XƏBƏRLƏR

“Sabiq dekan mənim açıq dərsimdə qeyri-obyektivliyə yol verib” – AÇIQ MƏKTUB

22 iyul, 2019

Kanal 13 AZ-a açıq məktub 

 

17 iyul 2019-cü il tarixində sizin kanalda Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin sabiq dekanı Vüsalə Ağabəyli ilə müsahibə təqdim olunub. Həmin müsahibəsində Vüsalə Ağabəyli Azərbaycan Dillər Universitetinin  bugünkü vəziyyəti, universitetin rəhbərliyi haqda indiyəcən söylədiyi böhtan, şər dolu fikirlərini yenidən təkrar edib. Müsahibəsində Vüsalə Ağabəyli həmişəki kimi bu dəfə də mənim adımı hallandırıb və mənim barəmdə həqiqətə uyğun gəlməyən fikirlər səsləndirib. Vüsalə Ağabəylinin mənimlə bağlı səsləndirdiyi uydurma  fikirlərdən biri bundan ibarətdir ki, guya mən universitetin rektoru Kamal Abdulla dəst-xəttinin qurbanıyam. Bu fikrə cavab olaraq qeyd edirəm ki, akademik, xalq yazıçısı Kamal Abdullaya hədsiz ehtiramım olsa da, mən Vüsalə Ağabəyli məsələsi ilə bağlı Kamal müəllimin fikirlərini yox, öz fikirlərimi bildirmişəm və bildirirəm. Bir daha qeyd edirəm ki, Vüsalə Ağabəyli sabiq dekan kimi mənim açıq dərsimdə qeyri-obyektivliyə yol verib. Cəmi 8-10 dəqiqə dinlədiyi dərsin müzakirəsinə bir müəllim kimi məni dəvət etmədən, komissiya üzvlərinin rəyini nəzərə almadan dərsin keyfiyyətinə aşağı qiymət yazıb və bu səbəbdən öz haqqımı müdafiə məqsədilə rektora müraciət etməli olmuşam.

  O ki, qaldı Vüsalə Ağabəylinin son iki ildə Azərbaycan Dillər Universitetində görülən işlərə kölgə salmaq cəhdinə, burada təəccüblü bir şey yoxdur. Çünki akademik Kamal Abdulla rektor təyin olunandan sonra universitetdə təhsilimizin inkişafı naminə atılan addımları gözdən salmaq indi Vüsalə Ağabəylinin bütün çıxışlarında nəzərdə tutulan əsas məsələ, başlıca hədəfdir. Kamal Abdullanın tədris və təhsillə bağlı dəst-xəttini dekan olduğu vaxt ağızdolusu tərifləyən Vüsalə Ağabəyli işdə ciddi nöqsanlara yol verdiyinə, o cümlədən rektorun açıq dərslərin keçirilməsi ilə bağlı əmrinə düzgün riayət etmədiyinə, müəllimlər arasında gərginlik yaratmaq cəhdində bulunduğuna, vəzifə səlahiyyətlərini aşdığına (məsələn, qayıb limitini keçən tələbələri imtahana buraxdığına)  görə vəzifədən azad olunandan sonra Kamal Abdullaya qarşı düşmən mövqeyində dayanıb, Kamal Abdullanın təhsil və tədrislə bağlı dəst-xəttini dəstəkləyən universitet əməkdaşlarının ünvanına nalayiq sözlər işlətməkdən, ittihamlar irəli sürməkdən çəkinməyib. (Məsələn, Universitetin Elmi Şura üzvlərinin yanında bildirib ki, burada müdafiə olunan dissertasiyaların 80 faizi rüşvətlə müdafiə olunub.) Dünənəcən Kamal Abdullanın obyektiv mövqe tutmasından danışan Vüsalə Ağabəyli dekan vəzifəsindən azad olunandan sonra Kamal Abdullanı subyektivlikdə, şəxsiqərəzlikdə ittiham etməyə başlayıb. Kamal müəllimin bu gün mənim onu müdafiə etməyimə heç bir ehtiyacı olmasa da, universitetimizdə hamının bildiyi bir faktı  bu məqamda xatırlatmaq istəyirəm:  akademik Kamal Abdulla universitetə rektor təyin edilməmişdən əvvəl Vüsalə Ağabəyli nəinki elmlər doktoru, hətta dosent adı daşımadığı halda, hansısa yollarla dekan vəzifəsinə irəli çəkilmişdi. Əgər Kamal Abdulla Vüsalə Ağabəyliyə münasibətdə universitetin marağını nəzərə almayıb şəxsiqərəzlik mövqeyi tutsaydı, Vüsalə Ağabəylinin doktoranturaya qəbuluna bilavasitə yardımçı olmazdı, Vüsalə Ağabəylinin dosent adı alması barədə Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırmaz və Vüsalə Ağabəyli həmin vəsatət əsasında dosent adı almazdı.

   Əlbəttə, sizin kanala verdiyi müsahibəsində Vüsalə Ağabəylinin səsləndirdiyi bütün fikirlərə münasibət bildirmək fikrində deyiləm. Sadəcə onu demək istəyirəm ki, Vüsalə Ağabəylinin söylədiyi fikirlərin nə qədər əsassız olduğuna inanmaq üçün Azərbaycan Dillər Universiteninə təşrif buyurmağa, bu təhsil ocağında çalışan və öz obyektivliyi ilə heç kimdə şübhə doğurmayan əməkdaşlarla canlı ünsiyyətdə olmağa ehtiyac var. Gəlin, Vüsalə Ağabəyli məsələsinin əsl mahiyyətinin nədən ibarət olduğunu universitetin özündə aydınlaşdırın.

         Hörmətlə, Nərgiz Qurbanlı

         Azərbaycan Dillər Universitetinin Virtual jurnalistika kafedrasının müdiri