyalarının açılması, müxtəlif dövlətləri təmsil edən mərkəzlərin tədris prosesinə cəlb olunması, digər dövlətlərdə Azərbaycanşünaslıq mərkəzlərinin açılması... Bunun nə qədər qürurverici hadisə olduğunu dərk etməmək mümkün deyil. Bildiyiniz kimi 2 ildir pedaqoji təcrübə qaçqın məktəblərində də həyata keçirilir. Bunun tələbələrin mənəvi-əxlaqi, vətənpərvərlik ruhunun inkişafında nə qədər rol oynadığının hamımız şahidi olduq.
Uzun illər yaddan çıxmış bir ənənəyə yeni həyat verildi. Universitet müəllimləri xarici ölkələrin profil ali məktəblərinə uzunmüddətli ixtisasartırma kurslarına göndərildi və bu proses davam edir. Müəllimlərin xaricdə ixtisasartırma kurslarında ödənişsiz iştirakı onlar üçün çox böyük fürsət oldu. Bildiyimiz kimi öz hesabına xaricdə kurs keçmək çox böyük maliyyə tələb edir. İlk dəfə olaraq xarici mütəxəssisləri universitetimizə ixtisasartırmaya cəlb etdik. Bu yaxınlarda fransızdilli xarici mütəxəssislər 39 nəfər fransız dili müəlliminə ADU-da ixtisasartırma kursu keçdi. Bundan başqa tələbə mobilliyi çərçivəsində amerikalı tələbələr universitetimizdə tədrisə cəlb olunublar.
Bəlkə sizə sadə gələr, amma ən əsası bu 2 il ərzində tələbələrimiz bədii ədəbiyyat oxumağı öyrəndi. Kamal müəllim “hər tələbə semestr ərzində ən azı 5 kitab oxumalıdır” deyəndə, tələbələrimiz bunu birmənalı qarşılamadı. Amma müasir dövrdə tələbələri virtual aləmdən az da olsa ayırıb kitab oxumağa vərdiş etdirməyin ən gözəl yolu bu oldu. Hətta tələbələrin aldığı kitabların pulu da onlara geri ödənildi. Hələ beynəlxalq və elm sahəsində aparılan islahatları, yenilikləri qeyd etsək, bu siyahı daha da uzanacaq. Bütün bunlar birbaşa və dolayı yolla bir məqsədə yönəlib – tədrisin keyfiyyətini daha da artırmağa.
Bilirsiniz ki, müasir dövrdə xarici dillərə tələbat xeyli artıb. Abituriyentlər universitetimizlə və burada tədris olunan dillərlə çox maraqlanırlar. Azərbaycan Dillər Universitetində hal-hazırda 20 dil tədris olunur. Avropa dilləri ilə yanaşı Koreya və Çin dili ilə də maraqlananların sayı da xeyli artıb. Universitetdə tələbələrin dilləri mənimsəməsi üçün hər şərait yaradılıb. Hətta nəzərdə tutulmuş proqram üzrə dili mənimsəməkdə çətinlik çəkən tələbələrə kafedralarda məşğələlər, məsləhət saatları təşkil olunur. Beləliklə, müəllimlərin öz dərsindən əlavə fəaliyyət göstərməsi zəruri olur. Beynəlxalq proqramlar çərçivəsində hər il neçə-neçə tələbə biliklərini artırmaq üçün müxtəlif universitetlərdə təhsil alır. Tədrisin keyfiyyəti ilə yanaşı həm də buradakı mühitə görə universitetimizi seçənlər də az deyil. Belə ki, universitetə daxil olarkən müxtəlif millətlərin nümayəndələri ilə rastlaşmaq adi haldır. Müxtəlif dil daşıyıcılarının tədrisə cəlb olunması, onların tələbələrlə ünsiyyəti dilin mənimsənilməsində mühüm əhəmiyyət kəsb edir. Hər zaman “universitetimizdə Avropa mühiti var” deyirdik. İndi isə “artıq Avropa sərhədlərini çoxdan aşmışıq” deyirik. İkincisi, universitetimizdə olan demokratik mühit. Belə ki, istər universitet əməkdaşları, istər tələbələr, istər valideynlər və s. istədikləri zaman universitet rəhbərliyi ilə görüşüb fikirlərini, təkliflərini söyləyə bilir. Bütün rəhbər işçilərin qapısı açıqdır. Həmçinin, ildə bir dəfə təşkil olunan “Xəlifə günü” layihəsində seçilən tələbələr universiteti bir gün idarə etməklə yanaşı il ərzində də təhsil ocağının idarə olunması prosesində yaxından iştirak edirlər. Bu da onların tələbə olarkən idarəçilik prinsiplərinə yiyələnməsinə səbəb olur. Universitetimiz respublika universitetləri arasında ən nüfuzlu universitetlərdən biridir. Müxtəlif ölkələrin rəsmiləri, o cümlədən Serbiya prezidenti Aleksandr Vuçiçin universitetimizə səfər etməsi, Serbiya mərkəzinin açılışında iştirak etməsi ADU-ya verilən qiymətin bariz nümunəsidir.
Ümid edirəm ki, universitetimizin artan nüfuzu, tədrisin keyfiyyətinin yüksək olması sayəsində qəbulumuz keçən il olduğu kimi yüksək olacaq.
Son zamanlar universitetimiz haqqında yazılan həqiqətdən çox uzaq yazıların universitetin nüfuzuna xələl gətirdiyini və ya gətirəcəyini düşünmürəm. “Dil” kimi güclü silahla silahlanmış ordunu sarsıtmaq asan deyil. Sabiq dekanın “IV kursu bitirən tələbə ingilis dilində danışa bilmir” ifadəsini işlətməsi bütün universitet kollektivini ittiham etmək deməkdir. Çünki tədris sistemi bir-iki ilə nə qurula, nə də dağıdıla bilər. Müəyyən dövrlərdə eniş-yoxuş yaşana bilər. Bu illərlə yüzlərlə müəllimin alın təri ilə sulanaraq yaranmış bir sistemdir. Deyilənlər o dərəcədə absurddur ki, onları şərh etmək cəhdi belə qeyri-ciddi görünür. Bu qədər yüksək elmi adlara sahib müəllim kollektivini ittiham etmək üçün əldə keçərli faktlar olmalıdır. Tədris şöbəsi olaraq nə keçmiş dekan Vüsalə Ağabəyli tərəfindən, nə də digər dekanlar tərəfindən hər hansı bir müəllimin səriştəsizliyi, auditoriyaya yararsızlığı haqda heç bir yazılı məlumat daxil olmayıb. Əgər belə hal mövcud idisə, həyəcan təbilini həmin vaxt çalmaq lazım idi.
Əgər tələbələrimiz dil bilmirlərsə, il ərzində neçə-neçə ingilis dilində əsəri necə səhnələşdirirlər, bir çox dövlət səviyyəli tədbirlərə müsahibədən keçərək necə cəlb olunurlar? Hətta istehsalat təcrübəsi keçən tələbələrimizdən həmin müəssisədən işlə təmin olunmaları haqda təklif alanlar da var. Əlbəttə, biliksiz tələbələr də olur, amma onlar heç məzun ola bilmirlər. Məzunlarımız səfirliklərdə, şirkətlərdə, nazirliklərdə işlə təmin olunurlar. Elə bu yaxınlarda universitetimizin 2 məzunu müəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticələr göstəriblər. Bu qarayaxmaların, ittihamların cavabını tələbələrimiz, məzunlarımız öz uğurları ilə verəcəklər.
Sonda qeyd edim ki, Azərbaycan Dillər Universitetinin kollektivi universitetin nüfuzunun bu cür söz-söhbətlərlə ləkələnəcəyini düşünmür, heç buna imkan da verməzlər.
Şəfəq Şahməmmədova,
ADU-nun Tədris şöbəsinin müdiri