XƏBƏRLƏR

Sədaqət Musayeva: “ADU-da tələbələrin yararlı vətəndaş kimi formalaşması üçün hər cür imkanlar yaradılıb”

15 iyul, 2019

Hər il olduğu kimi, yola saldığımız bu tədris ili də yaddaşlarımıza bir sıra xatirələrlə yazıldı. Dərs ili boyunca təbii olaraq üzləşdiyimiz bəzi çətinliklərlə yanaşı , xoş anlara, dərs naliyyətlərinə və universitet gündəmində baş verən bir sıra sevindirici hadisələrə şahid olduq, yaddaşlarımızdan silinməyəcək sevimli tələbələrimiz sırasına yeniləri əlavə olundu.

Dərs dediyi tələbələrin savadlı və çalışqan olması hər müəllim üçün sevindirici haldır. Lakin hər insanın zəkası, onun intellekt əmsalı müxtəlif olduğu kimi, dərs dediyimiz tələbələrin qavramı və özünü ifadə etməsi də müxtəlifdir. Müəllimlik sənətinin müqəddəsliyi isə dərs dediyi hər tələbəyə fərdi yanaşaraq, onun ehtiyacı olan səbr və qayğını göstərməkdən ibarətdir. Sağlam gənclik şüurunun formalaşması və hər bir gəncin müstəqilliyinin ilk mərhələsi məhz tələbəlik illərindən başlayır. Bu isə öz növbəsində biz universitet müəllimlərinin üzərinə düşən məsuliyyəti artırır.  Ali tədris müəssisəsində çalışan hər müəllim dərs dediyi tələbələrin şəxsində hər şeydən öncə cəmiyyətin bir fərdini, bir vətəndaşını görməli, öz savad  və davranışları ilə onlara nümunə olmalıdır. Mən burada ulu öndərimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərini xatırlatmaq istəyirəm. Çalışdığı kollektivin qazandığı nailiyyətləri ilə sevinən hər şərəfli müəllim kimi, mən  böyük qürur hissi ilə qeyd etmək istəyirəm və bu bir sirr deyildir  ki, bu gün müəllimi olduğum universitetdə tələbələrə özlərini düzgün ifadə etmək və onların cəmiyyətə yararlı müstəqil vətəndaşlar kimi formalaşması üçün hər cür imkanlar yaradılmışdır.

Hər bir gəncin gələcəklə bağlı arzuları var. Bu arzuları reallaşdırmağa doğru gedən yolun bir başlanğıcı olan tələbəlik illəri, müasir dövrümüzün yeniliklərinə,  müstəqil həyata sağlam təməllərlə başlamaq üçün gərəkli olan bilik və bacarığa yiyələnmək üçün bir fürsətdir.

Tələbə olmaq hər bir gəncin istəyidir və tələbəlik illərinin bəstəkar Telman Hacıyevin mahnıda yazdığı kimi ömrün ən mənalı, unudulmaz illər olduğu da  danılmaz həqiqətdir.

Lakin bu da bir reallıqdır ki, tələbə adını qazanan hər bir gənc tələbəlik illərini səmərəli keçirməyi və yaxşı tələbə olmağı bacarmır. Bu kimi hallar biz müəllimlərin vəzifə borcuna əlavə öhdəliklər gətirir. Tələbələrdə tədris olunan fənnə maraq yaratmaq və yalnız dərs zamanı deyil, universitet daxilində geri qalan tələbələrlə auditoriyadan kənar məşğul olmaq üçün müəyyənləşdirilmiş saatlarda onların çalışması üçün səy göstərmək borcumuzdur.

Belə düşünürəm ki, biz müəllimlərlə yanaşı, tələbələr də bu məsələdə biganə qalmamalı, öz tələbə yoldaşlarına köməyini əsirgəməməlidirlər. Şahidi olduğum və bu məqaləni yazmağıma səbəb olan əsl fikrimə gəlirəm.

Nazpəri Təhsil fakültəsinin III kursunda-307B qrupunda oxuyur. Cəbrayıl rayonunun məcburi köçkün ailəsindən olan Nazpəri oxuduğu qrupdakı çoxsaylı çalışqan tələbələrdən biri və əlaçıdır. Hüseynova Firəngiz isə eyni qrupda oxuyan və elə öz sözləri ilə söyləsəm, nə qədər çalışsa da oxuduqlarını ifadə etməkdə çətinlikləri olan bir tələbədir. Bir neçə dəfə tənəffüs zamanı mən Nazpərinin Firəngizə dərsə hazırlaşmaqda böyük səylə köməklik etdiyinə şahid oldum. Mən onların bu hərəkətini çox alqışladım və məsələni diqqət mərkəzində saxladım. Hər halda olduğu kimi, Nazpərinin zəhməti heç də hədər getməmişdi. Firəngiz dərsə çox yaxşı cavab verməyə başladı.  Sonralar digər qrup yoldaşları da Firəngizə kömək etməyə başladılar və nəticədə, o, fənn imtahanından da yaxşı qiymət almağı bacardı.

Yeri gəlmişkən mən yola saldığımız tədris ilində dərs dediyim daha bir neçə nümunəvi tələbəmdən bəhs etmək istəyirəm. Leyla Mirzəyeva Təhsil fakültəsinin 302B, Aytac Məhərrəmova isə 305B qrup tələbəsidir. Hər biri savadlı, çalışqan olmaqla yanaşı, ictimai işlərdə də çox fəaldırlar. Aytac öz müəllim və qrup yoldaşlarına hörmət və qayğıkeş münasibəti ilə də nümunəvidir. Tək kəlimə ilə mən Aytacın şəxsiyyətində bir azərbaycanlı gənc qızın layiq olduğu bütün müsbət keyfiyyətlərin cəmləşdiyinin şahidi oldum. Belə tələbələrimizə və onların valideynlərinə mən öz adımdan , eləcə də müəllimi olduğum bütün kafedra heyəti adından təşəkkür etməyi özümə böyük borc bilirəm.

Üzülərək qeyd etmək istəyirəm ki, çox az sayda olsa da tələbəlik illərini sadəcə diplom almaq istəyi ilə və yaxud, bir növ əyləncə kimi keçirən tələbələrlə də rastlaşırıq.

Onlara söyləmək istədiyim odur ki, hər yaş öz sözünü deyir və düşüncə  tərzi sürətlə dəyişir. İllər sonra dönüb geriyə baxdıqda boşa keçən illərin peşmanlığını yaşamamaq üçün tələbəlik illərini səmərəli keçirmək zəruridir. Axı təhsilli olmadan sürətlə dəyişən müasir texnologiya dövrünün yeniliklərinə ayaq uydurmaq  mümkün deyil.

Məqaləmin sonunda mən, tədris ilini uğurla başa vuran bütün tələbələrimizi təbrik etmək və onlara gələcək həyat yollarında bol uğur arzulamaq istəyirəm!

 

Sədaqət Musayeva,

ADU-nun Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş  müəllimi