XƏBƏRLƏR

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi böyük tarixi dönüşün möhtəşəm başlanğıcı kimi tarixə yazıldı

14 iyul, 2019
Yaxın yarıməsrlik tariximizə nəzər saldıqda baş verən ictimai-siyasi proseslərdən ancaq Heydər Əliyevin siyasi iradəsinin gücü ilə çıxmağın mümkün olduğu aydın görünür. Əlli ildir ki, xalqımız bu siyasi gedişin izi ilə böyük inkişaf yolu keçib. Ötən əsrin 60-cı illərinin sonunda Azərbaycanda ciddi dəyişikliyə zəruri ehtiyac yaranmışdı. Bu dəyişiklik məhz 50 il əvvəl başlandı. Heydər Əliyevin 1969-cu il iyulun 14-də hakimiyyətə gəlməsi böyük tarixi dönüşün möhtəşəm başlanğıcı kimi tarixə yazıldı. Yaşlı nəslin dediklərindən və yaxın tariximizdən bilirik ki, 60-cı illərə qədər Azərbaycan keçmiş Sovet İttifaqının geridə qalmış respublikalarından biri olub. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra iqtisadiyyat inkişaf etməyə başlayıb, çoxlu sayda sənaye müəssisələri yaradılıb, ölkənin sənaye potensialı yüksəlib, kənd təsərrüfatında böyük dönüş başlayıb. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Bənövşə Məmmədova bildirib. O deyib ki, 1969-1982-ci illərdə Azərbaycan, sözün həqiqi mənasında, nəhəng tikinti meydanını xatırladırdı. Həmin illərdə şəhər və rayonlarda böyük sənaye-istehsal kompleksləri, fabrik və zavodlar, səhiyyə və mədəniyyət müəssisələri, məktəblər, inzibati binalar, saysız-hesabsız yaşayış evləri, yollar, parklar, mehmanxanalar, iri şərab və konserv zavodları, çay, tütün fabrikləri tikildi. Beləliklə, 1972-ci ildə Azərbaycan inkişaf sürətinə görə SSRİ-də ən qabaqcıl respublikaya çevrildi. Bu inkişaf elm-təhsil sahəsində də özünü göstərdi. Təsadüfi deyil ki, ölkənin qabaqcıl ali məktəblərinin bir çoxunun bünövrəsi məhz həmin illərdə qoyulub. Alim qeyd edib ki, 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən 3 dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdırılmışdı. Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı isə 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minədək artmışdı.1970-80-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verilmişdi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi. Bu sahədə həyata keçirilən tədbirlər məktəblərdə növbəlilik üzrə göstəricilərin yaxşılaşdırılmasına güclü təkan vermiş, şagirdlərin ikinci növbədə oxuma göstəricisi 1970-ci ildəki 40,2 faizdən 1980-ci ildə 28,1 faizə enmişdi. Eyni zamanda, Azərbaycan gənclərinin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarına imkan yaradıldı. Bu gün ölkəmizdə ayrı-ayrı sahələrdə davamlı inkişafa töhfə verən şəxslərin böyük əksəriyyəti həmin kateqoriyadan olan insanlardır. Heç kəsə sirr deyil ki, ölkəmizin müstəqilliyi və bugünkü möhkəm təməli ümummilli lider Heydər Əliyev tərəfindən həmin illərdə yaradılan potensiala əsaslanır. Məhz buna görə Ulu Öndərin siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixi kimi səciyyələndirilir. Azərbaycanın müasir tarixinin 50 illik dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu, elə bir siyasi strategiyadır ki, bunun əsasında Azərbaycan uzun illər öz yüksəlişini təmin edəcək, daha da qüdrətlənəcək, möhkəmlənəcək. Buna tariximizin dönüş nöqtəsinin 50 yaşı da deyə bilərik. https://azertag.az/xeber/Heyder_Aliyevin_Azerbaycanda_hakimiyyete_gelmesi_boyuk_tarixi_donusun_mohtesem_baslangici_kimi_tarixe_yazildi-1305833?fbclid=IwAR2-C6vA2grr7SS8xCC4rudtKHCz5dgNYrBSsx-wQRZwwHvbFNML-AVvaS8#.XSnTGMg-slQ.facebook